Əri ilə münaqişəsi olan, ailədə problem yaşayan müəllim bunu işində də büruzə verir, bu danılmazdır
Bağçalarda uşaqları onlayn izləmək imkanı yoxdur
Ona görə valideynlərin narahatçılığını anlamaq olur
Əri ilə münaqişəsi olan, ailədə problem yaşayan müəllim bunu işində də büruzə verir, bu danılmazdır
Əri ilə münaqişəsi olan, ailədə problem yaşayan müəllim bunu işində də büruzə verir, bu danılmazdır
Paytaxt sakini Vüqar Qocayev 5 yaşlı oğlu Umudun ötən gün bağçada Qala adlı müəllimə-tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir. Onun sözlərinə görə, övladını bağçaya yola salanda sifətində heç bir iz olmayıb. Amma axşam övladının arxasınca gedəndə aşkar edib ki, uşağın dodağında zərbənin təsirindən yaranan yara var. Uşaq deyib ki, onu müəlliməsi vurub.
Qarşı tərəf isə iddiaları inkar edir. Müəllimə-tərbiyəçi iddia edir ki, uşaq sinifdə ya özü yıxılıb, ya da evdən gələndə bu vəziyyətdə olub. Valideyn dünən mobil telefon vasitəsilə Umudun bağça yoldaşlarından məlumatı dəqiqləşdirib. Onlar Umudun həqiqətən də tərbiyəçi tərəfindən zorakılığa məruz qaldığını bildiriblər.
Xezerxeber.az-in məlumatına görə, hadisə Binəqədi rayonu 193 saylı körpələr evində baş verib. Vüqar Qocayev məsələ ilə bağlı Binəqədi rayon 5-ci polis bölməsinə müraciət edib. Sözügedən məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.
Qeyd edək ki, məktəbəqədər təhsil sistemi təhsil siyasətinin əsas prioritet istiqamətlərindən biri olmasına rəğmən bu sahədə kifayət qədər ciddi problemlər var. Bağçada verilən təhsilin və qidaların keyfiyyətindən tutmuş uşaqlara qarşı münasibətə qədər hər şey valideynlər tərəfindən narazılıq doğurur. Xüsusən də bağça müəllimlərinin uşaqlara qarşı zorakılıq tətbiq etməsi, onları döyməsi ilə bağlı zaman-zaman məlumatlar alırıq. Bu da o səbəbdən baş verir ki, uşaq bağçalarında işə götürülənlər xüsusi bir seçim mərhələsindən keçirilmir. Halbuki mütəxəssislər tərbiyəçinin bır sıra keyfiyyətlərə sahib olmasını vacib hesab edir.
"Sağlam Toplum” İB-nin sədri, jurnalist-sosioloq Lalə Mehralı da "Şərq”ə açıqlamasında məhz bu problemə toxunub:
"Ən təməl bilik məktəbi olan bağçalarda müəllimlərin psixoloji vəziyyəti heç vaxt yoxlanılmır, nəzarətdə saxlanılmır. Uşaqların ən müdafiəsiz dövrləri tanımadığı müəllimlərin əhatəsində keçir, müəllimin psixoloji, sosial vəziyyətinə görə o uşaq orda normal tərbiyə də ala bilər, psixoloji zədə yaşayan bir uşaq kimi də böyüyə bilər. Danmaq olmaz, bizim bağçalarda kifayət qədər çox zorakılıq halları da qeydə alınır, ya mətbuata məlum olur, ya hansısa valideyn sosial şəbəkədə şikayətlənir - gec-tez bilinir. Bağçaya göndərdiyi uşağının qolunda göyərmə, başında şiş, ayağında axsama görən valideyn əlbəttə ki, bağça müəlliməsindən şübhələnəcək. Axı gün ərzində o divarlar arxasında nə baş verdiyini bilmir, övladının orda hansı münasibətə məruz qaldığı haqqında məlumatı yoxdur. Nəzərə alsaq ki, əksəriyyət uşağını dövlət bağçasına göndərir, o bağçalarda da uşaqları onlayn izləmə imkanı yoxdur, o zaman valideynin narahatlığını anlamaq olur. Əri ilə münaqişəsi olan, ailədə problem yaşayan müəllim bunu işində də büruzə verir, bu danılmazdır. Əsəbi, səbrsiz, aqressiv bir müəllimə isə uşaqlara yalnız zərər verə bilər və biz bunun tez-tez şahidi oluruq. Mətbuat işə qarışanda, məsələ ictimailəşəndə tədbir görülür, işdən azadolmaların da şahidi olmuşuq, töhmət alanların da. Amma gəlin razılaşaq ki, ictimailəşməyən nə qədər oxşar hal var”.
