"...Adi bir ehtiyatsız addım Saakaşvilinin xeyrinə olmayacaq ! "

İlqar Vəlizadə: "Çünki Saakaşvilinin vətəndaşlığının ləğvi ilə bağlı qərar qəbul edilib"


"Saakaşvilinin Ukraynaya gəlməsi bu ölkə hakimiyyəti üçün arzuolunmaz idi”.

Bunu "Sherg.az”a Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynaya daxil olmasına münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, Saakaşvilinin ölkəyə qayıtmaması üçün Ukrayna rəhbərliyi qanuni baza yaratsa da, bundan sonra qəti addımlar ata bilər:

"Çünki Saakaşvilinin vətəndaşlığının ləğvi ilə bağlı qərar qəbul edilib. Qanuna görə onu saxlamalıdırlar. Hakimiyyət isə bu addımı atmaqda acizdir. Ukrayna rəhbərliyi o qədər zəifdir ki, öz qərarlarını belə qəbul edə bilmir. Nəticədə hakimiyyətə qarşı etirazlar baş qaldırır. Müxalifət bu vəziyyətdən çox yaxşı istifadə edir və sərt tənqidlərə əl atır. 

Pyotr Poroşenko çox aciz vəziyyətdə qalıb. Buna baxmayaraq, adi bir ehtiyatsız addım Saakaşvilinin xeyrinə olmayacaq. Belə vəziyyətdə hakimiyyətin nüfuzu daha da aşağı düşəcək. Saakaşvili həbs olunsa belə, yenə qəhrəmandır, cəsarət göstərib, Ukraynaya daxil olub.

Ukraynada davam edən siyasi böhran yenə dərinləşəcək. Ola bilər, hakim komandada fikir ayrılıqları baş versin, Poroşenko problemlərlə üzləşsin. Hətta Poroşenkonun tərəfdarlarının bir qismi ondan üz döndərə bilər. Bütün hallarda Ukraynanı çətin dönəm gözləyir.

Üzümüzə gələn aylarda Şərqi Avropa əməkdaşlıq sammiti keçiriləcək və əsas mövzulardan biri Ukrayna olacaq. Poroşenko isə yenə də çətin vəziyyətdə qalacaq və xaricdə onun imicinə zərbə dəyəcək. Daxili siyasi proseslərin dərinləşməsi isə iqtisadi proseslərə təsir edəcək”.

Qeyd edək ki, Ukrayna hakimiyyətinin vətəndaşlığını ləğv etdiyi M. Saakaşvili şənbə günü bəyan edib ki, bu gün "Krakoveç” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Polşadan Ukraynaya gələcək.

Hazırda sərhəd-keçid məntəqəsində Ukraynadan Polşaya və əks istiqamətə avtomobillərin hərəkətinə icazə verilmir.

Aysel Aslan