"Aprel döyüşləri düşmənə və havadarlarına bir mesaj oldu ki..."





Aprel döyüşləri Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi darmadağın etdi, bu kimi iddiaların heç bir əsasının olmadığını göstərdi. Hadisələrdən dərhal sonra Ermənistan ordusunun rəhbərliyində baş vermiş çoxsaylı dəyişikliklər də bunu bir daha təsdiq edir.

Bunu Sherg.az-a millət vəkili Elman Məmmədov deyib. 

Deputatın sözlərinə görə, aprel döyüşləri düşmənə və onun havadarlarına bir mesaj oldu ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək:

"Bir daha sübut olundu ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmi və iqtidarındadır. Bundan başqa, beynəlxalq aləm bir daha əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəallaşması, beynəlxalq ictimai rəydə münaqişənin tezliklə həlli ilə bağlı tələblərin səslənməsi bunu bir daha sübut edir”.

Deputat bildirib ki, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyi nümayiş etdirdi:

"Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Ermənistanda isə bu döyüşlərdən sonra gərginlik artdı, xalqla hakimiyyət arasında uçurum daha da dərinləşdi".

E.Məmmədov onu da əlavə edib ki, aprel döyüşlərinin nəticəsi olaraq Azərbaycan bir çox sahələrdə, eləcə də hərbi və psixoloji sahələrdə üstünlük əldə etdi:

"Ermənistan hakimiyyəti isə həmin döyüşlərdən bəri təşviş içindədir. Azərbaycanın işğal altında olan ərazilərində ermənilər səksəkə içərisində yaşayırlar. Cinayətkar Serj Sarkisyan hakimiyyəti Azərbaycanın bu üstünlüyünü ört-basdır etmək üçün yalan bəyanatlar verir. Lakin bu bəyanatlarla da özünü gülünc vəziyyətə salır. Çünki onlar bu gün Azərbaycan Ordusunun nəyə qadir olduğunu yaxşı bilirlər.