ABŞ-Türkiyə gərginliyi uzun çəkməyəcək

İki dövlət arasında münasibətlərin kəskin dərəcədə korlanacağını iddia etmək mümkün deyil


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən həftə Vaşinqtona səfəri zamanı ABŞ təhlükəsizlik xidmətinin qeyri-peşəkar fəaliyyəti ilə əlaqədar amerikalı səfir Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Ona həm yazılı, həm də şifahi qaydada etiraz bildirilib.

Türkiyənin xarici siyasət idarəsi ABŞ hökumətindən diplomatik insidentin tam təhqiq olunmasını və lazımi izahatın verilməsini rəsmi şəkildə tələb edib. Xatırladaq ki, mayın 16-da Türkiyə səfirinin Vaşinqtonun mərkəzində yerləşən iqamətgahı yaxınlığında PKK terror təşkilatının tərəfdarları ilə Ərdoğanın təhlükəsizlik xidmətinin əməkdaşları arasında qarşıdurma baş verib. Hadisə nəticəsində 9 nəfərin yaralanıb. Xarici KİV-lərin məlumatına əsasən, ABŞ Konqresinin nümayəndələr palatasının xarici məsələlər komitəsinin sədri Ed Roys insidentlə əlaqədar Türkiyə liderinin təhlükəsizlik xidmətinin əməkdaşlarını məsuliyyətə cəlb etməyə çağırıb. 

Vəziyyətlə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, onsuz da ABŞ və Türkiyə arasında gərgin münasibətlər hökm sürür. Onun sözlərinə görə, Amerikanın PYD-ni silahlandırması, terrorçulara silah-sursat yardımı etməsi, qarşı tərəfdə qəzəblə qarşılanır: 

"Türkiyə özünə yeni müttəfiqlər axtarmaq məcburiyyətindədir. Çünki Amerika Türkiyənin geosiyasi maraqlarına zərbələr vurmaqda davam edir. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə NATO üzvü kimi ABŞ-ın bölgədə ən yaxın müttəfiqi sayılır. Ona görə də, iki dövlət arasında münasibətlərin kəskin dərəcədə korlanacağını iddia etmək mümkün deyil. Sadəcə olaraq bəzi diplomatik gedişlər ediləcək. Tərəflər əzələ nümayişinə davam edəcəklər. Lakin problemi dərinləşdirmək iki dövlətə sərf etmir. Vaşinqton və Ankara reallığın fərqindədir. Məncə, gərginlik sərt bəyanatlardan o tərəfə keçməyəcək. Onsuz da rəsmi Ankara uzun zamandır ABŞ-ın Yaxın Şərq siyasətini tənqid edir”.

İsmayıl