“...Amandır, qoyma gəldi”

Sabirabadda 16 yaşlı qız 29 yaşlı oğlana məcburən nişanlanıb
“Nikaha daxilolmaya məcbur etməyə görə konkret cinayət məsuliyyəti var”


Evdən qaçan qız-gəlinlərdən hələ nə qədər yazacağıq, görəsən?! Körpə uşağını atıb gedən, evdən küsən, əri ilə dalaşan, qayınanasına nifrət edən, yaşamaqdan bezən, sevmədiyi insanla evləndirilən... o qədərdir ki!.. İndi də 16 yaşlı məktəbli qız evdən qaçıb. Səbəb - 29 yaşlı gənclə evləndirilmək istənməsidir. Sevimli kinomuz "O olmasın, bu olsun”dakı səhnə necə də bu günümüzlə səsləşir; "Student” Sərvər Cəlil Məmmədqulazadəyə sevdiyinin başqa birisi ilə evləndirilmək istədiyini xəbər verir. Mirzə Cəlil də Mirzə Ələkbər Sabirə "görürsənmi Mirzə, cavan bir qızı qoca bir baqqala ərə verirlər. Nə qədər yazırıq, deyirik, millət düzəlmir ki, düzəlmir. Mirzə, bu lap sənin, "Xandostu amandı, qoyma gəldi” şeirinə bənzəyir. Oxu onu, bu cavanlar eşitsin”. Və Dahi Sabir başlayır şeirini səsləndirməyə; Xandostu amandı, qoyma gəldi. Kirdarı yamandı, qoyma gəldi...” Dövrün digər bir məşhuru Əzim Əzimzadə isə şeirin motivlərinə karikatura çəkir... O karikaturanı bu gün də gərək hər küçəyə, hər divara yapışdıraq, hər evə paylayaq ki, bəlkə cahil valideynlər ayıla.
21-ci əsrin Azərbaycanında təəssüf ki, hələ də belə qaranlıq mənzərələr yaşanır. Məsələ belədir; Sabirabadda 16 yaşlı nişanlı qız evdən qaçıb. Neçə gündür, sosial şəbəkələr bu xəbəri tirajlayır. Yazırlar ki, rayonun Qalağayın kənd sakini 16 yaşlı Əfruzə Zeynalova əmisigilə getmək adı ilə evdən qaçıb. Onun evi tərk etməsinə səbəb isə 29 yaşlı oğlana nişanlanması olub.

Rayonun Qalağayın kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Əfruzə Zeynalova 10-cu sinif şagirdidir:

"Əfruzə bir neçə gündür ki, ata evini tərk edib. Kənddə gəzən söz-söhbətə görə, o, hazırda Bakıdadır. Yaxınları Əfruzəni Bakıda bulvarda gəzərkən görüblər. Hətta iki gün öncə anasına zəng edib, telefonla danışıb. Vəziyyətinin yaxşı olduğunu deyib. O, nişanlıdır, amma nişanlısını istəmir. Oğlanın 29 yaşı var. Evdən qaçmasına da səbəb bu olub. Əfruzə rəfiqəsinə həmin oğlana ərə getmək istəmədiyini deyib. Sakit bir ailənin uşağıdır. Anasının vəziyyəti pisdir, qızının evə qayıtması üçün hüquq-mühafizə orqanlarından kömək istəyir”.

Əvvəlki xəbərlərdə bu da vardı ki, uşağa oğlanın 25 yaşı olduğu deyilib. Uşaq bununla razılaşan kimiymiş. Qəfil məlum olub ki, oğlanın 25 yox, 29 yaşı var. Bu həqiqət də oğlanın ad gününə hazırlanmış tortun üzərində 29 rəqəmi olduğundan üzə çıxıb. 16 yaşlı qızcığaz da "daş atıb başını tutub” ki, mən ona ərə getmirəm. Və bir növ, Mirzə Ələkbər Sabirin şeirində olduğu kimi, "xandostu amandı, qoyma gəldi...” deyib evdən qaçıb.

Məsələ bəllidir. Bəs belə olan halda 16 yaşlı, məktəbi hələ bitirməmiş, 10-cu sinif şagirdini ərə vermək fikrinə düşən valideynin hansı məsuliyyəti var?

Sabiq millət vəkili Həvva Məmmədova "Şərq”ə açıqlamasında erkən nikahların bütünlüklə valideyn məsuliyyətsizliyindən qaynaqlandığını bildirdi:

