Asanlaşır...

İnsanlar öz yaşayış evlərini mehmanxana və hostelə çevirə biləcəklər
Ekspert yeni dəyişikliyin müsbət və mənfi tərəflərini izah edir

Azərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır.
Bu məsələ Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən "yerləşmə vasitəsi” kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Təklif edilən dəyişikliyi şərh edən "MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, bu dəyişiklik insanlara öz yaşayış evlərindən daha asan şəkildə mehmanxana və ya hostel kimi istifadə etmələri üçün şərait yaradır: 

"Hazırkı qanunvericiliyə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazə almalısan, ancaq dəyişiklikdən sonra mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcəyi üçün buna ehtiyac qalmır. Yəni hazırkı qanunvericiliyə əsasən, mehmanxanalar qeyri-yaşayış kateqoriyasına aid edilir, dəyişiklikdən sonra isə mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcək. İnsanlar yaşayış evlərini alıb kiçik hostellər edirlər və onun üçün müvafiq icra hakimiyyətinə müraciət edirlər. Bu dəyişiklik Mənzil Məcəlləsinə ona görə edilir ki, icra hakimiyyətinə müraciət etməyə ehtiyac qalmasın, insanlar bunun üçün get-gələ düşməsinlər”.
N.İbrahimov bildirib ki, bununla belə öz yaşayış evini mehmanxana və ya hostel kimi istifadə etmək istəyənlər Vergilər Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçməlidirlər, eyni zamanda müəyyən standartlar var ki, onlara əməl olunmalıdır. O qeyd edib ki, yaşayış evi mehmanxana və ya hostel kimi istifadə edilirsə, onun giriş-çıxışı ayrı olmalı, ətrafda yaşayan insanlara maneçilik törətməməlidir (trend.az).

İqtisadçı-ekspert Rəşad Əliyev isə "Şərq”ə açıqlamasında bu dəyişikliyin müsbət və mənfi tərəflərindən söz açıb. Onun sözlərinə görə, çoxmənzilli yaşayış evlərinin mehmanxana kimi istifadə edilməsinin asanlaşmasının müsbət əhəmiyyəti ondan ibarətdir ki, bu sahədə çalışmaq istəyən iş adamlarının işi asanlaşacaq: 

"Digər tərəfdən bu dəyişiklik turistlər üçün əlavə yerlərin yaradılmasına şərait yaradacaq. Amma məsələnin sual doğuran tərəfi odur ki, iş adamları hostellərin yaradılmasını necə təşkil edəcəklər və müvafiq qurumlar buna necə nəzarət edəcəklər?”.
R.Əliyev onu da qeyd edib ki, hostellər daha çox az pulu olan və ya pul xərcləmək istəməyən turistlərə hesablanıb: "İstənilən ölkə isə pullu turist axtarır. Bir problem də hostellərin yerləşəcəyi binalarda yerli sakinlərin buna etiraz etmələri olacaq”.
Bütün bunlara rəğmən iqtisadçı-ekspert özəl çoxmənzilli yaşayış evlərinin mehmanxana kimi istifadə edilməsini asanlaşdıran dəyişikliyi istənilən halda turizm sektoru üçün bu müsbət hal hesab edir.

Şəymən