Amerikalı ordu admiralından çağırış: “Rusiyaya qarşı sanksiyalar daha da genişləndirilməlidir”





ABŞ Ordusunun admiralı, NATO qüvvələrinin Avropadakı sabiq komandiri Ceyms Stavridis Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırış edib. "Sherg.az” Rusiya KİV-ə istənadən bildirir ki, bu barədə admiral "Time” jurnalına yazdığı məqalədə qeyd edib.

Stavridis hesab edir ki, mövcud sanksiyalar kifayət deyil: "Yeni sanksiyalar təkcə rusiyalı biznesmenlərə deyil, həmçinin mədəniyyət, idman və diplomatik nümayəndələrə qarşı da tətbiq olunmalıdır. Şübhəsiz ki, demokratik sistemimizə rusların əli ilə birbaşa zərbə vuruldu. Bir neçə simvolik addımlarla bu zərbəyə cavab verdik. Amma daha artığı edilməlidir. Xüsusi prokuror Robert Mullerin hesabatı, 2016-cı ildə Moskvanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini təsdiqləyir. Əsas sübutlar "rus müdaxiləsi"nin olduğunu təsdiqləyir”.

Bundan əlavə, admiral yazısında, demokratiya istəyən Rusiya müxalifətçilərinə dəstək verməyi təklif edib.

Xatırladaq ki, mayın 3-də Amerika lideri Donald Tramp, Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Söhbət zamanı iki ölkə liderləri Şimali Koreya və Venesueladakı vəziyyətlə yanaşı, strateji hücum silahlarını daha da azaltmaq və məhdudlaşdırmaq üçün tədbirlər barədə müqaviləni genişləndirmək və ABŞ, Rusiya və Çin arasında oxşar razılaşma bağlamaq imkanlarını müzakirə ediblər. Bundan əlavə, söhbət çərçivəsində dövlət başçıları 2016-cı il ABŞ prezident seçkilərində Rusiyanın müdaxiləsi ilə bağlı xüsusi prokuror Robert Mullerin hesabatını müzakirə ediblər.
Tramp Putinlə söhbətini uzun, çox yaxşı və məhsuldar adlandırıb.

Anar