"Azərbaycan maşın idxalçısından ixracatçısına çevriləcək" - AÇIQLAMA

Azərbaycanda minik avtomobili istehsalı 10 dəfə artıb. Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 311 minik avtomobili istehsal olunub. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, istehsal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 dəfə artıb. Sentyabrın 1-nə 131 ədəd hazır məhsul ehtiyatı yaranıb. Traktor istehsalıda illik 3,8% artaraq bu ilin ilk səkkiz ayı ərzində 977 ədədə çatıb.
Məsələni dəyərləndirən nəqliyyat eksperti, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı "Sherg.az”a açıqlamasında artımı "Xəzər” avtomobillərinin istehsalı ilə əlaqələndirib:
‘‘Atıq yerli istehsalımız olan ‘Xəzər' avtomobilləri daxili bazara uğurla çıxmağa başlayıb. Ümid edirdik ki, bu maşınlar 'NAZ-Lifan' kimi kölgədə qalmayacaq. Bu avtomobillərin istehsala bir neçə ay bundan öncə başlamasına baxmayaraq biz onu Rusiyada sərgidə gördük. Şimal qonşumuzda 'Xəzər' avtomobillərinə böyük maraq var. Düşünürəm ki, gələcəkdə Azərbaycan maşın idxalçısından ixracatçısına çevriləcək. Amma bunun üçün mütəxəssislərin fikirindən istifadə edərək keyfiyyətli məhsul istehsal edilməlidir. Elə ölkəmizdə də avtomobil alıcıları keyfiyyətli mallar gəzirlər ki, gələcəkdə az qala hər gün ustalara baş çəkməsin. Məncə, Azərbaycan daxili avtomobil tələbatını öz istehsalı ilə ödəyə bilər.
Azərbaycanda minik maşınları istehsalının bir sıra müsbət cəhətləri var. Çünki öz ölkəmizdə emal olunan avtomobillər alıcılara daha ucuz qiymətə təklif olunurlar. Ona görə ki, gömrük xərcləri olmur. Həmçinin 'Xəzər' avtomobilləri taksi xidməti üçün əvəzolunmaz seçimdir. 
Bununla yanaşı ölkədə maşın istehsal edilirsə, orada kompleks iş rejimi həyata keçirilməlidir. H əmin avtomobilin hər hansısa bir detalı sıradan çıxırsa, onu asanlıqla Azərbaycanın bütün regionlarından tapa mümkün olur. Məsələn, 'Toyota'nın hər hansısa bir ehtiyat hissəsi xarab olanda onu ölkənin bütün yerlərində əldə etmək mümkündür. 'Xəzər’ avtomobillərində də belə olmalıdır. Sürücülər yolda bu kimi məsələlərlə bağlı arxayın olmaq istəyir. "Xəzər” avtomobilləri bu məqamlara əməl edərək bazarı ələ ala bilər”.
Kənan Eynuroğlu