"Avtomobili park yerlərində 15 dəqiqə PULSUZ saxlamaq mümkündür, amma..."

Elməddin Muradlı: "Bəzi dayanacaqlarımız öz sistemini belə qurub ki, ora daxil olduqda pul ödənilib, çek götürülür"


Qanuna hazırlıq üçün bir çox mexanizmlər dəyişdirilməlidir.


Bunu Sherg.az-a parklanma yerində sürücülərin avtomobilini 24 saatdan artıq saxladıqdan sonra 20 manat cərimələnməsinə münasibət bildirərkən  Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib.

 Onun sözlərinə görə, parketmə yerlərində, hava limanlarında avtomobillərini saxlayıb, günlərlə sürməyən və ya xarici ölkələrə gedən vətəndaşlar var ki, onlar üçün bu cərimələr problem yarada bilər: 

"Sistemin tətbiqindən əvvəl sürücülər bununla bağlı məlumatlandırılmalıdır. Eyni zamanda qərarda deyilir ki, 15 dəqiqə ərzində park yerlərində pulsuz saxlamaq mümkündür. Lakin bizim bəzi dayanacaqlarımız öz sistemini qurub ki, ora daxil olduqda pul ödənilib, çek götürülür. Əgər kimsə daxil olub, 5 dəqiqə sonra çıxmalı olacaqsa, yenə pul ödəməlidir. Belə vəziyyətlərin tənzimlənməsi üçün də məlumatlandırıcı addımlar atılmalı və mexanizm də dəyişdirilərək, qanuna uyğunlaşdırılmalıdır. Bu da, yüksək vəsaitlərin xərclənməsini tələb edəcək ki, indiki iqtisadi çətinlik dövründə reallaşması zaman ala bilər”.

E. Muradlı əlavə edib ki, istənilən halda qərarın bir hissəsinin gələn ilin yayında qüvvəyə minməsi gözlənilir. 

2018-ci ilin əvvəlində isə digər hissəsi təmin ediləcək. Bu vaxta qədər sistemin qanuna uyğunlaşdırılması istiqamətində işlər gücləndirilə bilər.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirə edilib. Yeni qaydalara görə, parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə edilir.

Aysel Aslan