Azərbaycan dilinin qrammatikasına fərqli baxış
Bəhram Cəfəroğlu
ADPU-nun Azərbaycan dili və onun
tədrisi metodikası kafedrasının
baş müəllimi,filologiya üzrə fəlsəfə doktoru
Professor Yusif Seyidovun 15 cildlik əsərlərinin IX cildi Azərbaycan dilinin morfologiya və sintaksisinə həsr olunmuşdur. 2010-cu ildə işıq üzü görən IX cildin hazırlayanı və umumi redaktoru akademik Nizami Cəfərovdur.
Mərhum professor bu cildi öz avtoqrafı ilə bizə bağışlamışdır. Əsər doqquz ildir ki, stolüstü kitablarımdandır.
Əsərin ilk səhifəsində maraqlı bir qeyd var; “ Allahın adı ilə başlayıram. Böyük yaradan mənə imkan versin ki, bu əsərimi başa çatdırım.Məşhur türk şairi Nazim Hikmət ömrünün sonlarında allaha üzünü tutub ondan bir il ömür möhlət istəyərək “Yaşamaq gözəl şeydir, qardaşım” romanını bu sözlərlə bitirmişdir: “Mən altımışın içindəyəm ,beş il də yaşaya bilsəm..”.Mən,Yusif Seyidov altımış beşin içindəyəm .Nazim Hikmət əsərini bitirmişdir.Mən isə başlayıram.Neçə il lazımdır? Bilmirəm”. Professor Yusif Seyidov bu sətirləri yazandan 19 il sonra-18 noyabr,2013-cü ildə, 84 yaşında dünyasını dəyişdi. Dahi Azərbaycan dilçisi “neçə ilin lazım olacağı”nı bilməsə də,əsərinin Azərbaycan dilinin qrammatikasına həsr olunmuş monumental tədqiqat əsəri olacağını, dilçilik tarixində qalacağını, Azərbaycan dilini öyrənən gənc tədqiqatçılara gərəkli bir əsər olacağını bilirdi.
IX cildin ilk bölməsi “Qrammatika” adlanır. Bu bölmədə müəllif morfologiyanın tədqiqi tarixindən, bölgüsündən, sintaksislə morfologiyanın əlaqə və obyektlərinin müəyyənləşdirilməsindən, Azərbaycan dilçiliyi tarixində qrammatika ilə məşğul olan alimlərdən- onların əsərlərindən bəhs edir.
Qrammatikanın ilk bölməsi-morfologiyanın tədqiqat obyekti, morfologiya və söz yaradıcılığı, sözün quruluşu və ya morfoloji quruluşu, sözün kokü və əsası məsələsi kimi qrammatik xüsusiyyətlərə aydınlıq gətirən Y.Seyidov Azərbaycan dilinin qrammatikasına aid yazılmış dərsliklərdə, monoqrafiyalarda sözün kökü və əsası haqqında olan fikirləri ümumiləşdirir və bu məsələyə mövcud yanaşma prinsiplərindən fərqli mövqe nümayiş etdirir; “Bircə onu burada qeyd etməyi lazım bilirik ki, sözün əsası sözün kökü əsasında formalaşır.Bu isə əsasın ilkinidir və bu halda ona düzəltmə demək həqiqətə uyğun deyil.Bundan sonra sözün əsasının yox,sözün özünün fəaliyyəti başlanır.Əsasdan yeni söz yox, sözdən yeni söz və ya sözlər düzəlir.Bu baxımdan, fikrimizcə, düzəltmə əsasdan yox, düzəltmə sözdən bəhs etmək olar.”(1.səh.38).Sözün əsası, söz kökü məsələsi ilə yanaşı, müəllif morfologiyada şəkilçilərin təsnifatına münasibət bildirir, ədəbi dilimizdə işlənən leksik və qrammatik şəkilçilərdən,onların variantlılığından,şəkilçilərin qrammatik omonimlik, sinonimlik, antonimlik kimi xüsusiyyətlərindən söz açır.
