Ana ölümləri niyə artıb?-İZAH




Ana ölümlərinin artmasına aşağı səviyyədə olan qida təhlükəsizliyi, keyfiyyətsiz dərmanlar və zəif tibbi xidmət şərait yaradır.

Bunu Sherg.az-a ana ölümlərinin artması statistikasına münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu söyləyib.

 Ekspertin sözlərinə görə, ölkədə tibbin inkişafı hələ lazımi səviyyədə olmadığına görə hamilə qadınlar vaxtlı vaxtında müayinədən keçə bilmir, gecikmiş şəkildə həkimə müraciət edirlər: 

"Tibdə kifayət qədər ciddi nəzarət həyata keçirilməsə, sui-istifadə, korrupsiya halları aradan qaldırılmasa, bu vəziyyətin ağırlaşması davam edəcək. Tək tibb sahəsində deyil, bütün sahələrdə qohumbazlıq, dostbazlıq, korrupsiya kimi mənfi halların nəticəsində geriləmə baş verir. Savadı olan-olmayan hər kəs xüsusi tibb müəssisəsi açır, xəstəxanalarda adi binti belə xəstənin hesabına təmin edirlər. İnsanlar var ki, maddi imkanların aşağı olması ucbatından gec müraciət edir. Lazım olan dərmanları vaxtında ala bilmir, reseptlərə riayət etmir. Bütün bunlar ölüm və xəstəliklərin ağırlaşmasına təkan verir”.
S. Cəlaloğlu əlavə edib ki, ana ölümlərinin əksəriyyəti rayonlarda baş verir. Lakin bütün rayonlarda tibbi şərait yaradıldığından, xəstələri şəhərlərə gətirmə problemi yaşanmamalıdır: "Bütün ölkədə diaqnostik mərkəzlər, tibb müəssisələri tikilib. Bəs onlar yaraşıq üçündür? Xəstəxanaların tikilməsinin davamı kimi vətəndaşlar arasında səhiyyə maarifi də gücləndirilməlidir. Həkimlər vaxtlı-vaxtında təkmilləşmələrdən keçməli və rayon xəstəxanalarının maddi-texniki bazası təmin edilməlidir. Bütün bunlar həyata keçirilmədən sağlam nəslin formalaşmasından danışmaq mümkün deyil”.

Qeyd edək ki, açıqlanan statistikaya əsasən son 25 ildə Azərbaycanda hamiləliklə bağlı 1000-ə yaxın ana ölümü faktı müəyyən olunub.

Aysel Aslan