Avropa İttifaqı AZAL-ın özəlləşdirilməsini təklif etdi

Millət vəkili bunun mümkün olduğunu düşünür



"Azərbaycan Hava Yolları” QSC-nin özəlləşdirilməsi təklifi yenidən gündəmə gəlib.
Avropa İttifaqı (Aİ) "Aviasiya sazişi” ilə bağlı təkliflərini Azərbaycana təqdim edib. Təkliflər arasında "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin özəlləşdirilməsi ilə bağlı müddəalar da var.

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AZAL-ın özəlləşdirilməsi təklifini müsbət qiymətləndirib. Millət vəkili bildirib ki, Azərbaycanda özəlləşmə prosesi prezidentin müvafiq tapşırığına uyğun olaraq davam etdiriləcək: "Düzdür, bu yaxınlarda ikinci aviaşirkət yaradılıb, ancaq AZAL faktiki olaraq ölkədə yeganə əsas milli aviaşirkətdir. O üzdən hesab edirəm ki, AZAL özəlləşdirilsə, bu aviaşirkətin dövlət büdcəsinin vəsaitinə ehtiyacı olmayacaq. Beləliklə, AZAL özü-özünü maliyyələşdirmə prinsipinə keçə və xaricdən daha çox investisiya cəlb edə bilər. Bu üzdən aviaşirkətin özəlləşdirilməsi prosesinə baxıla bilər. Çünki bu məsələ uzun müddətdir ki, gündəmdədir”.

Millət vəkili təkcə AZAL-ın deyil, dövlət mülkiyyətində olan bir sıra şirkətlərin də özəlləşdirilməsinin gündəmdə olduğunu deyib: "Ancaq elə sahələr var ki, onlar strateji sahələrdir və dövlət üçün əhəmiyyətlidir. Dövlət bu sahələri daha çox öz himayəsində saxlayır ki, orada ciddi problemlər yaranmasın. Ancaq beynəlxalq aləmə nəzər salsaq, dünyada aviaşirkətlərin çoxu özəldir. Burada qeyri-adi bir şey yoxdur. Bu baxımdan da AZAL-ın özəlləşdirilməsi prosesi gedə bilər. Ancaq bunu elə etmək lazımdır ki, sonradan ciddi problemlər yaranmasın”.

Deputat AZAL-ın özəlləşdirilməsi prosesinin gecikməsinin səbəblərinə də aydınlıq gətirib: "Bu, asan proses deyil. Faktiki olaraq Azərbaycanda özəlləşdirilməmiş çox az müəssisə qalıb. Ölkədə əsas müəssisələr demək olar ki, özəlləşdirilərək xüsusi mülkiyyətə verilib. Yəqin ki, AZAL-ın özəlləşdirilməsi məsələsi də yavaş-yavaş öz həllini tapacaq”.

İqtisadçı Natiq Cəfərli də bir müddət əvvəl AZAL-ın özəlləşdirilməsinin vacibliyini dilə gətirib. O, Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-nin rentabelli olmamasından tutmuş uçuş qiymətlərinin yüksək olmasınadək çoxsaylı problemlərdən danışarkən deyib ki, bütün sadalanan problemlərin kökündə inhisarçılıq durur, onların yeganə həll yolu isə hava nəqliyyatında rəqabətli mühitin yaradılması, "AZAL”-ın rəqiblərinin bazara birbaşa çıxışının təmin edilməsidir: 

"Nə qədər ki, rəqabət mühiti olmayacaq, "AZAL” inhisarçı mövqeyindən istifadə edərək bazarda istədiyi kimi fəaliyyət göstərəcək. Əks təqdirdə, baha qiymətlərlə belə tələbat varsa, niyə qiymətləri aşağı salsın? Əgər bazarda başqa rəqibləri olsa, o zaman biletlərin satılmadığını görüb qiymətləri aşağı salacaq. Bəlkə də AZAL özəlləşdirilməlidir. Amma indiki halda özəlləşdirmə də çıxış yolu deyil. Hava sahəsinin idarə edilməsi "AZAL”ın əlindən alınmalıdır. İdarəçilikdə çeviklik yaradılandan sonra sözügedən şirkətin özəlləşdirilməsinə getmək olar”.

Şəymən