Lalə xanımın sözlərinə görə, bağça müəllimləri işi ilə şəxsi həyatını biri-birindən maksimum ayıran, psixoloji sağlam insanlar olmalıdır:
"Zorakılığa meyilli, aqressiv, ailəsindəki problemi işinə gətirən, uşaqlara qarşı simpatiyası olmayan, empatiya bacarığı sıfırın altında olan insanlar gələcəyi tərbiyə edə bilməz. Onların tərbiyə etdiyi uşaqlar yalnız oğru, dələduz, zorakılıq tətbiq edən yeniyetmələr olacaq”.
Bağçada işləyən tərbiyəçilərin işinin çox çətin olduğunu vurğulayan psixoloq Asəf Kərimov bunu bağçalarda məhz uşaqlarla iş aparılması ilə əlaqələndirib:
"Çox hallarda uşaqların özünü ifadə etməsi çətin olur. Bağçada işləyən kadr uşağın dili ilə danışıb, uşaq kimi də olmalı, uşağın səviyyəsinə enməlidir. Adətən bağçadakı müəllimə tərbiyəçi deyib, keçirlər. Amma tərbiyəçi bu ada layiq olmaq üçün ən azından böyük bir kurs keçir. Və yaxud orta ixtisas məktəbini bitiribsə, iki-dörd il arası təhsil alır”.
Psixoloqun sözlərinə görə, tərbiyəçilər ilk növbədə uşağın psixoloji və fizioloji inkişafına diqqət yetirməlidir: Uşağın fizioloji inkişafının necə getməsini, hansı fizioloji imkanlarının olduğunu öyrənməlidir. Psixikanın inkişaf səviyyəsini, yaş dövrünə məxsus olan qabiliyyətlərin özünü necə göstərməsini və bu inkişafı necə təmin etmək üçün lazım olan materialları, metodikaları mənimsəməlidir. Məktəbdəki müəllimlə bağçadakı tərbiyəçinin çox böyük fərqi var. Çünki məktəbdə müəyyən lüğət ehtiyatına malik şagirdlərlə işləyirlər. Belə şagird üçün fikirlərini izah etmək daha asandır. Amma bağça üçün bu bir qədər çətindir. Tərbiyəçi artıq uşaq dili ilə danışıb, əyani şəkildə uşaqla bir yerdə oynayıb bunu göstərməlidir. Digər tərəfdən özü də oyun prosesinin içərisində olmalıdır. Bu isə xüsusi metodikalar əsasında baş verir”.
Hər bir uşağın xüsusi dili, yanaşma tərzi olduğunu vurğulayan A.Kərimov deyib ki, tərbiyəçi bu yanaşma tərzini yaş psixologiyasına əsaslanaraq əxz etməli və ya yaşlı tərbiyəçilərin yanaşma tərzindən nümunə götürməlidir:
"Tərbiyəçi deyəndə çox aşağı səviyyədə əmək haqqı alan, təhsil sisteminin aşağı pillədə olan bir nümayəndəsi nəzərdə tutulur. Özəl bağçalarda tərbiyəçi seçimində
ən yüksək tələblər verilir. Burada uşağı döymək və s. bu kimi yanaşmadan söhbət belə gedə bilməz. Özəl bağçalarda elə kadrlar seçilir ki, bağçanın müştərisini özündən uzaqlaşdırmasın. Xüsusi olaraq dünyagörüşə fikir verirlər. Sovet dövründə də bu var idi. Söhbət dil, nitq qabiliyyəti-kompleks şəkildə formalaşmış bacarıqlardan gedir. Tərbiyəçinin dünyagörüşü olmalıdır ki, tərbiyə etdiyi uşağa nələrisə verə bilsin. Bağça müəlliməsini yalnız uşaqlara nəzarət funksiyasını daşıyan bir adam kimi görmək düzgün deyil. Hazırda Azərbaycanda yalnız bağça tərbiyəçilərinin yox, eyni zamanda dayələrin də hazırlanmasına ehtiyac var”.
Psixoloq bağçaların icra strukturlarına verilməsini metodiki cəhətdən səhv yanaşma hesab edir. Onun fikrincə, bağça, tərbiyəçi amili artıq təhsil sisteminin içindədir.
Şəymən