Bağçada dini radikalın nə işi var ki… Hüquqşünas OD PÜSKÜRDÜ

Qurban Məmmədov: “ Onların bu cür təbliğatlara əl atması hüquqi cəhətdən düzgün deyil”


Bunlar Azərbaycanda dini ekstremizmi gücləndirmək, təriqətlər arası ixtilaf yaratmaq məqsədi güdən dezinformasiyalardır.

Bunu Sherg.az-a dini radikalların uşaq bağçalarında tədbirlər keçirməsi xəbərlərinə münasibət bildirərkən tanınmış hüquqşünas Qurban Məmmədov deyib. 

Onun sözlərinə görə bu məlumatların reallığı əks etdirməsi mümkün deyil: 

"Radikallar bir tərəfə, hər hansı mülayim din xadimi belə bağçalarda, uşaq evlərində görüşlər keçirib, təbliğatlar apara bilməz. Bu məlumat ağlabatan deyil. Həmin şəxsi tapıb, getdiyi körpələr evinin dəqiq ünvanını öyrənmək lazımdır. Həmin bağçanın rəhbərinin nə səbəbdən buna icazə verdiyini dəqiqləşdirməliyik. 3-5 yaşında körpələr Kərbəla müsibətinin, dinin, məhərrəmliyin nə demək olduğunu bilmir. Radikallar dinin təbliğinə çalışırsa, yetkin insanlarla niyə görüşlər keçirmirlər? Bağçada dini radikalın nə işi var ki, o körpələri zəhərləsin”.

Dini qrupların bu cür təbliğatlara əl atmasının hüquqi cəhətdən də düzgün olmadığını deyən Q. Məmmədov miqyasının daha da genişlənməməsi üçün qabaqlayıcı tədbirlər görülməli olduğunu bildirib: "Fikrimcə, Azərbaycanda körpələrlə belə görüşlər keçirilməyib, heç vaxt da keçirilə bilməz. Görünür burda hansısa qüvvələr məhz şiələri gözdən salmaq, dini ixtilaf yaratmaq məqsədilə belə bir dezinformasiya hazırlayıblar. Yəqin ki, vəhhabilərin də əleyhinə informasiyalar yayılacaq. Aydın görünür ki, Azərbaycanda dini ekstremizmi, qarşıdurmanı qızışdırmağa çalışırlar. Ölkəni qan çanağına sürükləyirlər. Qəti deyirəm ki, heç bir din xadimi 3-5 yaşlı uşaqla söhbətlər apara bilməz. Bağça və uşaq evlərinin səlahiyyətliləri də dini radikalları oraya buraxmalı deyil. Valideyn bilsə ki, övladını əmanət etdiyi bağçada, təhsil ocağında, tərbiyə mərkəzində dini radikallar təbliğat aparır, sözsüz ki, o valideynin qarşısında heç kim dura bilməz. Bizim üzərimizə düşən vəzifə bu təxribatları ifşa etməkdir”.

Qeyd edək ki, Azərbaycanda körpələr evində, 2-5 yaşlı uşaqların iştirakı ilə din adı altında qəm, əzadarlıq məclisi keçirilib. Əkbər Hüseyni adlı sosial şəbəkə istifadəçisi isə bu məclisə dair şəkilləri öz səhifəsində yayıb.

Aysel Aslan