- Evlilik həyatında yaranan problemlər, ailə münaqişələrinin təməlində erkən nikahlar, qızların təhsil almaması və valideyn məsuliyyətsizliyi dayanır. Həyat təcrübəsi göstərir ki, təhsilli, savadlı xanımlar ayaqüstə durmağı bacarır, ailənin sosial yükünü paylaşır və həyat yoldaşına arxa, dayaq ola bilir. Həmçinin də, hərbi xidmətini başa vurmuş, zəhmətə alışmış, ailə məsuliyyətinin nə demək olduğunu dərk edən gənc oğlanlarımız da çox gözəl ailə başçısı olur. Biz hamımız erkən nikah bağlanan ailələri də, münaqişəli ailələri də tanıyırıq. Şəxsən özüm bir neçə valideynlə həmsöhbət olmuşam. Soruşmuşam ki, oğlunuz nə işlə məşğuldur, savadı, peşəsi, işi varmı? Valideyn cavab verib ki, nə işdə işləsin, harda işləsin, iş yoxdu. Demişəm, getsin, daş daşısın, fəhləlik etsin. Qoy bilsin ki, sabah ailəsinə çörək qazanmalıdır. Gəncləri zəhmətə alışdırmaq lazımdır. Amma nə görürük? Ata-ana heç bir işi, peşəsi olmayan, hətta hərbi xidmət keçməmiş oğlunu evləndirir. Axı bu ailənin möhkəmliyinə necə əmin olmaq mümkündür? Mən bu cür valideynləri qınayıram. Hesab edirəm ki, qanunvericiliyə dəyişiklik edilməli və övladını erkən nikaha məcbur etməyə görə, konkret cəzalar, məsuliyyət nəzərdə tutulmalıdır. Bəzisi, fikir yayındırır ki, erkən yaşda nişanlayırıq, nikah yaşı çatdıqda evlənəcəklər. Bunlar hamısı bəhanə, əsassız sözlərdir. Hamımız da bilirik ki, erkən nikahlar bağlanır, nikah yaşı tamam olmuş gənclər evləndirilir. Əsas problem həm də budur ki, belə hadisələr haqqında məlumatlı olanlar da duruma müdaxilə etmir. Deyirlər, qohum-qonşudan, el-obadan ayıbdı. "Xəbərçilik” etməyək. Daha anlamırlar ki, kövrək təməl üzərində qurulmuş ailənin sabah dağılmaq ehtimalı daha böyükdür.
H.Məmmədova qeyd etdi ki, erkən nikah bağlamış ailələr sonradan daha böyük problemlərlə qarşılaşır:
- Birincisi, tərəflərdən biri və ya ikisinin də nikah yaşı tamam olmadığından rəsmi kəbin bağlamaq mümkün olmur. Bəzən belə ailələrdə erkən boşanmalar baş verdikdə tərəflər arasındakı problemin hüquqi həlli mümkünsüzləşir. Nə qədər belə qızlarımız, gəlinlərimiz var ki, körpə uşağı ilə evdən atılıb, heç bir hüququnu qoruya bilməyib. Rəsmi qaydada nikah yaşı 18 təyin edilibsə, valideynlər bu qanuna əməl etməlidir. Əks halda, ilk növbədə valideynlər məsuliyyətə cəlb olunmalıdır. Görün, valideyn məsuliyyətə cəlb olunmayacağından nə qədər arxayındır ki, 16 yaşlı qızını nişanlamaq istədiyini diliylə etiraf edir.
Sabiq millət vəkili analoji situasiyalarda məktəb və ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşdüyünü dedi:
- Bəs məktəb hara baxır? Məktəbin direktoru, sinif müəllimləri məgər bu işdən bixəbərdir? Burada uşaq hüquqlarının pozulması, uşağa qarşı istismar halı var. Bu cür qanunsuzluqlara qarşı məktəblə ictimaiyyət birgə iş aparmalıdır. Validenylərlə söhbətlər aparılmalı, qanunun tələbləri onlara başa salınmalıdır. Nümunəvi ailələr örnək göstərilməlidir. Bu gün bizim nə qədər savadlı, təhsilli xanımlarımız var, xarici ölkələrdə çalışırlar, ölkəmizi təmsil edirlər. Niyə onlardan nümunə götürülmür? Biz sabahımızı düşünürüksə, anaların savadlı olmasını təmin etməliyik ki, onlar da öz övladlarını düzgün tərbiyə etməyi bacarsınlar. Ölkəyə, xalqa sağlam nəsil bəxş etsilər.

"Valideyn məsuliyyətə cəlb edilməlidir”

"Təmiz Dünya” İctimai Birliyinin hüquqşünası Ağamirzə Bağırov "Şərq”ə açıqlamasında bildirdi ki, nikaha daxilolmaya məcbur etməyə görə konkret cinayət məsuliyyəti nəzərdə tutulur:

- AR CM-nin 176.1 maddəsində nikaha məcbur etməyə görə 2000 manatdan 3000 manatadək və ya 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası, 176.2 maddəsinə görə isə ağırlaşdırıcı hallar olduqda, 3000 manatdan 4000 manatadək cərimə və ya 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Yəni, nikaha məcburetmə birbaşa cinayətdir. 16 yaşlı şəxs qanunvericiliklə məhdud fəaliyyət qabiliyyətli hesab olunur və şəxs nikaha məcbur edilməsi iddiası ilə məhkəməyə müraciət edə bilər. Bundan başqa məlumdur ki, hər bir rayon icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbələr fəaliyyət göstərir. Onlar da valideynlərin məsuliyyətə cəlb olunması təşəbbüsü ilə çıxış edə bilər, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.

Məlahət Rzayeva