Əsərin növbəti bölməsi “Nitq hissələri problemi adlanır”. Nitq hissələrinin dilçilikdə öyrənilməsi ilə əlaqədar elmi tədqiqatları nəzərdən keçirmiş alim nitq hissələrinə ümumdil hadisəsi kimi yanaşır, eyni zamanda o, nitq hissələri və cümlə üzvü probleminin aydınlaşdırılmasının tərəfdarı kimi çıxış edir.
IX cilddə diqqəti cəlb edən məsələlərdən bir də Y.Seyidovun sözə leksik vahid və nitq hissəsi kimi yanaşmasıdır. Təbii ki, leksik mənaya malik olan söz eyni zamanda qrammatik mənaya da malikdir. Əsas nitq hissələrinin xüsusiyyətlərindən bir də budur ki, yalnız leksik mənaya malik olan söz əsas nitq hissəsi hesab olunur. Bu mənada professorun fikirləri yerinə düşür. O, qeyd edir ki, nitq hissələri dilin lüğət tərkibindəki bütün sözləri əhatə edir, heç bir söz nitq hissələrinin əhatəsindən kənarda qala bilməz. Bu, həqiqətən də, belədir, əgər sözdürsə mənaya malikdir,qrammatik və ya leksik mənaya malik olmasından asılı olmayaraq nitq hissəsi hesab olunacaqdır. Lakin burada Yusif Seyidovu bir dilçi alim kimi narahat edən müəyyən məsələlər vardır. O, qeyd edir ki, leksik mənaya malik bəzi mürəkkəb sözlərin praktik təqdimində və izahında uyğunsuzluq var. Uyğunsuzluq dedikdə müəllif onu nəzərdə tutur ki, Avropa dilləri ilə müqayisədə türk dillərində ayrı-ayrı sözlərin birləşərək fonetik cəhətdən bir leksik vahid kimi formalaşması inkişaf etməmişdir.(1.səh.86.)Fikrini konkret misallarla əsaslandıran müəllif vurğulayır ki, “Azərbaycan dilində mürəkkəb feil yoxdur”(1.səh.110). Müəllifin fikirləri mübahisəli olsa belə, Azərbaycan dilinin morfologiyasında fərqli bir yanaşma prinsipi kimi hər zaman mübahisələrə, yeni ideyaların yaranmasına açıqdır.
Müəllif bu əsərində əsas nitq hissələrinin xüsusiyyətlərini izah etməzdən əvvəl, dilçilikdə nitq hissələrinə olan elmi yanaşmanı, müxtəlif dilçi alimlərin nitq hissələri ilə bağlı apardıqları tədqiqatları saf-çürük edir, onlara öz münasibətini bildirir.
Professor Yusif Seyidov nitq hissələrinin ənənəvi bölgüsündən kənara çıxmasa belə, onun əsas və köməkçi nitq hissələrinə elmi yanaşması fərqli idi. O, əsas nitq hissələrinə belə bir tərif vermişdir: “...əsas nitq hissələri qrammatik kateqoriya olmaqla sözlərin-leksik qrammatik məna, morfoloji əlamət və sintaktik mövqeyinə görə fərqlənən söz qruplarıdır.”(1.səh. 220). Müəllifin köməkçi nitq hissələrinə yanaşması isə belə idi;”...bunlar iki yerə ayrılır: ”sözlər və ya cümlələr arasında müxtəlif qrammatik əlaqə yaradanlar”(bağlayıcı, qoşma, bağlama);”Sözlərə və ya cümlələrə müxtəlif məna çalarlığı verənlər, münasibət bildirənlər(ədat, modal sözlər). .”(1.səh. 437).
Köməkçi nitq hissələrinə aid ümumi hissədə nidanın adı çəkilmirƏsas nitq hissələrindən İsmi təsnif etmiş müəllif, əvvəlcə,isimə aid tədqiqatlara münasibət bildirir, sonra isə ismin bir nitq hissəsi kimi xüsusiyyətlərini sadalayır.
