İşğal faktı olan münaqişədə tərəflərə eyni gözlə baxmaq yanlışdır
“Ən qısa müddət ərzində ermənilərə təzyiq edilməlidir. Əks təqdirdə, cəbhə bölgəsində vəziyyət gündən-günə daha da gərginləşəcək”
"Dağlıq Qarabağdakı status-kvo həssasdır”. Bunu Avropa Parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Devid Makallister İrəvanda deyib. O bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur: "Münaqişənin beynəlxalq hüquq əsasında uzunmüddətli həlli zəruridir.
Avropa İttifaqı tərəfləri atəşkəs rejiminə və münaqişənin sülh yolu ilə həlli üçün öz öhdəliklərinə əməl etməyə çağırır, Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyir”. Makallister əlavə edib ki, Brüssel münaqişə zonasında silahlanma yarışından, qarşıdurma ritorikasından və təmas xəttində insan ölümünə səbəb olan insidentlərdən narahatdır. Onun sözlərinə görə, Aİ tərəfləri danışıqları Minsk Qrupunun təklifləri əsasında şərtsiz bərpa etməyə çağırır.
Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Zaur Məmmədli deyib ki, Avropa strukturlarının rəsmiləri tərəfindən səsləndirilən bəyanatların hamısı boş və mənasızdır. Ekspert bildirib ki, Makallisterin açıqlaması digərlərindən heç nə ilə fərqlənmir:
"Azərbaycan üçün ən önəmli məqam odur ki, Ermənistan konkret olaraq işğalçı dövlət kimi təqdim olunsun və torpaqların azad edilməsi üçün təzyiqə məruz qalsın. BMT-nin indiyə qədər icra olunmayan 4 qətnaməsi sırf bu məqsədlə hazırlanıb. Sadəcə, Avropa təşkilatları deyil, bütün qurumlar işçi bəyanatlar verməklə kifayətlənirlər. Onların sözləri hər iki tərəfə eyni formada ünvanlanır. Məsələyə beynəlxalq hüquq aspektindən yanaşsaq, görərik ki, işğal faktı olan münaqişədə tərəflərə eyni gözlə baxmaq yanlışdır. Problemlə bağlı mövcud olan bütün qanunverici sənədlərdə, aktlarda Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsi faktı xüsusi vurğulanıb. Bəyan edilib ki, işğalçı güclər dərhal həmin ərazilərdən çıxmalıdır.
Biz də tələb edirik ki, Avropa siyasətçiləri söz xatirinə deyilmiş bəyanatlara son versinlər və nəzəriyyədən praktikaya keçsinlər. Ən qısa müddət ərzində ermənilərə təzyiq edilməlidir. Əks təqdirdə, cəbhə bölgəsində vəziyyət gündən-günə daha da gərginləşəcək və nəticələr qarşı tərəf üçün yaxşı olmayacaq”.
İsmayıl