Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh artıq reallıqdır

Ermənistanla Azərbaycan arasında sülh artıq reallıqdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Sherg.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Bu gün qeyd edə bilərik ki, son iki ildən artıq müddətdə ermənilərlə azərbaycanlılar arasında atışmalar nəticəsində nə ölən, nə də yaralanan olub. Halbuki 1990-cı illərdən başlayaraq otuz ildən artıq müddət ərzində hər il hər iki tərəfdən ölənlər və yaralananlar olurdu”, - deyə o bildirib.

Baş nazir qeyd edib ki, 2020-ci il müharibəsindən sonra sülhə nail olmaq üçün uzun yol keçilib. Bu kontekstdə o, 2020-ci ilin noyabrında atəşkəsin əldə olunmasında Rusiyanın Prezidenti Vladimir Putinin rolunu xüsusi vurğulayıb.

Paşinyan təəssüflə bildirib ki, 2020-ci il noyabrın 9-da Bəyanatın imzalanmasından sonra belə, sülhə nail olmaq mümkün olmayıb.

Paşinyan Azərbaycanla 2025-ci il avqustun 8-də paraflanmış sülh sazişinə də toxunub və sənədin bəzi müddəalarını sitat gətirib. O bildirib ki, sazişin birinci maddəsinə uyğun olaraq tərəflər bir-birinə qarşı heç bir ərazi iddiasının olmadığını təsdiqləyir və gələcəkdə də belə iddialar irəli sürməyəcəklərini öhdələrinə götürürlər.

Sənəddə, həmçinin ölkələrin digər tərəfin ərazi bütövlüyünün və ya siyasi birliyinin tam və ya qismən pozulmasına yönəlmiş hər hansı fəaliyyəti planlaşdırmayacağı, hazırlamayacağı, təşviq etməyəcəyi və dəstəkləməyəcəyi qeyd olunur.

Ermənistan hökumətinin başçısı hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün yalnız bir real variant mövcud olub. Onun sözlərinə görə, sülhün arxitekturası Alma-Ata Bəyannaməsinin prinsipləri əsasında qurulub.

Paşinyan qeyd edib ki, otuz ildən artıq müddətdə münaqişə Alma-Ata Bəyannaməsinin mövcud olduğu şəraitdə davam edib. Bununla belə, həmin sənədin əhəmiyyəti sanki diqqətdən kənarda qalıb.

“Tammiqyaslı sülhün bərqərar olması üçün, obrazlı desək, Alma-Ata Bəyannaməsini yenidən canlandırmaq lazım idi. Biz bunu Azərbaycan Prezidenti ilə birlikdə etdik”, - deyə Paşinyan bildirib.

Baş nazir xatırladıb ki, 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Praqada keçirilən dördtərəfli görüşün yekununda tərəflər Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

Paşinyan, həmçinin xatırladıb ki, Azərbaycan dəmir yolu xətti artıq bir ilə yaxındır Ermənistan yüklərinin daşınması üçün açıqdır. Onun sözlərinə görə, iki ölkə arasında dövlət sərhədinin 12 kilometrlik hissəsində delimitasiya və demarkasiya işləri də aparılıb.