Onun isimin özünəqədərki tədqiqinə, təsnifinə yanaşması fərqlidir. Y.Seyidova görə isimlərin konkret və mücərrəd olmaqla iki növdə təqdim edilməsi leksik-semantik bölgüdür, qrammatikaya aidliyi yoxdur(1.səh.227.) O həmçinin qrammatika kitablarında tək və cəm isimlər kimi qruplaşdırılmasına qarşı çıxır, fikirlərini “öz-özlüyündə cəmlik bildirən isimlərin olmaması” ilə əlaqələndirən professor yazır ki,bu bölgü dilimizin faktları ilə uyğun gəlmir.(1. səh.232).
İsim nitq hissəsinə digər dilçilərdən fərqli mövqedən yanaşan professor Y. Seyidov isimlərin “canlı və ya cansız isimlər” adı altında qruplaşdırılmasının da əleyhinədir. Onun fikrincə, bu bölgü isimləri deyil, onların ifadə etdiyi məvhumları fərqləndirdiyi üçün belə bir bölgüyə ehtiyac yoxdur(1.səh. 234).
İsmin hallarına münasibət bildirərkən mərhum professor ənənəvi təsvirçilik üsulu ilə getməmiş, əvvəlcə, türkoloqların, Nəcim Asim, Məhəmməd Rüfət,Mirzə Kazım bəy,Bəkir Çobanzadə, Qərb dilçilərindən Jüberin, həmçinin Nəriman Nərimanovun ismin hal kateqoriyasına aid fikirlərinə istinad etmiş, eyni zamanda, Tabasaran, talış, beluc, kabardin, alman,adıgey, andiy, gürcü, eskimos, mari, çeçen, buryat,çukot,meqri,kalmık, osetin, erziyan,vens,ijor,liv,kareliya, eston, udmurt,saxur,inquş,xınalıq,komipermyatsı,ləzgi, qodabır,avar, basti,xvarşin, vejit, arçin, komiziryan,dargin, akua,tsez,lak kimi təxminən qırxa yaxın müxtəlif dillərdə ismin neçə hala malik olasına dair məlumat vermiş, yalnız bundan sonra ismin hallarını təsvir etmişdir.İlk baxışda sadə görünsə də, qırxa yaxın dilin hal kateqoriyasını araşdırmaq, onları müəyyənləşdirmək gərgin zəhmətin bəhrəsidir.Bu yanaşma təkcə fikrin əsaslandırılması kimi başa düşülməməli, həm də filoloq tələbələrin hal kateqoriyasını öyrəndiyi zaman dünya dillərində analoji vəziyyətin necə olmasını öyrənmək baxımından da əhəmiyyətlidir. Əsərdə ismin halları ilə bağlı təqdim olunmuş məlumatların dəyərini artıran amillərdən biri də morfoloji xüsusiyyətin sintaksislə inteqrasiya şəklində verilməsidir. Oxucu-tələbə və ya mütəxəssis hal kateqoriyası ilə tanış olduqca öyrənir ki, adlıq hal sintaksis bəhsində mübtəda, ismi xəbər rolunda, həmçinin bəzi feili birləşmələrin asılı tərəfi kimi məsələn, həyat güləndə, gün çıxanda; adlıq cümlələr, xitab kimi çıxış edə bilir(1.səh.248).
