"Amerikada daxili “dedovşina" güclənib" - Tramp dövrü

Tofiq Abbasov: "Amerikanın daxilində mafioz qruplaşmalar idarəedici strukturları ələ keçiriblər "



"Siyasi elita nümayəndələri ABŞ-ın yeni prezidenti Donald Trampın praqmatik, təmkinli, uzaqgörən siyasət həyata keçirməsinə böyük ümidlər bəsləyirlər”

Bu barədə Sherg.az-a bəzi siyasətçilərin ABŞ prezidenti Donald Tramp barədə mənfi proqnozlarına münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib. 

Onun sözlərinə görə, yeni prezidentin siyasətindən asılı olaraq dünyada gedən proseslərdə sabitliyin və təhlükəsizliyin təzahürləri bərpa olunmalıdır:

"Bir sıra tanınmış siyasətçilər, həmçinin Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer D.Trampın ABŞ prezidenti seçilməsinin bir epoxaya son qoyduğu qənaətindədirlər. Təbii ki, F. V. Ştaynmayer Avropa İttifaqının ən nüfuzlu dövlətlərindən biri olan Almaniyanın xarici işlər naziridir, buna görə dünyada gedən proseslərin pərdə arxası oyunları barədə məlumatlıdır. O, açıq ifşa edə bilmir ki, dünya çapında bir qrup siyasi texnoloqlar, bank rəhbərləri, transmilli şirkətlərin rəhbərləri artıq monopolist siyasətini həyata keçirərək qlobalizmi əsas cərəyana çeviriblər. 

Bunun da fəsadları bütün tərəflərə dağıdıcı təsir göstərir. Yəni Amerikanın daxilində, onun siyasi "mətbəxində" baş verən təzadlı proseslər dövlətin xarici siyasətinin də bəzi bölgələrdə büdrəməsinə səbəb olur. Dünya tək qlobal iqtisadi böhrandan deyil, beynəlxalq problemlərdən, müharibələrdən, istilalardan, hərc-mərclik və xaosdan da yorulub. Bütün bu başıpozuqluğun qloballaşması nə vaxta kimi davam edəcək? Xalqlar necə özlərini sığortalasınlar ki, həmin xarici amillər, fövqəl güc daxili siyasətə qarışmasın, insanlara demokratiya dəyişikliyi adı altında fəsad, problemlər, bədbinlik gətirilməsin?”

T. Abbasov bildirib ki, hazırda ABŞ-ın öz daxilində mənfur cərəyanlar baş alıb gedir. Artıq Amerikanın özünün siyasi ənənəsi çökür:

"Baxın, keçmiş prezident seçkilərində hər zaman məğlub tərəf, seçilmiş prezidenti təbrik edir, ona uğurlar arzu edirdi. Bununla namizəd məğlubiyyəti ilə barışdığını qəbul edirdi. Son seçkilərdə isə uduzmuş demokratlar guya öz məğlubiyyətlərini boyunlarına aldılar. Lakin indi ciddi cəhdlə prezidentin işlərinə maneçilik törətməyə başlayıblar. Sanksiyaların genişləndirilməsinə qarşı, dövlətin başqa ölkələrlə münasibətlərində maneə yaradırlar ki, D. Trampın başağrısı çox olsun. Dövlət işlərinə vaxt ayıra bilməsin. Faktiki olaraq ona quyu qazırlar. İnauqurasiya mərasimi olan müddətdə də Amerikanın bir sıra bölgələrində qlobalistlərin çıxışları, yürüşləri təşkil edildi. 

Onlar prezidentə hədələr səsləndirdilər. Bu ondan xəbər verir ki, Amerikanın daxilində artıq mafioz qruplaşmalar hətta idarəedici strukturları ələ keçiriblər. Tək dünyada deyil, ölkənin daxilində də hamıya meydan oxuyur, proseslərin gedişinə təsir edirlər. Bu Amerikada özbaşınalığın, "dedovşina”nın artmağının sübutudur. Biz dünya çapında ABŞ-ın timsalında "dedovşina” ənənəsinin oturuşmasının şahidi oluruq. Amerika artıq təklif, məsləhət səviyyəsində deyil, tələb formasında öz istəklərini yeridir. Digər ölkələrin elitaları da artıq belə müdaxilələrdən, yekəxanalıqdan şikayətlərini ortaya qoyurlar. ABŞ-ın belə zorla məqsədlərini qəbul etdirməyə çalışması nəticəsində ciddi siyasi proseslər axsayır. 

D. Tramp başda olmaqla Amerika elitasının bir hissəsi əvvəl qeyd edirdi ki, Rusiya ilə dialoqa girmək olar. Fransada, Almaniyada, digər ölkələrdə iki böyük dövlətin rəqabətinə etiraz genişlənir. Çünki anlayırlar ki, qarşıdurma mənfi nəticələrə gətirib çıxaracaq. Silahlanma baş alacaq, vergi ödənişləri silahlanmaya xərclənəcək, insanlar dünya müharibəsinin başlayacağı barədə səksəkədə qalacaqlar. Bu şərtlər altında dünya nizamı normal hala gəlib, çıxa bilməz”.

Qeyd edək ki, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer "Bild am Sonntag” nəşrinə yazdığı məqaləsində Donald Trampın ABŞ prezidenti seçilməsinin bir epoxaya son qoyduğunu diqqətə çatdırıb.

Aysel Aslan