Amma biz olduğumuz yerdə cavablarını mütləq alırlar. Bu cavabların da ən mükəmməlini onlara cənab Prezident verir
Azərbaycana hücum edən bəlli mərkəzlər var
Bizim olmadığımız yerdə onlar qərəzli mövqe ortaya qoyurlar
Amma biz olduğumuz yerdə cavablarını mütləq alırlar. Bu cavabların da ən mükəmməlini onlara cənab Prezident verir
Amma biz olduğumuz yerdə cavablarını mütləq alırlar. Bu cavabların da ən mükəmməlini onlara cənab Prezident verir
"Azərbaycana qarşı media azadlığı ilə bağlı tənqidlərin əsası yoxdur”. Bunu Prezident İlham Əliyev ötən gün Davos Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, buna media azadlığı da aiddir, ölkəmizdə media tamamilə azaddır. Prezident vurğulayıb ki, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir:
"Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz”.
Media azadlığı ilə bağlı reytinqlərdə Azərbaycana niyə aşağı dərəcə verildiyinə dair sualı cavablandıran Prezident deyib ki, bu, siyasi səbəblərlə bağlıdır: "Reallığı dəyişmək olmaz. Azərbaycanda fundamental azadlıqlar təmin olunur. Bizim hökumətimiz hər bir kəndə genişzolaqlı internetin çatdırılması üçün bir çox vacib layihələr həyata keçirir. Bu qiymətləndirmə çox ədalətsiz yanaşma əsasında təşkil olunub. Bəzən bizə düşməncəsinə yanaşırlar. Qərəzli reytinqlər qərbdə bəzi siyasi mərkəzlər tərəfindən təşkil olunur. Səbəbi çox sadədir. Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir. Biz ölkəmizə problem törədəcək, riskli olan macəralara qatılmırıq. Azərbaycanda daxili risklər yoxdur, siyasi və iqtisadi stabillik var. Bizim üzləşə biləcəyimiz istənilən risk xaricdən gələ bilər”. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyalara cəlb etməklə bağlı bir sıra cəhdlər olub. Lakin Azərbaycan heç kəsə qarşı oynamır, riskli və milli maraqlarımıza zidd olan kampaniyalara qatılmır: "Bu kimi reytinqlər bizim nüfuzumuzu hörmətdən salmağa hədəflənib. Azərbaycanı qeyri-demokrat ölkə kimi göstərmək istəyirlər. Lakin bu belə deyil. Siyasi inkişaf iqtisadi inkişafla bağlıdır. Dünya iqtisadi forumunun açıqlamasına görə, Azərbaycan iqtisadi rəqabətliliyə görə 35-ci yerdə qərarlaşıb. Bu, yaxşı göstəricidir və bir daha nümayiş etdirir ki, bizim ölkə azaddır”.
Məsələ ilə bağlı SİA-ya danışan "SƏS” Media Holdinqin rəhbəri Bəhruz Quliyev deyib ki, Prezident İlham Əliyevin əhəmiyyətli çıxışı media və söz azadlığının mövcudluğu, eləcə də Azərbaycanın maraqlarına qarşı çıxış edən müəyyən xarici dairələrin cəhdləri ətrafında oldu. Bu da özündə bir sıra mühüm məqamları ehtiva etməkdədir.
Baş redaktorun sözlərinə görə, Prezident jurnalistlərin suallarını cavablandırarkən, fikirləri məhz bu faktor üzərinə yönəldərək, ölkəmizdə bütün hüquqların tam şəkildə qorunduğunu vurğulayıb:
"Təəssüf ki, bir sıra qərbyönlü təşkilatlar və media ilə bağlı olan beynəlxalq qurumlar ölkəmizdəki real vəziyyəti sağlam baxışla görmürlər, ya da görmək istəmirlər. Məhz dövlət başçımız onların qarşısına dolğun, arqumentli sübutlar qoydu ki, bu sübutlar tam mənada özünü əks etdirməkdədir. "Azərbaycanda media tamamilə azaddır” deyən dövlət başçısı panel müzakirəsində onu da xatırlatdı ki, ölkə əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Bir halda ki, Azərbaycanda internet heç bir senzura, müdaxilə olmadan azad şəkildə fəaliyyət göstərirsə, ölkə əhalisinin böyük hissəsi internet istifadəçisidirsə, demək, medianın fəaliyyətində ümumiyyətlə məhdudiyyətdən danışmaq qeyri-mümkündür”.
B.Quliyev əlavə edib ki, istənilən ciddi sorğu mərkəzlərinin hesabatlarında Azərbaycanın demək olar ki, bütün sahələrdə irəliləməsinin şahidi oluruq:
"Diqqət edin, Azərbaycan digər müstəqil ölkələrdən fərqli olaraq daha dinamik fəaliyyəti ilə yanaşı, həm də milli maraqlar kontekstindən çıxış edir. Söz yox ki, bu hal bəzi dairələri ciddi şəkildə narahat edir. Ölkə başçısı bu nöqteyi-nəzərdən Qərb qurumlarının münbit reallığı həzm edə bilmədiklərini vurğulayıb. Qeyd edib ki, ölkəmizlə bağlı bəzi qərəzli reytinqləri də məhz həmin qurumlar müxtəlif vasitələrlə ictimailəşdirməyə cəhdlər göstərirlər. Əlbəttə ki, burada həmin dairələrlə əlbir olan və özlərini müxalifətçi, QHT rəhbəri, hüquqşünas adlandıran toplum da mövcuddur. Onlar bu və ya digər şəkildə həmin qərəzlərin yayılmasında canfəşanlıq göstərirlər. Ancaq söz yox ki, belə cəhdlərin heç biri nə onların, nə də onlarla əlbir olanların istədikləri nəticəni vermir, verə də bilməz. Belə ki, ortada reallıq mövcuddur. Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir, siyasi inkişaf iqtisadi inkişafla yanaşı tərəqqi edir”.
Siyasi şərhçi Azər Həsrət də bildirib ki, media, söz və mətbuat azadlığı ilə bağlı məsələnin forumda gündəmə gətirilməsi və sual şəklində cənab Prezidentə ünvanlanması bizim xeyrimizədir:
"Çünki sual ünvanlayan adam əlbəttə ki, bir çox mətləblərin aydınlanmasına vasitəçi olmuş olur. Ölkə başçısı orada qəti və aydın şəkildə ifadə etdi ki, Azərbaycanda mətbuat azadlığı ilə bağlı məsələ nə yerdədir. Yəni konkret faktlarla, arqumentlərlə dünya ictimaiyyətinə Azərbaycandakı gerçək medianın durumu ilə bağlı məlumat vermiş oldu. Əlbəttə, burada bizim üçün sirr deyil ki, Azərbaycana hücum edən bəlli mərkəzlər var. Həmin mərkəzlər bu və ya digər şəkildə ölkəmizi gözdən salmağa çalışırlar. Bizim olmadığımız yerlərdə onlar bunu edə bilirlər.
Amma biz olduğumuz yerdə cavablarını mütləq alırlar. Bu cavabların da ən mükəmməlini onlara cənab Prezident verir. Dövlət başçısı söz və mətbuat azadlığı ilə bağlı Davos forumundakı çıxışında çox ciddi və konkret arqumentləşdirilmiş cavab verməklə vəziyyəti tam izah edə bildi. Mən elə bilirəm ki, ağlı başında olan insanlar və xüsusən də ədalətli mövqe tutan insanlar bu çıxışdan nəticə çıxarmalıdırlar”.
İsmayıl