Qeyd etmək lazımdır ki, professorun hal kateqoriyası haqqında apardığı araşdırmalarda müəyyən ziddiyyətli məqamlar da vardır.Məsələn, onun fikrincə,” adlıq hal vasitəsiz tamamlıq rolunda; Əgər ki, yıxılsam çinar göstərin. İkinci növ təyini söz birləşməsinin birinci tərəfi kimi; Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı,təyin rolunda; “Paslanacaq mənsiz şimşək üzəngim” işlənə bilər(1.səh.248). Müəllifin təqdim etdiyi nümunələrdə “çinar” sözünün qeyri- müəyyən təsirlik, “vətən” sözünün qeyri-müəyyən yiyəlik halda olmasına, “şimşək” sözünün adlıq halda deyil, məhz atributivləşmiş isim kimi işlənməsinə şübhə etmirik.Maraqlı burasıdır ki, Yusif Seyidov tədris zamanı təlimdə sadəlik, asanlıq naminə qeyri-müəyyən yiyəlik və təsirlik halın mövcudluğunu qəbul edir, elmi türkoloji ədəbiyyatda isə bunun əleyhinədir. O, fikirlərini belə arqumentləşdirir:”Hal kateqoriyası hal şəkilçiləri vasitəsilə reallaşır.Hər hansı bir isim söz birləşməsində və ya cümlədə hal şəkilçisiz işlənirsə, bu, o deməkdir ki, o sıfır formalıdır, bu isə adlıq halın əlamətidir.Hal şəkilçisi qəbul etmədən hər hansı halın mövqeyində dayanmaq həmin halda olmaq demək deyil.”(1.səh.250).Qətiyyətlə söyləmək olar ki, bütün elmlərin, o cümlədən dilçilik elminin inkişafında fakta şübhə ilə yanaşmaq, təqdim olunmuş hər hansı bir elmi nəzəriyyəyə fərqli rakursdan baxmaq həmin elmin inkişafına təkan vermişdir. Bu mənada təcrübəli pedaqoq, ömrünün yarısından çoxunu auditoriyada keçirmiş, həyatını dilçilik elminin inkişafına həsr etmiş professor Yusif Seyidovun adıçəkilən məsələdə fəqli mövqeyi maraqla qarşılanır.
Professor Yusif Seyidovun nitq hissələri, xüsusilə isim haqqında apardığı tədqiqatı oxuduqda aydın olur ki, o, ismin bütün kateqoriyalarına fikir bildirməzdən əvvəl rus dilçilərindən E. M. Qalkina, N. K. Dmitriyev; Azərbaycan dilçilərindən M. Hüseynzadə, M. Şirəliyev, S. Cəfərov, Ə. Dəmirçizadə, D. Quliyev, M. Qıpçaq, N. Abdullayev, H. K. Quliyev və adını çəkmədiyimiz onlarla alimin bu məsələ ilə bağlı əsərlərinə münasibət bildirir,yeri gəldikcə onlara istinad edir. Bu isə öz növbəsində onun bir alim kimi böyüklüyünün təzahürüdür.
Müasir Azərbaycan dilinin əsas nitq hissələrindən biri kimi sifət nitq hissəsi həm orta məktəb, həm də ali məktəblərin müvafiq fakültələrinin tədris proqramlarına daxil edilmişdir. Orta məktəb dərslik və dərs vəsaitlərində sifət nitq hissəsinin izahı ilə bağlı ciddi fikir ayrılığına rast gəlmirik. Ali məktəblərimizin tədris proqramlarına aid dərsliklərdə və dərs vəsaitlərində isə vəziyyət fərqlidir.Bu fərqlilik özünü daha çox sifətin dərəcələrində göstərir.Ötən əsrin 20-ci illərindən günümüzə qədər yazılan qrammatika kitablarına qısa nəzər salsaq təxminən belə bir mənzərə alınar:1938-ci ildə çap olunmuş əsərlərin bir çoxunda sifətin adi, kiçiltmə, üstünlük, müqayisə, şiddətləndirmə adı altında beş dərəcəsiqeyd olunmuşdur. (2.səh.73).Sonrakı illər sifətin dərəcələrinə münasibət dəyişmiş, bəzən onların sayı beş, bəzən altı, bəzən isə hətta yeddiyə qədər yüksəldilmişdir. Maraqlıdır ki, son illər aparılan tədqiqatlarda sifətin üç dərəcəsinin olduğu qeyd olunur. Məsələn, B. Xəlilovun 2016-cı ildə nəşr olunan “Müasir Azərbaycan dilinin morfologiyası II hissə” əsərində sifət nitq hissəsinin adi, azaltma, çoxaltma kimi üç dərəcəsi qeyd olunur.(3.səh.110). Y.Seyidov Azərbaycan dilçiliyində sifətin dərəcələrinə olan fərqli fikirlərin hansı səbəblərdən qaynaqlandığını dəqiqliklə izah etməklə sifətin məhz üç- adi,azaltma və çoxaltma dərəcələrindən ibarət olduğu qənaətindədir.
