Gilas bağları, çiyələk sahələrinə ciddi ziyan dəyib
Avtomobil yolları iflic oldu
Güclü yağışlar bəzi rayonlarda fəsadlar yaratdı
Gilas bağları, çiyələk sahələrinə ciddi ziyan dəyib
Gilas bağları, çiyələk sahələrinə ciddi ziyan dəyib
Ötən gün axşam saatlarında yağan güclü yağış Bakı-Şamaxı avtomobil yolunu bağlayıb. "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, sözügedən avtomobil yolunun bağlanmasına səbəb dağlıq ərazilərdən gələn güclü sel sularının özü ilə bərabər daş və palçıq qatı gətirməsidir:
"Yolun 80-ci km-lik ərazisinə, Ceyrankeçməz dərəsi adlanan hissəsi müvəqqəti bağlanıb. Əraziyə dərhal "Azəravtoyol” ASC-nin canlı qüvvəsi və ağır texnikası cəlb olunub. Aparılan işlər nəticəsində qısa müddət ərzində palçıq qatı yoldan təmizlənərək avtomobillərin hərəkəti bərpa olunub”.
Anar Nəcəflinin sözlərinə görə, təbii fəlakət zamanı sözügedən ərazidə yolun altından keçən iki ədəd suötürücü borudan birində çökmə baş verib: "Nəticədə yolun hərəkət hissəsində 5 metr enində 30-40 sm dərinlikdə çökmə ərazisi yaranıb, yolun kənarlarında olan torpaq qatı yuyulub. Ərazidə olan avtomobil körpüsünə ziyan dəyməsə də, sutənzimləyici qurğuların müəyyən hissəsi sel sularından ziyan görüb. Hazırda ərazidə əməkdaşlarımız tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.
Bununla belə Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliklərindəki sürüşmə sahəsi aktivləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanovun məlumatına görə, atmosfer yağıntıları nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib. S.Əmiraslanov qeyd edib ki, Şamaxının Ağsu çayının sağ sahilində yerləşən Keçmədin kəndində eni 20 - 22 metr, hündürlüyü 8 - 12 metr arasında olan bir sahəni isə sel yuyub aparıb.
Yolun altındakı sel-su ötürücüləri lillə dolduğu üçün su yolun üstü ilə təxminən 0,5 metr hündürlükdə axıb
Qeyd edək ki, güclü sel İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini iflic edib. İyunun 1-i gecə saatlarından başlayaraq yağan güclü leysan yağışları dünən günorta saatlarında daha da güclənib. Yağışdan sonra dağlardan gələn sel suları İsmayıllı rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb. Saat 13:30 radələrində sel suları İsmayıllı-Qəbələ yolunun 17-ci kilometrliyində, Qurban Əfəndi kəndi ərazisindən keçərək meşəyə doğru yönəlib. Özü ilə daş parçaları və ağaclar gətirən sel suları İsmayıllı-Qəbələ yolunun üzərindən aşıb keçməkdə davam etdiyi üçün yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Yolun altındakı sel-su ötürücüləri lillə dolduğu üçün su yolun üstü ilə təxminən 0,5 metr hündürlükdə axır. Çoxlu sayda avtomobil yolda qalaraq selin dayanmasını gözləyib. Yolun lildən təmizlənməsi üçün əraziyə İsmayıllı Yol İstismar İdarəsinin ağır texnikası cəlb olunub.
Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda da fəsadlara yol açıb
A.Nəcəflinin sözlərinə görə, bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları dünən günorta saatlarında daha da güclənib: "Yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub. Dərhal "Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikaları əraziyə cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Qısa müddət ərzində yolda hərəkət bərpa olunub”.
A.Nəcəfli əlavə edib ki, hazırda da ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. "Nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur”.
Tezyetişən çiyələyin də bir hissəsi yağıntıdan ziyan görüb
İntensiv yağışlar Şimal bölgəsində də fəsadsız ötüşməyib. Ən çox ziyan da gilas və çiyələyə dəyib. Mütəxəssislər yağışı müəyyən hallarda təbiət, kənd təsərrüfatı üçün xeyirli hesab etsələr də, həddindən artığını meyvəçilik üçün zərərli sayırlar. Quba kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, rayonda 14000 hektar meyvə bağından 304 hektarı gilas sahəsidir. Həmin gilas bağının təxminən 25-30 faizi yağıntının çoxluğundan ziyan çəkib, meyvənin tumurcuqlarını yağış yerə töküb.
Tezyetişən çiyələyin də bir hissəsi yağıntıdan ziyan görüb. Alma bağlarının isə çiçəklənmə dövrü keçdiyindən onlara ciddi ziyan dəyməyib.
Yağıntının çox olduğu Xaçmazda çəyirdəkli meyvələrdən olan gilas bağlarına da 15-20 faiz məhsul azalıb. Çiyələk sahələri də eyni həcmdə yağıntı nəticəsində yararsız hala düşüb.
Mütəxəssislər yağışın iyun ayında davam edəcəyi təqdirdə ziyanın artacağını istisna etmirlər. Sinoptiklər isə iyun ayının ilk 4 günündə şimal rayonlarına yenidən intensiv yağıntı pronozlaşdırırlar.
Şəymən