Ayıbına kor olub, sussun!

Mirmahmud Mirəlioğlu: “Hörmətli jurnalistlər, Ayaz Mütəllibovu danışdırmayın!”
“Qoy, şəhidlərimiz məzarlarında rahat uyusunlar, ruhları inciməsin!”


Qanlı 20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar modern.az Azərbaycanın ilk prezidenti, 20 Yanvar hadisələri zamanı Azərbaycan Nazirlər Sovetinin sədri olmuş Ayaz Mütəllibovdan müsahibə alıb. Əsas diqqət çəkən məsələ isə Ayaz Mütəllibovun AXC liderləri ilə bağlı iddiaları olub.

Mərkəzi Komitənin 1-ci katibi Əbdürrəhman Vəzirovun 1990-cı ilin 20 Yanvar ərəfəsində rus qoşunlarının Bakıya girəcəyi barəsində məlumatsız olduğunu vurğulayan eks-prezident bu barədə Vəzirovun yox, müxalifət liderlərinin məlumatlı olduğunu deyib: "Əbdürrəhman Vəzirov məgər bilirdi ki, 20 Yanvarda ordu Bakıya girəcək? 16 yanvarda o, vəzifədən uzaqlaşdırılmış, Moskvaya getmişdi. Mərkəzi Komitə, Nazirlər Kabineti, Bakı Komitəsinin binaları müxalifət tərəfindən zəbt olunmuşdu. Bunu Moskva Konstitusiya çevrilişi kimi qəbul edirdi. Beləliklə, müxalifət respublikanı zərbə altında qoymuşdu. Ölkəni Moskvadan gələn Primakovun rəhbərliyi ilə yüksək vəzifəli şəxslər idarə edirdilər. Azərbaycanın bütün rəhbərləri vəzifələrindən uzaqlaşdırılmışdılar. Ordunun Bakıya girəcəyi xəbərini AXC liderlərinə həmin bu qrup demişdi. Hətta Mərkəzi Komitənin qarşısındakı mitinq zamanı camaatın qarşısında çıxış edən Primakov etiraf etmişdi ki, qoşunlar Bakıya girəcək, dağılın! Bundan əlavə, Primakov və Moskvadan gələnlər AXC liderləri ilə görüşlərində də bunu vurğulamışdılar. Onlar xalqı Mərkəzi Komitənin qarşısından uzaqlaşdırmaq istəyirdilər. Müxalifət buna rədd cavabı vermişdi. Maraqlısı budur ki, Azərbaycan rəhbərliyinin bu danışıqlardan xəbəri 20 Yanvardan sonra oldu. Əbürrəhman Vəzirov Qırmızı Ordunun Bakıya girəcəyini ehtimal edirdi, ancaq girəcəyinə inanmırdı”.

Ozamankı hökumət strukturlarının AXC qüvvələrinə yardım etdiyini iddia edən Mütəllibov əlavə olaraq deyib ki, 16 yanvardan sonra ölkədə hakimiyyət AXC-nin və Moskvadan gələn qrupun əlində idi. İkincilər birinciləri idarə edirdilər. Bu haqda Vaqif Hüseynov "Bir həyatdan çox” kitabında ətraflı yazıb.

Ayaz Mütəllibovun cəmiyyətdə geniş müzakirələrə səbəb olan bu açıqlaması ilə bağlı "Şərq”ə danışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə sərt şəkildə Mütəllibovun dediklərini təkzib edib və onun yaddaşı ilə bağlı müəyyən problemləri olduğuna diqqət çəkib: 

"Bir müddət əvvəl bütün media nümayəndələrindən xahiş eləmişdim ki, imkan daxilində Ayaz Mütəllibovdan heç nə soruşmasınlar. Yaşlı adamdır, üstəlik də yaşına-başına hörmət eləməyən biridir. Yaddaşı da bir az korşalıb, mühüm hadisələri yadırğayıb. Əzbərlədiyi bir-iki cümlə var ki, mahnı nəqarəti kimi arada bir onları züm-zümə edir. Hörmətli jurnalistlər, Ayaz Mütəllibovu danışdırmayın! Qoy, şəhidlərimiz məzarlarında rahat uyusunlar, ruhları inciməsin!”

