Düşmən işğal etdiyi torpaqları tərk etməlidir
"Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir”. Bunu ötən gün Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, iki il bundan əvvəl Azərbaycan xalqı bir daha öz yüksək mənəvi ruhunu nümayiş etdirib: "Mənfur qonşular kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-insani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evə ziyan dəymişdi. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşmən mövqelərini məhv etdi, düşməni öz yerinə oturtdu. İşğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi.
Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik”. Prezident vurğulayıb ki, aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür: "Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, biz bunu sübut etdik. Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı. Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir. Bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Dövlət başçısının diqqət çəkdiyi məqamları "Şərq”ə dəyərləndirən analitik Ehtiram Aşırlı deyib ki, Azərbaycan xalqı öz dədə-baba yurdlarına qayıtmağın həsrəti ilə yaşayır. Məhz bu səbəbdən ölkə başçısının da vurğuladığı kimi, xalqımız heç bir zaman işğalla barışmayacaq:
"Azərbaycan xalqı mərd xalqdır və heç vaxt torpaqlarımızın işğalda qalması ilə barışa bilməz. Aprel döyüşləri Azərbaycan xalqının mərdliyinin, igidliyinin bariz nümunəsidir. Bu baxımdan Prezident İlham Əliyevin bəhs etdiyi kimi, "Aprel döyüşləri”ndən sonra işğalçı ölkə bir daha özünə gələ bilməyib. Erməni ictimaiyyəti hələ də biabırçı məğlubiyyətin psixoloji təsirindən çıxa bilmirlər. Ermənistan siyasi, iqtisadi, mədəni və hərbi demoqrafik cəhətdən böhran içərisindədir. Lakin bütün bunlara baxmayaraq, işğalçı ölkə baş verən hadisələrdən dərs çıxartmayıb. Çünki yeni hökumət, xüsusilə də baş nazir Nikol Paşinyanın sərt bəyanatlar səsləndirməsi onu göstərir ki, kriminal rejimin səhvlərini təkrarlayır”.
Ekspertin sözlərinə görə, dövlət başçısının qeyd etdiyi kimi, yeni hökumət köhnə diktatura rejiminin yolunu getməməli və işğal altında olan Azərbaycan torpaqlarından çıxmalıdır:
"Əks halda Nikol Paşinyan və erməni xalqı növbəti dəfə Azərbaycan Ordusunun gücünə şahid olacaq ki, bu da işğalçı ölkənin sonu deməkdir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, biz heç bir zaman icazə verməyəcəyik ki, Azərbaycan torpaqlarında ikinci bir Ermənistan dövləti yaransın”.
İsmayıl