Akademik KİV-i qınadı: "Onların vasitəsilə dilimizə müdaxilələr olur"



"Bu günkü vəziyyətlə bağlı ana dilinin problemləri var”.

Bunu Sherg.az-a AMEA-nın prezidenti Akif Əlizadənin "Bu gün televiziya və mətbuat tam Azərbaycan dilinin səlisliyinə, qorunmasına cavab vermir" açıqlamasını şərh edərkən millət vəkili, akademik Nizami Cəfərov deyib. 

O bildirib ki, sovet dövründə uzun müddət dilimiz təcrid olunmuş halda olub:

"Dünya dilləri ilə əlaqələr yalnız Rusiya vasitəsi ilə keçib. Bu zaman dilimiz həm müəyyən qədər müdafiə olunub, həm də rus dili vasitəsilə zənginləşib, ya da korlanıb. Təsadüfi deyil ki, bu gün bizim danışıq dilimizdə ifadə olunan sözlərin çoxu rus dilindən gəlmədir. Müstəqillik illərindən etibarən dilimiz dünyaya çıxdı. Bununla əlaqədar artıq müxtəlif dillərin təsiri üçün şərait yarandı. Azərbaycan dili bu cür çoxşaxəli müdaxilələrə hələ adət etməmişdi. Ona görə də müxtəlif istiqamətlərdən dilimizə təsirlər oldu. Təsirlərin bir hissəsi ilk növbədə Kütləvi İnformasiya Vasitələrinin (KİV) üzərinə düşür. Çünki yazıçı nə öz dilinə, nə bədii dilə, nə də elmin dilinə müdaxilə etməz. Çünki orada peşəkarlar iştirak edirlər. Amma KİV-lər vasitəsilə Azərbaycan dilinə müdaxilə var. Düzdür, dövlətin qanunlarına, peşəkarlara istinad edərək dilimiz kifayət qədər müdafiə olunur. Amma təhlükələr də çoxdur. Yəni bu məsələlər müzakirə olunmalıdır. İlk növbədə KİV-lərdə çalışanların peşəkarlığı yüksəlməlidir. Ana dilini yaxşı bilməli, imkanlarından yüksək səviyyədə istifadə etməlidirlər. Dərhal təsir altına düşməməlidirlər”.

Digər tərəfdən mətbuat nümayəndələrinin ədəbiyyat oxumalı olduğunu diqqətə çatdıran deputat deyib ki, gənclər bədii ədəbiyyat oxumur:

"Oxunmadığına görə də onlar dilindən, ədəbi dilin ifadəsi imkanlarından ayrı düşür. Eyni zamanda Azərbaycan dilində elmi əsərlər də az oxunur. Nəticədə elmi üslubdan ayrı düşürlər. Buna görə, xalqın dili, klassikləri oxunmalıdır. Azərbaycan dilində kütləvi nəşrlər olunub. Onlardan bəhrələnib, yad təsadüflərin təsiri altına düşməmək lazımdır”.

Qeyd edək ki, A. Əlizadənin sözlərinə görə Azərbaycan alimləri geridə qalmış təbəqə kimi nə Avropa qrandları, nə xüsusi qrandlarda, nə də başqa qrandlarda iştirak edir.

Aysel Aslan