"Azərbaycan türkləri Ruhanini seçməklə..." - İZAH




"İranda Ruhanilər Şurası seçkilərə buraxılan namizədləri müəyyən edərkən istədikləri şəxsə mane olurlar”.

Bunu Sherg.az-a İranda Həsən Ruhaninin növbəti dəfə prezident seçilməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, qalan prosedurlar demək olar, nisbətən demokratik keçirilir:

"Əvvəla, seçkiqabağı təbliğat-təşviqat işlərində müəyyən demokratik elementlər var. Verilən səslərin hesablanmasında demokratik prinsiplərə riayət edilir. Bu mənada Həsən Ruhani xalqın seçdiyi liderdir. Səsvermədə çoxluq təşkil edənlər də Azərbaycan türkləri idi. Azərbaycan türkləri ilə bağlı H. Ruhaninin böyük ümidi var idi. Ona görə, seçkiqabağı kampaniyanın böyük hissəsini Təbrizdə, Urmiyada, Həmədanda və azərbaycanlıların çoxluq təşkil etdiyi digər bölgələrdə həyata keçirdi. Əvvəl o "azəri” deyirdi, insanlar etiraz etdikdən sonra onlara Azərbaycan türkləri deyə müraciət etməyə başladı. 

Keçən seçkilərdə azərbaycanlılar üçün məktəblər açdırmaq barədə vədlər verdi. Bu dəfə isə verdiyi vədləri yerinə yetirəcək. Həqiqətən də ikinci dəfə seçiləndən sonra inamlı və qətiyyətli addım atır. Güman edirəm ki, seçim düzgün idi. Seçilən Həsən Ruhani həm Qərbin, həm də İranın maraqlarına uyğundur. Ruhani yalnız Qərblə İran arasındakı soyuq münasibətləri səngidə bilər. Bu mənada qazanan İran xalqı və İran dövləti oldu. Belə güman edək ki, Azərbaycan türkləri Ruhanini seçməklə müəyyən arzularını həyata keçirə bilərlər. Bu seçim Bakı üçün də əhəmiyyətlidir. Çünki digər mühafizəkar şəxslərlə müqayisədə Ruhani daha yaxşı namizəddir”.

Qeyd edək ki, İranda keçirilən prezident seçkilərində Həsən Ruhani qələbə qazanıb, ikinci dəfə prezident seçildi.

Aysel Aslan