Millət vəkili Ceyhun Məmmədov ölkəmizdə ailə institutunun təhlükə altına düşməsindən narahatlığını ifadə edib. Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov təklif edib ki, milli-mənəvi dəyərlərin qorunması üçün hüquqi baza yaradılsın:
“Həmçinin ailə dəyərləri də qorunmalıdır. Ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun hazırlanmasını təklif edirəm. Bu gün Azərbaycanda ailə dəyərləri tənəzzülə doğru gedir. Bu proseslərin qarşısının alınması əlavə qərar və qanunların qəbul edilməsinə ehtiyac var. Proseslər bu templə davam etsə gələcəkdə Azərbycanda ailə institutu tamamilə sıradan çıxa bilər”.
Milli Məclisin sədri Sahibə Qafarova isə Azərbaycanda ailə dəyərlərinin belə qısa zamanda sıradan çıxması ilə bağlı pessimist yanaşmanı qəbul etməyib.
Millət vəkilinin narahatlığı əsaslıdırmı?
Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında bildirdi ki, millət vəkilinin söylədiklərində də həqiqət var, spiker Sahibə Qafarovanın dediklərində də: 
- Parlamentin sədri Sahibə Qafarova doğru söyləyir. Azərbaycanda ailə dəyərlərinə pessimist yanaşmaq olmaz. Bu gün ölkəmzidə ayrı-ayrı regionlarda, bölgələrdə ailə dəyərlərimiz 30 il əvvəlki kimi qorunub saxlanılıb. Biz bunu görməliyik. Niyə bundan danışmayaq, nümunələr çəkməyək? Biz təkcə yaşadığımız şəhərdə, ətrafımızda cərəyan edən hadisələrdən bəhs etməməliyik. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Ailə dəyərlərimizə böyük dəyər verən, böyük-kiçik yeri bilən, valideynlərə hörmət edən gənclər, gənc ailələr var. Mın millət vəkili Ceyhun Məmmədovun açıqlamalarını izləyirəm. Milli-mənəvi dəyərlərin qorunmasını vacib bilən ziyalıdır, ictimai tənəzzülə uğramış halları göstərir, narahatlığını ifadə edir. Bəli, qanun hazırlanmalıdır. Bunu dövrümüz, bugünki cəmiyyət tələb edir. Hazırkı cəmiyyət 30 il əvvəlki deyil. İnternet, sosial şəbəkələr dövrüdür, həyatımız elektronlaşıb. Bunların hər biri ailə dəyərlərimizə təsirsiz ötüşmür. Qanun olmalıdır, qanunda bir çox məsələlər əksini tapmalıdır. Lakin çox pessimist yanaşmaq da olmaz. Digər ölkələrdəki vəziyyətlə müqayisə etdikdə, bizdə ailə dəyərləri, milli-mənəvi dəyərlərin daha çox qorunduğunu görürük. Məsələyə pessimist yanaşmayaq, ancaq millət vəkilinin təklifi il də razılaşaq. Çünki bu qarşıdakı illərdə bizim dəyərlərimizin itirilməsinin qarşısını alar. Bu, gələcək üçün bizə lazımdır.