“Almaniya münaqişənin həllində əsas söz sahibi olmasa da, təsir edə biləcək imkanlara malikdir”

"Almaniyanın simasında müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunan Avropa dövlətlərinin, nüfuzlu, söz sahibi olan ölkələrin rəhbərlərinin Azərbaycana səfəri yüksək dəyərləndirilir”.
Bunu "Sherg.az”a Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən millət vəkili Adil Əliyev söyləyib. Deputat diqqətə çatdırıb ki, Almaniya rəhbərinin münaqişə bölgəsinə səfəri, problemlə yaxından maraqlanması təqdirəlayiqdir:
"Angela Merkel Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha geniş məlumatlar malik olduğunu bildirdi. Ümumiyyətlə, istənilən dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz baxış prizması var. Almaniya kimi nüfuzlu dövlət münaqişənin həllində əsas söz sahibi olmasa da, təsir edə biləcək imkanlara malikdir. Xüsusilə, bu dövlətin rəsmilərinin münaqişə zonasına, tərəf olaraq çıxış edən dövlətlərə gediş gəlişi müsbət addımdır. Hesab edirəm ki, yaxın zamanlarda baş tutacaq danışıqlarda əlverişli nəticələr əldə edə bilərik”.
Qeyd edək ki, Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Bakı səfəri avqustun 25-də baş tutub. Səfər sonrası Almaniyanın nüfuzlu kütləvi informasiya vasitələri bu ziyarəti geniş işıqlandırıb. "ARD” telekanalının rəsmi internet səhifəsi Azərbaycanın enerji sahəsində Almaniya üçün mühüm tərəfdaş ölkə olduğunu yazıb.
Aysel Aslan