Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda görüşəcəklər

Təşəbbüs baş tutarsa, bu, 18 illik fasilədən sonra ABŞ ərazisində ilk görüş olacaq
Elxan Şahinoğlu: "Nikol Paşinyan münaqişənin köklü həllinə hazır deyil"



Məhəmməd Əsədullazadə: "Ağ Ev fərqindədir ki, münaqişə həll edilmədikcə, Moskvanın təsirlərini regionda zəiflətmək mümkün olmayacaq"

Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın yaxın günlərdə Vaşinqtonda görüş keçirəcəyi gözlənilir. ABŞ rəhbəri Donald Trampın xüsusi işlər üzrə köməkçisi Fiona Hillin Ermənistana səfəri zamanı bu məsələ ətraflı müzakirə olunub. Məlumata görə, Hill İrəvanda Paşinyan iqtidarına keçiriləcək görüşlə bağlı təlimatlar verərək, danışıqların yeni formatda aparılması mesajını verib.

Görüş ehtimalını "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Vaşinqtonun təşəbbüsü baş tutarsa, bu, 18 illik fasilədən sonra ABŞ ərazisində ilk görüş olacaq. Ekspertin sözlərinə görə, sonuncu dəfə Azərbaycan və Ermənistan liderləri 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərciyində görüşüblər: "Masa üzərinə sazişin mətni qoyulsa da, imzalanmadı. Çünki Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermirdi. Budəfəki görüşdən də iki səbəbə görə real nəticə gözləmək çətindir. Birinci səbəb odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin köklü həllinə hazır deyil. O, sadəcə bu mövzuları müzakirə etməyə hazırdır: - Atəşkəsi necə qoruyaq, inam atmosferini necə yaradaq, gediş-gəlişi bərpa edək. Bu mövzular isə münaqişə həll olunmadan bizi maraqlandırmır, maraqlandırmamalıdır da. Çünki bu detallar münaqişənin uzanmasına xidmət edir ki, bu da Ermənistanın maraqlarına uyğundur”.

Analitik hesab edir ki, Vaşinqton görüşünün nəticəsiz qalmasına dəlalət edəcək ikinci səbəb Ermənistan hakimiyyətinin əvvəlkitək Moskvadan asılı olmasıdır: "ABŞ hazırda Rusiyanın rəqibidir, demək olar ki, bütün məsələlərdə fərqli mövqelərə malikdirlər, üstəgəl, Amerikanın Rusiyaya qarşı sanksiyaları mövcuddur. Belə şəraitdə Moskva Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşündə uğur qazanılmasını istəməz. Görüşün Vaşinqtonda keçiriləcəyi həm də o deməkdir ki, Amerika da Cənubi Qafqazda söz sahibi olduğuna eyham vurur. Kreml isə bu cür eyhamları rədd edir və ABŞ-ın Cənubi Qafqazdakı varlığına qısqanc yanaşır. Ona görə də Kreml İrəvanın əli ilə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mümkün fəallığına mane olmağa çalışacaq”.

Politoloq Məhəmməd Əsədullazadə də "Şərq”ə bildirib ki, son dönəmlər ABŞ-ın Cənubi Qafqaza diqqəti artmaqdadır:

 "Məqsəd Ermənistan rəhbərliyinin Rusiya ilə əlaqələrini zəiflətmək, həmçinin Qarabağ konfliktinin həllində Paşinyanın qeyri-konstruktiv siyasətinin qarşısını almaqdır. Vaşinqtonun Paşinyan hakimiyyətinə etimad göstərmədiyi onu Ağ Evə dəvət etməməklə özünü göstərdi. Bundan əlavə, düşmən ölkəyə inqilab prosesində vəd edilən vəsaitin verilməməsi Vaşinqtonun gözləntilərini doğrultmamasından irəli gəlir.

 Güman edirəm ki, ABŞ Paşinyan hakimiyyətinə Vaşinqton görüşünün substantiv həll variantında aparılmasını şərt kimi irəli sürəcək. Çünki Ağ Ev fərqindədir ki, münaqişə həll edilmədikcə, Moskvanın təsirlərini regionda zəiflətmək mümkün olmayacaq”.

İsmayıl