“Aşura günü ilə əlaqədar qadağaya əməl edilməlidir” - İlahiyyatçı

Bu il Məhərrəm ayı və Aşura dünyanın qarşılaşdığı çətin sınaq dövrünə- koronavirusla bağlı yaranmış təhlükəli və riskli şəraitə təsadüf edir. Bütün dünyada, o cümlədən Azərbaycanda kütləvi tədbirlər qadağan olunub. Xalqımızın sağlamlığı naminə məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda dini mərasimlər keçirilməyəcək. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayır.

Lakin bu hal bəzi vətəndaşların narazılığına səbəb olur. Dini ayini yerinə yetirmək istəyən şəxslər yoluxma təhlükəsini düşünmürlər. Ona görə də verilən qərarlarla razılaşmaq istəmirlər.

İlahiyyatçı, din xadimi Rəşid Talıbov “Sherg.az”a açıqlamasında bildirib ki, Aşura günü ilə əlaqədar ölkəmizdə kütləvi məclislərin qadağan edilməsi bəzi vətəndaşları kədərləndirsə də, dövlətin qoyduğu qaydalara əməl edilməlidir. Din xadimi vurğulayıb ki, məlum vəziyyətlə əlaqədar dini mərasimlərin keçirilməsi qadağan edilib. Lakin həkimlərin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq göstərişi  ilə müəyyən şərtlərə uyğun olaraq tədbirlər keçirilsəydi, vətəndaşlar narazı qalmazdı:

“Bu zaman bəzi insanlar sui-istifadə hallarına da yol verməzdilər. Çünki dövlət başçısı icra başçılarına tapşırıqlarında dedi ki, nə badə xalqı qıcıqlandırasınız... Dəfələrlə vurğulanıb ki, tarixi ənənələrimiz qorunub-saxlanmalıdır. Belə situasiyalar olanda həkimlərin, əlaqədar mütəxəssislərin, Operativ Qərargahın, Dini Komitələrlə İş üzrə Dövlət Komitəsinin ortaq qərarı ilə addımlar atılmalıdır. Dini məclislər tamamilə qadağan edilibsə, təbii ki, dövlətimizin verdiyi qərarlara və qanunlara riayət etmək lazımdır. Çünki özbaşınalıq olsa, əhali əziyyət çəkə bilər, nizam-intizam və asayiş pozular. Bu baxımdan bütün əhalinin məsuliyyətli olması lazımdır”.