Mütəllibovun iddialarının əsassız olduğunu vurğulayan KXCP sədri hesab edir ki, tarixi faktları təhrif etməsi onun xarakterindən və özünüqoruma instinktindən irəli gələn mənəvi aşınmanın nümunəsidir:

"Ola bilsin ki, həmin dövrdə bizə məlum olmayan faktlar da baş verib. Məsələn, Əbdürrəhman Vəzirovun Bakıdan nə zaman, necə qaçırılması ilə bağlı konkret məlumatlarımız yoxdur. Amma hamıya məlum olan bir fakt var ki, həmin dövrdə Ayaz Mütəllibov nəyin bahasına olur-olsun, hakimiyyətə can atırdı. Sanki hakimiyyət uğrunda böyük bir yarış gedirdi. "Azadlıq” radiosunun arxivində bu yarışı özündə əks etdirən məşhur reportajlar qalır. Hətta şairlərdən biri açıqlama da vermişdi ki, xalq Həsən Həsənovu tələb edir, rəsmi Moskva isə Ayaz Mütəllibovu hakimiyyətə gətirmək istəyir. Bunları tək mən demirəm ki?! Prosesdə iştirak edən hər kəsin bu müzakirələrdən xəbəri var. Faktiki olaraq həmin dövrdə Azərbaycan bilərəkdən idarəolunmaz bir vəziyyətə gətirilmişdi ki, Mütəllibovu irəli çıxartsınlar və Mərkəzi Komitənin 1-ci katibi təyin etsinlər. Baxın, Ayaz Mütəllibov belə adam olub. O vaxtları xalq azadlıq davası aparırdı, il yarım qabaq ölkədə baş verən proseslər fonunda "ilin xalqı” adını almışdı. Dövlət sərhəddindəki tikanlı məftilləri söküb, birlik uğrunda mübarizə aparırdı. Mütəllibov da vəzifə arxasınca qaçırdı. Əslində biz onlardan millətin azadlığı uğrunda mübarizəyə qatılmaqlarını da gözləmirdik. Rus qafasında olan insanlar idi. Amma heç olmasa, bir az abrı-həyası olan indi çıxıb, bu cür açıqlamalar verməzdi. 20 Yanvar şəhidlərinin qanı üzərindən hakimiyyətə gələn adamdı o. Qanlı Yanvar hadisələrinin günahını AXC liderlərinin üzərinə atmaqdansa, ayıbına kor olub, sussun! Yox əgər o susa bilmirsə, onda biz məcbur qalıb, o vaxt yaşanan bütün faktları açıb, xalqa danışaq?!”

Azərbaycanda 1988-ci ilin 17 noyabrında başlanan mitinqin təşkilatçısı olan Ənvər Əliyev də A.Mütəllibovun dediklərinin reallığa uyğun olmadığını deyib: "Həmin vaxtlar Azərbaycanda fövqəladə vəziyyət elan olunmuşdu. Bu barədə məlumatlar televiziya vasitəsilə açıqlanmışdı. Amma həmin vaxt Əbdürrəhman Vəzirovun vəzifədən çıxarılması ilə bağlı heç bir məlumat yox idi. Halbuki Mərkəzi Komitənin 1-ci katibinin vəzifəsindən azad olunması elə-belə iş deyildi. 1-ci katib çıxarılan zaman mütləq onun yerinə başqa bir adam qoyulmalı idi. Necə olur ki, Mərkəzi Komitənin 1-ci katibini vəzifədən uzaqlaşdırıb, Moskvaya göndərirlər və heç kimə də bu barədə bir şey demirlər. Belə çıxır ki, ayın 16-dan 20-nə qədər ölkə yiyəsiz olub?”.

20 Yanvar hadisəsi ilə bağlı əvvəlcədən müxalifət liderlərinin məlumatlı olmasına və 16 yanvardan sonra ölkədə hakimiyyətin AXC-nin və Moskvadan gələn qrupun əlində olması ilə bağlı A.Mütəllibovun səsləndirdiyi fikirlərə gəldikdə isə Ə.Əliyev bu barədə konkret məlumatlı olmadığını deyib: "Bilirsiniz ki, həmin vaxtlar ölkədə təlatüm, yuxarıdan təşkil olunmuş narazılıqlar hökm sürürdü. İnsanlarda iğtişaş psixologiyası, ölkədə isə xaos hökm sürürdü. Müxalifət liderləri real addım atmaq iqtidarında deyildi. Hər şeyi camaat həll edirdi. Ola bilsin ki, AXC liderlərinin də hansısa səhvləri olub. Amma nəzərə almaq lazımdır ki, camaat birmənalı olaraq inqilaba köklənmişdi. Ölkədə elə bir axın başlanmışdı ki, qarşısını almaq heç cür mümkün deyildi. O vaxtı insanlar indiki psixologiyada deyildi. Ən cüzi bir detala görə, sutkalarla küçələrdə dayanırdı. Rusların hakimiyyətə yiyələnməsinə, hər fürsətdə Azərbaycan əleyhinə qərarlar qəbul etməsinə, xalqı təhqir etməsinə razı ola bilmirdik, azadlıq eşqi ilə alışıb-yanırdıq”.

Şəymən