"AŞ Azərbaycana doğru münasibətlə yanaşmadığını boynuna aldı"






"Serj Sarkisyanın bəyanatları və əməlləri həmişəki kimi Azərbaycana qarşı təxribat mahiyyəti daşıyır”.

Bu sözləri "Sherg.az”a Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) çıxışı zamanı Azərbaycan haqqında reallığı əks etdirməyən fikirlər səsləndirməsindən danışarkən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. 

O diqqətə çatdırıb ki, ermənilərin lobbiçilik fəaliyyətinə, Azərbaycana qarşı piar aparmasına baxmayaraq, Avropa Şurası (AŞ) Azərbaycana düzgün münasibətlə yanaşmadığını boynuna aldı:

"Daha çox çalışmalıyıq ki, AŞ kimi beynəlxalq tribunalarda Azərbaycanda görülən işlər, inkişaf barədə çıxışlar edək. Dövlətin xalqa göstərdiyi qayğını, ölkə başçısının uğurlu siyasətini təbliğ etməliyik. Bu siyasət davam etdiriləcək. Azərbaycan ərazisində yaşayan bütün millətlərə bərabər hüquq və vəzifələr verilməsi danılmazdır və bundan sonra da vəziyyət belə olacaq”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasında çıxışına münasibət bildirib. H. Hacıyev deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas ədalətsizlik və ya Ermənistan rəhbərliyinin dediyi kimi "ədalətin defisiti” ilk növbədə Azərbaycanın suveren ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq Azərbaycanlının etnik təmizləməyə məruz qalması və onların bütün fundamental hüquqlarının pozulmasıdır.

Aysel Aslan