"Azərbaycan Avropada böyük qaz ixracatçısı kimi də tanınacaq" - Hasilat artır

Azərbaycanda neft və qaz hasilatı artıb. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 25,795 mln. ton xam neft hasil edilib.
Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu həcmin 25 760,6 min tonu əmtəəlik xam neftin payına düşüb. Bu ilin 8 ayında neft hasilatı ötən ilin müvafiq dövründən 0,9% artıq olub.Hesabat dövründə ölkədə 19 542,4 mln. kubmetr qaz hasil edilib ki, bu həcm ötən ilin müvafiq dövründən 4,6 % çoxdur. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda hasil olunan təbii qazın 12 117,1 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik təbii qazın həcmi ötən ilin müvafiq dövründən 0,5% artıq olub.
Artımın Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcəyini iddia edən iqtisadçı-ekspert Pərviz Heydərov "Sherg.az"a bildirib ki, bu, sevindirici haldır:
"Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi, lokomotivi neft və qaz sahəsidir. Ölkə ixracının 95 faizdən çoxunu xam neft və neft məhsulları təşkil edir. Bu vəziyyət qənaət bəxş hesab edilməsə də, hər halda reallıqdır. Gələcəkdə də ölkənin əsas sənaye sahəsi neft və qaz sektorudur. Hazırda "Cənub Qaz Dəhlizi" ndə böyük işlər gedir. Beləliklə də ölkəmiz 2019-cu ilin sonu 2020-ci ilin əvvəllərində Avropada böyük qaz ixracatçısı kimi də tanınmağa başlayacaq. Bundan başqa son zamanlarda "Şahdəniz 2” yatağından əhəmiyyətli dərəcədə ixrac olub ki, bu da büdcəyə əlavə valyuta daxil olmasına şərait yaradıb.
Neft və qaz istehsalı sektorunda görülən işlər, bu sahələrə yatırılan investisiyanın həcminin artması onu deməyə əsas verir ki, gələcəkdə də ölkənin iqtisadiyyatında əsas yeri bu iki sektor tutacaq. Son vaxtlarda Azərbaycanda istənilən halda "qara qızıl" və qaz hasilatının artması iqtisadiyyatımız üçün çox önəmli bir hadisədir. 
Çünki bildiyimiz kimi son vaxtlarda neft hasilatında azalmalar müşahidə edilir. 2010-cu ildən etibarən ölkədə istehsal hər il daha da azalmaqla bir tendensiya halını alıb. Azərbaycan hökuməti bir neçə ildir ki, həm yerli, həm də xarici şirkətlərlə çalışaraq hasilatda ən azından stabilləşmə yaratmağa çalışır. Bununla bağlı investisiyaların həcmini artırıb. Neft sektorunda görülən işlər genişlənib. Bir sözlə, neft və qaz hasilastında hər hansısa bir artımın müşahidə edilməsi Azərbnaycasn iqtisadiyyatı üçün həyati əhəmiyyətli bir haldır”.
Kənan Eynuroğlu