"Bakı boyda şəhərin meri bu cür düşünəcəksə..." - Vüsal Məmmədov




Dünəndən etibarən media nümayəndələri sosial şəbəkələrdə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun jurnalistlərə "tövsiyələri"ni müzakirə edir. Açıqlamaları hər zaman səs-küyə səbəb olan H. Abutalıbov bu dəfə "ATV-Xəbər”ə müsahibəsində aramsız yağışlar zamanı Bakı küçələrinin su altında qalması ilə bağlı reportaj hazırlayan jurnalistlərə çəkiliş aparmaqdansa, arx qazmağı "məsləhət” edib. O deyib ki, jurnalistlər iki- üç gün şəhər meriyasına vaxt verməlidir ki, problem aradan qaldırılsın.

Şübhəsiz ki, merin bu açıqlaması, sualı cavabsız qalmayıb. Media nümayəndələri sosial şəbəkələrdə onun fikirləri ilə bağlı yarı ciddi , yarı zarafat status yazıb, "kollaj" edilmiş fotolar paylaşıblar. 

Merinin "məsləhət”lərinə münasibət bildirən "Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov Sherg.az-a açıqlamasında məsələyə iki tərəfdən yanaşılmalı olduğunu deyib:

"Bir tərəfdən baxanda, düzünü deyim ki, həmin sözün ətrafında bu boyda ajiotaja ehtiyac görmürəm. Bizim problemimiz ondadır ki, hər şeydə lağ-lağı axtarırıq. Sosial şəbəkənin nəbzi lağ-lağı ilə döyünür. Hamı qabağına keçən hər şeyə vedrə qoşur, süpürgə bağlayır, mırt tutur. Nə olsun? Bu, elə bir böyük məsələ deyil axı. Ola bilsin ki, ciddi düşünmədən deyib, sözlərinin mahiyyətinə varmayıb, ya bəlkə də doğrudan da elə düşünür.

H. Abutalıbovu tanıdığımız birinci il deyil ki, nə qədər bu tipli açıqlamasını görmüşük. Amma təəssüf ki, işin ikinci tərəfi də var. O da budur ki, Bakı boyda şəhərin icra hakimiyyətinin başçısı bu zehniyyətlə düşünməməlidir. Əgər o, bu cür düşünəcəksə, təbii ki, balaca yağış yağan kimi, küçələri su basmaqda davam edəcək. Bunu ciddi formada izah eləmək lazımdır. Heç kim durub bir ciddi yazı yazmır ki, şəhər təsərrüfatının hansı tərəfi səhv işlədiyinə görə bu cür alınır. Bizimki ancaq feysbukda lağ-lağı eləməkdir. Və bu mənada, biz jurnalistlərlə öz işinə qeyri-ciddi yanaşan Abutalıbovun arasında heç bir fərq qalmır”.

Aysel Aslan