Avtobus sürücləri və kassirlər, DİQQƏTLİ OLUN ! - SAXTA PULLAR




"Saxta pulların yayılması həm iqtisadi cəhətdən inkişaf etmiş, həm inkişaf etməkdə olan, həm də inkişafdan geri qalmış dövlətlərdə geniş vüsət almış cinayətdir”.

Bunu Sherg.az-a insanların saxta pulların yayılması haqqında sosial şəbəkələrdə yer alan şikayətlərinə münasibət bildirərkən iqtisadçı-ekspert Fuad İbrahimov deyib. 

O bildirib ki, bu transmilli səviyyədə yayılmış problemdir:

"Saxta pulların çıxarılması ilə məşğul olan cinayətkar qruplar qədimdən mövcud olub. Son dövrlər, xüsusilə, aşağı əyarda hazırlanmış saxta pullara rast gəlinir. Burada yeganə mübarizə yolu vətəndaşların ayıq olmasıdır. İstənilən pul vahidini əla aldıqda diqqət yetirilməlidir. Azərbaycan manatının qorunması üçün kifayət qədər beynəlxalq standartlara uyğun xüsusi saxtalığını müəyyən edə biləcək misallar var. Manatı gün işığına yaxın tutsaq, qoruyucu elementləri asanlıqla görə bilərik. Həm yaşlı insanlar, həm də gənclər bunu ayırd etməkdə çətinlik çəkməyəcək. Saxta əskinas köhnəldikcə daha da özünü büruzə verir. Bunun yeganə yolu diqqətli olmaqdır”.

F.İbrahimovun sözlərinə görə, saxta pulların hazırlanmasına əl atan cinayətkarlar psixoloji yanaşmanı, mühitin formalaşmasını, insanların çox olduğu yerləri, pul verdikləri insanın pulu yoxlamağa vaxt tapamamasını, diqqət yetirə bilməməsini nəzərə alırlar. Mağazalarda kassalardakı çalışanlar, ictimai nəqliyyatda sürücülər, bazarlıq edən vətəndaşlar gərək çox diqqətli olsun ki, bunun qarşısı alınsın.

Mən özüm də belə faktla qarşılaşmışam. Ödəniş zamanı mənə 5 manat məbləğində əskinas verdilər. Əlimi kağıza vuran kimi bildim ki, saxta puldur. Verən şəxs isə dedi ki, heç özü də bilməyib pulun saxta olduğunu. O dedi ki, bilmədim, mən də buna inandım və sadəcə qarşısını aldım. Yenə qeyd edirəm, belə hadisələrdə ancaq diqqətli olmaq lazımdır”.

Aysel Aslan