Ekspert: “Riyaziyyatda geriləmənin səbəbi təkcə müəllim çatışmazlığı deyil”

Əmrah Həsənli: “Riyazi məktəbin itirilməsi təhsilin əsas sütununu zədələyib”

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycanda riyaziyyat təhsilinin mövcud vəziyyəti ilə bağlı mühüm məqamlara toxunub. O, ölkədə formalaşmış riyazi məktəbin əsas müəllimlərinin tədricən itirilməsinin bu sahədə nəzərəçarpacaq sıçrayışın olmamasına səbəb olduğunu bildirib: “Biz riyazi məktəbin əsas müəllimlərini itirmişik. Buna görə də riyaziyyatda sıçrayış yoxdur, amma xarici dildə irəliləyiş var. Riyaziyyatda bunu görmürük. Müəllimlər deyir ki, biz belə həll edə bilmirik, şagird necə etsin? Proqramdan kənar heç nə yoxdur, sadəcə düşünmək lazımdır. Cəmiyyətimiz o zaman inkişaf edəcək ki, yeni nəsil bizdən daha ağıllı olsun”.

M. Abbaszadə vurğulayıb ki, bir sıra hallarda müəllimlərin özlərinin belə qeyri-standart riyazi məsələlərin həllində çətinlik çəkməsi şagirdlərin bu fənni mənimsəməsinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, cəmiyyətin inkişafı yeni nəslin daha yüksək intellektual səviyyəyə çatmasından asılıdır.

 Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, Məleykə xanımın qeyd etdiyi "riyazi məktəbin itirilməsi" məsələsi əslində təhsilimizin fundamental sütunlarından birinin zədələnməsi deməkdir. Ekspert qeyd edib ki, bu gün riyaziyyatda sıçrayışın olmaması təkcə kadr çatışmazlığı deyil, həm də yanaşma problemidir:

" Xarici dildə müşahidə olunan irəliləyiş onun praktikliyi və gündəlik həyatla birbaşa bağlılığı ilə əlaqədardırsa, riyaziyyat hələ də şagirdlərin gözündə yalnız imtahan keçmək üçün lazım olan "quru düsturlar toplusu" olaraq qalır. Bizim əsas problemimiz şagirdlərə riyaziyyatın bir düşüncə tərzi olduğunu aşılaya bilməməyimizdir. Müəllimlərin "biz həll edə bilmirik" dediyi suallar əslində proqramdan kənar deyil, sadəcə standart qəliblərdən kənardır. Bu gün riyazi biliklərin zəif olması mexaniki öyrənmə bəlasından qaynaqlanır; uşaqlar düsturu əzbərləyir, amma o düsturun məntiqi əsasını və ya fərqli situasiyada tətbiqini dərk etmirlər. Bu boşluğu doldurmaq üçün məktəblərdə riyaziyyatın "həyatlaşdırılması" metoduna keçilməlidir. Şagird faizi bank əməliyyatları, həndəsəni isə memarlıq və dizayn üzərindən öyrənməlidir. Eyni zamanda, dərslərdə yalnız doğru cavabı tapmağa deyil, alternativ və yaradıcı həll yolları axtarmağa üstünlük verilməlidir. Süni intellekt və vizual simulyasiyalar kimi müasir rəqəmsal alətləri dərslərə inteqrasiya edərək, bu fənni mücərrədlikdən çıxarıb maraqlı bir kəşf prosesinə çevirmək mümkündür. Cəmiyyətin inkişafı üçün yeni nəslin bizdən daha ağıllı olması şərtdir və bu ağılın təməli məhz analitik təfəkkürün, yəni riyaziyyatın düzgün metodlarla tədrisindən keçir".