- Paşinyanın sərhəd mesajı region üçün yeni siqnaldır, Naxçıvan bağlantısı və Orta Dəhliz gündəmdədir
Ermənistan tərəfi TRIPP layihəsi ətrafında proseslərin inkişafı ilə paralel olaraq yaxın vaxtlarda Türkiyə ilə sərhədin açılacağını gözləyir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Britaniya biznes forumunda çıxışı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, Türkiyə ilə sərhədin açılması ilə yanaşı, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında dəmir yolu əlaqələrinin də bərpası gözlənilir.
O qeyd edib ki, TRIPP layihəsinin reallaşdırılması Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu bağlantısının yaradılmasını da təmin etməlidir.
Paşinyan bildirib ki, Ermənistan və region transformasiya mərhələsindədir və bu proses Azərbaycanla Ermənistan arasında formalaşmış sülh mühiti, eləcə də bunun nəticəsində yaranan yeni iqtisadi və nəqliyyat imkanları ilə bağlıdır.
Baş nazirin sözlərinə görə, TRIPP layihəsinin həyata keçirilməsi Ermənistanın və bütövlükdə regionun iqtisadi və nəqliyyat mühitini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Layihənin praktiki icrasına başlanması üçün gündəlik iş aparıldığını bildirən Paşinyan TRIPP-in təkcə Ermənistanın deyil, bütün regionun iqtisadi mühitinə təsir göstərə biləcək əsas amillərdən birinə çevriləcəyini vurğulayıb. Onun sözlərinə görə, artıq Ermənistan ətrafında müəyyən investisiya fəallığı müşahidə olunur və TRIPP-in reallaşdırılması yeni layihələrin yaranmasına, ölkənin və regionun investisiya cəlbediciliyinin artmasına təkan verə bilər
Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında bildirib ki, Paşinyanın bu prosesi TRIPP layihəsi, eləcə də Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dəmir yolu əlaqələrinin bərpası ilə paralel təqdim etməsi İrəvanın sərhədlərin açılmasına daha geniş regional bağlantılılıq strategiyasının tərkib hissəsi kimi yanaşdığını göstərir: 
“Türkiyə-Ermənistan sərhədinin açılması ideyası yeni deyil. Lakin indiki mərhələni fərqləndirən əsas məqam Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin və TRIPP layihəsinin paralel irəliləməsidir. Sentyabrda Nyu-Yorkda Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə də Ermənistan-Türkiyə normallaşmasının sürətləndirilməsi və regional nəqliyyat bağlantılarının açılması məsələləri TRIPP ilə əlaqələndirilib.
Bununla belə, sərhədin tam açılmasının qarşısında hələ müəyyən siyasi və praktiki məsələlər qalır. Əsas şərtlərdən biri Azərbaycan-Ermənistan sülh prosesinin hüquqi baxımdan tamamlanması və regional kommunikasiyaların açılması ilə bağlı razılaşmaların praktiki icrasıdır. Bundan başqa, dəmir yolu infrastrukturu, sərhəd-keçid məntəqələri, gömrük prosedurları və texniki standartların uyğunlaşdırılması da vaxt tələb edir. Ermənistan tərəfi əvvəlcə mövcud sovet dövrü dəmir yolu xətlərinin bərpasını nəzərdə tutur.
Türkiyə baxımından isə sərhədin açılması Ermənistanla ikitərəfli münasibətlərdən daha geniş geosiyasi çərçivədə qiymətləndirilir. Ankara uzun müddətdir Azərbaycan-Ermənistan münasibətlərində irəliləyişi Türkiyə-Ermənistan normallaşmasının əsas amillərindən biri kimi nəzərdən keçirir. Bu səbəbdən Bakı ilə İrəvan arasında davamlı sülh və nəqliyyat məsələlərində razılaşmalar sərhədin açılması üçün də mühüm siyasi zəmin yaradacaq”.
Y. Bağırzadənin sözlərinə görə, iqtisadi baxımdan potensial nəticələr kifayət qədər genişdir:
“Türkiyə-Ermənistan sərhədinin açılması Ermənistanın Avropa və Türkiyə bazarlarına çıxışını asanlaşdıra, Türkiyənin şərq vilayətlərinin tranzit imkanlarını genişləndirə və Cənubi Qafqazda yeni ticarət marşrutları yarada bilər. Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə dəmir yolu əlaqələrinin bərpası isə regionu daha böyük Avrasiya nəqliyyat şəbəkələrinə bağlaya bilər.
Azərbaycan üçün də bu proses mühüm imkanlar yaradır. Naxçıvanla birbaşa bağlantının formalaşması Azərbaycanın Türkiyə ilə quru nəqliyyat əlaqələrini gücləndirə, eyni zamanda Orta Dəhlizin alternativ marşrutlarını genişləndirə bilər. Beləliklə, Türkiyə-Ermənistan sərhədinin açılması yalnız iki ölkə arasındakı münasibətlərin normallaşması deyil, Cənubi Qafqazın uzun müddət bağlı qalmış kommunikasiya sisteminin yenidən inteqrasiyası demək ola bilər.
Ona görə Paşinyanın açıqlamasını siyasi iradənin göstəricisi kimi qiymətləndirmək mümkündür, lakin sərhədin faktiki açılması hələ də siyasi razılaşmaların və texniki hazırlığın tamamlanmasından asılıdır”.