"Artıq cəmiyyətdə seçki praktikası, seçki mədəniyyəti formalaşıb"





"Seçicilərin maneəsiz və sürətli şəkildə səsvermələri üçün hər cür şərait yaradılıb”. Bu sözləri referendumla bağlı "sherg.az”a açıqlama verən YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat seçkinin  yüksək səviyyədə təşkil edildiyini söyləyib: "Təhkim olunduğum seçki məntəqəsində səs verdim. Əvvəlcə şəxsiyyət vəsiqəmi yoxladılar və sol əlimin baş barmağını silinməyən mürəkkəblə rənglədilər. Mənə qədər xeyli sayda insan səs vermişdi. Orada olduğum müddətdə də seçicilər axın-axın məntəqələrə gəlirdilər. Siyahılar dəqiq hazırlanmışdı, seçki məntəqələrində çoxsaylı kabinələr var idi. Müşahidəçilər də öz yerində idilər və diqqətlə seçiciləri izləyirdilər. Çöldə, seçki məntəqəsinin qapısının ağzında "exit-poll”un nümayəndələri soğru keçirirdilər. Hüquq-mühafizə orqanları da seçki binasının həyətindən kənarda öz vəzifələrini layiqincə yerinə yetirirdilər. Seçki hüququ tam gözlənilirdi. Yəni bütün proseslər normal məcrada cərəyan edirdi”. A.Mirzəzadə Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasındakı Təşviqat Qrupunun üzvü olduğunu bildirib: "MSK üzvü kimi bir neçə seçki məntəqəsində oldum. Gəzdiyim məntəqələrdə referendumun yaxşı təşkil olunduğunu öz gözlərimlə gördüm. Nizam-intizamın, vətəndaş fəallığının şahidi oldum. Bu, belə də olmalıdır. Artıq dövlətçiliyimizin 25 ili tamam olub. Dördüncü dəfədir ki, referendum keçiririk. Konstitusiyanın qəbulunu da nəzərə alsaq, vətəndaşlarımız 5 ildə üçüncü dəfədir seçkidə iştirak edirlər. Artıq cəmiyyətdə seçki praktikası, seçki mədəniyyəti formalaşıb. Ümumən Azərbaycan cəmiyyəti də referenduma köklənib. Mən bunu Azərbaycan dövlətçiliyinin ən vacib uğurlarından biri hesab edirəm”.

İsmayıl