Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək istəyir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Trampa iki ölkə arasında strateji tərəfdaşlığın bərpa olunmasını təklif etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Baş nazir bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

Görüşün təfərrüatlarını bölüşən İrakli Kobaxidze deyib:

"Səfər çərçivəsində həm Amerika Prezidenti, həm də dövlət katibi ilə qısa həmsöhbət olmaq imkanım yarandı. Qısaca qeyd etdim ki, arzumuz strateji tərəfdaşlığı bərpa etməkdir və bu, təbii ki, mahiyyətcə ABŞ-dən asılıdır. Bizim tərəfimizdən addım atılıb, qarşı tərəfin addımlarını gözləyirik".

Baş nazir əlavə edib ki, ABŞ tərəfindən müsbət əhval-ruhiyyə müşahid olunub və qəbul zamanı keçirilən görüşlər konstruktiv ruhda baş tutub.

Xatırladaq ki, Vaşinqton ilə Tbilisi arasında münasibətlər 2024-cü ildə Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbulundan sonra kəskin pisləşib. Gürcüstan Baş nazirinin 2024-cü il noyabrın 28-də ölkənin Aİ-yə üzvlüyü üzrə danışıqlar prosesinin dondurulması barədə bəyanatından sonra isə ABŞ Dövlət Departamenti respublika ilə strateji tərəfdaşlığı dayandırıb.