Avropadakı ermənilər gizli şəkildə imza toplayırlar
Soydaşımız Vahid İmanov hesab edir ki, düşmənin gizli fəaliyyətinin qarşısını vaxtında almaq lazımdır
"Əslində, belə müraciətləri Avropa Parlamentinə düşmən yox, biz etməliyik"
İspaniyada yaşayan soydaşımız - Vahid İmanov qəzetimizə müraciət edərək ciddi bir məsələyə diqqət çəkib. İspaniyanın Bilbao şəhərinin, Medina de Pomar qəsəbəsində yaşayan, tikinti-sığorta firmasında iş icraçısı kimi fəaliyyət göstərən V.İmanov məlumat verib ki, son 2-3 aydır Avropada yaşayan ermənilər çox gizli şəkildə imza toplamaqla məşğuldurlar. Onların məqsədi qondarma Dağlıq Qarabağ rejiminin "müstəqilliyi” ilə bağlı Avropa Parlamentinə müraciət etməkdir.
Həmyerlimizin sözlərinə görə, ermənilər Haaqa Konvensiyasına dayanaraq, bu cür kampaniya başladıblar. Narahatlığını dilə gətirən soydaşımız hesab edir ki, düşmənin gizli fəaliyyətinin qarşısını vaxtında almaq lazımdır: "Gürcülər bizə irad tuturlar ki, siz yatırsınız, işiniz-gücünüz ancaq pul qazanmaqdır. Amma ermənilər kənardan əldə etdikləri maliyyə yardımı ilə gecə-gündüz gizli kampaniya aparırlar, imza toplayırlar. Bu işə erməni lobbisi tərəfindən böyük vəsait sərf olunur. Varlı iş adamları İrəvana, oradan Dağlıq Qarabağa avropalıların pulsuz turlarını təşkil edirlər. Oturmağın vaxtı deyil, biz də əlimizdən gələni etməliyik”. V.İmanov Avropada yaşayan azərbaycanlıların biganəliyindən, birlik nümayiş etdirməməsindən də gileylənib: "Təəssüflər olsun ki, bizimkilər arasında birlik yoxdur. Ona görə də heç bir işin ardınca getmək mümkün olmur. Bəzi vətəndaşlarımız Avropada sığınacaq almaq üçün dəridən-qabıqdan çıxırlar, düşmən dəyirmanına su tökürlər. Amma öz vətənləri üçün heç bir xeyirli iş görmürlər”.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, əslində, belə müraciətləri Avropa Parlamentinə düşmən yox, biz etməliyik.
Onun sözlərinə görə, Azərbaycanın tarixi və mədəniyyəti, eyni zamanda dini abidələrinin vəhşicəsinə dağıdılması və qəsdən məhv edilməsi Haaqa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvensiyasına, eləcə də 1992-ci il Avropa Konvensiyasına ziddir:
"Azərbaycan torpaqları hesabına uydurma Böyük Ermənistan ideyasını həyata keçirmək məqsədilə xalqımıza qarşı soyqırım, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədilib. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Dağlıq Qarabağın erməni icmasının "öz müqəddəratını təyin etmə” cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb və hazırda Azərbaycan ərazisinin 20 faizdən çoxu işğal altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub.
1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub. Bu dövrdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan ümumilikdə 373 terror aktına imza atıb. 600-dən çox tarixi və memarlıq abidəsi, 67 məscid erməni hərbi birləşmələri tərəfindən tamamilə yerlə-yeksan olunub. 40 min eksponatın qorunduğu 22 muzey, qiymətli tarixi əlyazmalar məhv edilib. Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq hərraclarda satılıb. Ermənilər işğalçı olmaqla yanaşı vandallıq ediblər. Bu gün Bakının mərkəzində erməni kilsəsi mövcuddur və biz ona toxunmamışıq. Bu fakt özü kimin haqlı olduğunu sübuta yetirir. Görün, Avropa qurumlarına müraciət etmək üçün əlimizdə nə qədər əsaslarımız, dəlil-sübutumuz var”.
Mövzu ilə bağlı fikirlərini "Şərq”ə bölüşən tanınmış jurnalist, siyasi ekspert Azər Həsrət isə bildirib ki, soydaşımız məsələnin mahiyyətini daha detallı şəkildə müvafiq dövlət qurumlarına bildirməlidir:
"Xaricdə yaşayan soydaşlarımızın hamısından eyni fəallığı və münasibəti gözləmək doğru olmazdı. Sadəcə, bu məsələnin qarşısında biz də sayıqlıq göstərməliyik. Bunu dövlətdən, yaxud da başqalarından gözləmək doğru olmazdı. Demək istədiyim odur ki, kimin nə imkanı varsa, o çərçivədə fəallıq etsə yetərli olacaq. Bu arada, erməniləri çox da şişirtməyin tərəfdarı deyiləm. Bütün dünya bilir ki, onlar öz güclərinə deyil, havadarlarının hesabına gözə dəyməyi bacarırlar”.
İsmayıl