ABŞ-ın Azərbaycana səfir təyinatı niyə ləngiyir?

“Elə şəxsin namizədliyi irəli sürülməlidir ki, Konqresdə müqavimətlə qarşılanmasın”




Artıq 5 aydır ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Vaşinqton hələ də Azərbaycana səfir təyin etməyib. Məsələnin hətta müzakirəsinin belə getdiyi haqda heç bir rəsmi açıqlama verilmir. Hələ də Azərbaycana səfir göndərilməməsi suallar yaradır. Qeyd edək ki, bu, ilk belə hal deyil. Ötən illərdə də Amerika səfirlərindən biri səlahiyyətini başa vurduqda təxminən bir il müddətində səfir göndərilməyib.

Qeyd edək ki, Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra Bakıdakı vəzifəsini mart ayının sonunda bitirdi. R.Sekutanın vəzifədən getməsindən sonra Amerika Azərbaycana səfir təyin etməyib.
Politoloq Nəzakət Məmmədova məsələ ilə bağlı "Şərq”ə açıqlamasında deyib ki, 1961-ci il Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına əsasən səfir təyinatı məsələsi onu göndərən ölkənin səlahiyyətinə daxil olan məsələdir. Bununla belə politoloq hesab edir ki, uzun zaman müddətində səfir təyinatının gecikməsi iki ölkə arasında diplomatik münasibətlərdə soyuqluğa səbəb ola bilər. Yaxud da bu artıq formalaşmış problemlər məcmusunun təzahürü kimi dəyərləndirilə bilər: "Ancaq ABŞ-Azərbaycan münasibətləri uğurla davam edir və bu iki ölkə arasında bir çox sahələrdə yaxın əməkdaşlıq müşahidə olunur. ABŞ Azərbaycanın həyata keçirdiyi bir sıra layihələrə dəstək nümayiş etdirir. Doğrudur, əvvəlki illərdə rəsmi Vaşinqtonun konstruktiv mövqeyinə aidiyyəti olmayan, sırf erməni lobbisinin Konqresə təsiri nəticəsində səfir təyinatı məsələsində problemlər yaranmışdı. Lakin Ağ Evin israrı sayəsində məsələ həllini tapmışdı. Səfir təyinatı məsələsi xarici siyasətə aid olsa da, bəzi hallarda daxili qüvvələrin manipulyasiya alətinə çevrilə bilər. Məsələn, ABŞ-ın Almaniyaya və Avropa Birliyinə səfir göndərməsi məsələsi bir xeyli müddət uzandı və bu, ABŞ-la onlar arasında mövcud olan fikir ayrılıqlarının təzahürü kimi meydana gəlmişdi. Hazırda ABŞ və Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədə inkişaf edir”.

N.Məmmədova deyib ki, Prezident Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın Azərbaycana diqqətinin artmasını müşahidə edirik

"Prezident Donald Tramp prezident İlham Əliyevə bir neçə önəmli mesajlar ehtiva edən məktublar göndərib, habelə prezidentlər arasında bir neçə dəfə səmimi görüşlər baş tutub. Bütün bunlar onu göstərir ki, ABŞ-ın Azərbaycana münasibəti getdikcə daha da yaxşılaşır.
Azərbaycan ABŞ üçün strateji ölkələrdən olduğu üçün buraya səfir təyinatı diqqətlə nəzərdən keçirilməli və elə şəxsin namizədliyi irəli sürülməlidir ki, Konqresdə müqavimətlə qarşılanmasın. Necə ki, Brayza ilə bağlı belə bir hal baş vermişdi. Prezident səfir olacaq şəxsin namizədliyini irəli sürərkən bu kriteriyaları nəzərə almaq məcburiyyətindədir. Digər tərəfdən yay aylarının bütün dünyada məzuniyyət fəsli olduğunu nəzərə alaraq, bu amilin də təsirsiz ötüşmədiyini qeyd etməliyik”.

Şəymən