Azərbaycan-Gürcüstan arasındakı iqtisadi münasibətlər yüksək səviyyədədir

"Baxtadzenin səfərinin əsas məqsədi əməkdaşlığın artırılması istiqamətlərini müəyyənləşdirmək idi"

Avqustun 30-da Gürcüstanın baş naziri Mamuka Baxtadze Azərbaycana səfər edib. Gürcü baş nazir səfər zamanı Prezident İlham Əliyev və digər rəsmilərlə görüşüblər keçirib, görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxtadzenin Bakı səfəri fonunda Azərbaycan –Gürcüstan münasibətlərininin bundan sonrakı gedişatını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hazırda iki ölkə arasındakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu deyib. 

Baxtadzenin Azərbaycana ilk səfərinin hər iki ölkə üçün uğurlu gələcək vəd etdiyini vurğulayan politoloq,

Mamuka Baxtadzenin baş nazir olmamışdan əvvəl "Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri olduğunu xatırladıb:

" O, bu vəzifədə bir neçə dəfə Bakıda olub. Yəni Mamuka Baxtadzenin bundan əvvəl də Azərbaycanla əməkdaşlıqda böyük təcrübəsi var. İki ölkə arasındakı iqtisadi münasibətlər yüksək səviyyədədir. Buna misal olaraq xeyli birgə layihəni göstərmək olar. Üçtərəfli formatda (Gürcüstan-Azərbaycan-Türkiyə) da əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Gürcüstan iqtisadiyyatının əsas investorlarındandır. Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Buna həm də Gürcüstandakı münbit investisiya mühiti şərait yaradır. Buna baxmayaraq, iki ölkə arasındakı iqtisadi və ticarət əməkdaşlığını daha da artırmağa potensial var. Prezidentİlham Əliyevin Mamuka Baxtadze ilə görüşdə söylədiyi "Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik” fikrirləri də bundan xəbər verir”.

Politoloq hesab edir ki, M. Baxtadze da iki ölkə arasındakı əməkdaşlıqdan məmnundur

"O da ölkə başçısı İlham Əliyev kimi əməkdaşlığı artırmaq üçün potensialın olduğunu düşünür. Çıxışında da vurğuladı ki, potensial böyükdür və ümid edir ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı daha da yaxşı inkişaf etdirmək mümkündür.
Gürcüstanın baş nazirinin Azərbaycana səfərinin əsas məqsədi əməkdaşlıqdakı uğurları bir daha qeyd etmək, ikincisi isə bu əməkdaşlığın artırılması istiqamətlərini müəyyənləşdirmək idi. Əsas hədəflərdən biri ticarət mübadiləsini yaxın iki ildə 50-60 faiz artırmaqdır”.

Şəymən