Sifətin tədrisi zamanı qarşıya çıxan çətinliklərdən biri də elmi ədəbiyyatların bəzilərində eynimənalı sözün həm sifət, həm zərf, və ya bəzi isimlərin sifət kimi təqdim olunmasıdır. Mərhum professorun bu məsələ ilə bağlı maraqlı bir qeydi ilə rastlaşırıq:”Məhz zahiri fərqləndirici qrammatik əlamətlərin olmaması bir sıra sifətlərin nitq hissəsi kimi müəyyənləşdirilməsində fikir ayrılığına səbəb olmuşdur”(1.səh.279).
Müəyyən xüsusiyyətlərinə görə nisbətən sifət nitq hissəsinə yaxın olan Say nitq hissəsi də Y. Seyidovun təqdimatında maraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir.
Sayın bir nitq hissəsi kimi kəmiyyət bildirməsini, miqdar və sıra sayı olmaqla iki məna növünə ayrılmasını qeyd etmiş Y.Seyidov sıra saylarının məhz miqdar saylarından yaranması qənaətindədir. Lakin, onun say nitq hissəsi haqqında fikirləri yuxarıda qeyd olunan faktlarla məhdudlaşmır. Müəllif qeyd edir ki qrammatika kitablarında”Bir sıra zərflər, məsələn, əvvəl, axır, son orta-ıncı,-inci,-uncu,-üncü,-ncı şəkilçilərini qəbul edərək, sıra anlayışı bildirir” fikrinə ehtiyyatla yanaşmaq lazımdır. Bu sözlərin məzmununda sıra bildirmək çaları var, burada yeni söz yaranmır(1.səh. 290). Maraqlıdır ki, B. Xəlilov da “Azərbaycan dilinin morfologiyası” dərsliyində əvvəl, axır,orta, son sözlərinin sıra sayı məzmunu ifadə etdiyini qeyd etmişdir.(3. səh 130).
Professor Y.Seyidovun Azərbaycan dilinin morfologiyasına aid apardığı tədqiqatlardan aydın olur ki, onun elmi yaradıcılığı pedaqoji fəaliyyəti ilə qovuşuq şəkildə olmuşdur. İstənilən bir qrammatik kateqoriyanın izahı, tədqiqi oxucuda auditoriyada eşidilən müəllim şərhi təsiri bağışlayır.
IX cilddə əksini tapmış digər əsas nitq hissələrindən əvəzlik, zərf və feilin, həmçinin köməkçi nitq hissələrinin tədqiqi, adı çəkilən nitq hissələrinə münasibət təkrarçılıqdan,sözçülükdən uzaq, fərqli elmi konsepsiyararı ilə yadda qalır.
Ədəbiyyat siyahısı
1.Yusif Seyidov “Əsərləri 15 cilddə. IX cild” Bakı,”Bakı Universiteti”nəşriyyatı, 2010,672 s.
2.Ə.Dəmirçizadə,D.Quliyev.”Qrammatika.I hissə”,Bakı, 1938
3.B. Xəlilov “Müasir Azərbaycan dilinin morfologiyası II hissə”,Bakı,“Papirus NP”,2016,352 s.
4.Ə. Tanrıverdi “Azərbaycan dilinin tarixi qrammatikası”, Bakı,”Elm və təhsil”, 2017,537 s.
5.Q.Kazımov “Müasir Azərbaycan dili”,Bakı, “Ünsiyyət”,2000,494 s.