Cinsiyyəti dəyişdirilən 12 yaşlı uşaq internatda yaşayır
Bakıda 12 yaşlı uşağın cinsiyyəti dəyişdirildi
“Onun ailə qurmasında və hətta ana olmasında heç bir problem yaranmayacaq”
Cinsiyyəti dəyişdirilən 12 yaşlı uşaq internatda yaşayır
Cinsiyyəti dəyişdirilən 12 yaşlı uşaq internatda yaşayır
Dünən Bakıdakı özəl klinikalardan birində 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı həyata keçirilən cərrahiyə əməliyyatı uğurla başa çatıb. Lent.az-ın məlumatına görə, daxili orqanları qadın, bəzi xarici orqanları isə kişi cinsiyyətinə mənsub olan yeniyetmə hazırda reanimasiyadadır və bərpa prosesini keçməyə başlayıb.
Tanınmış həkimlər tərəfindən həyata keçirilmiş əməliyyat bir neçə saat davam edib.
Əməliyyatı gerçəkləşdirən plastik-cərrah Dilqəm Məmmədov prosedurun qanuni yollarla edildiyini söyləyib: "Bu insan kefindən əməliyyat etdirən deyil. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Tibb elmində buna hermofroditizm deyilir. Xəstənin normal genotipi, xromosomları, xarici görünüşü qadındır. Yəni "xy” yox, "xx” daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirdik. Bunu Türkiyədə genetik labarotoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. Səhiyyə Nazirliyindən və Məhkəmə Tibbi-Ekspertizasından əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışdıq.
D. Məmmədov qeyd edib ki, daxili orqanları qadın, bəzi xarici orqanları isə kişi cinsiyyətinə mənsub olan uşaq hazırda reanimasiyadadır və bərpa prosesini keçməyə başlayıb: "Bu, bir anadangəlmə anomaliyadır. Azərbaycan qanunvericiliyinə uyğun olaraq alınan razılıq və tibbi rəylər əsasında əməliyyat baş tutdu. Tibdə bu cür anomaliyalar üç formada olur. Bu, hermofroditizm dediyimiz hadisədir. Bu, həm qadın, həm də kişinin genetal anomaliyalarının birlikdə olmasıdır. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Yəni "xy” yox, "xx” daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirdik. Bunu Türkiyədə genetik laboratoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. Səhiyyə Nazirliyindən və Baş Prokurorluqdan əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdır”.
Uzman-doktor əməliyyat olunan uşağın psixoloji durumuna da diqqət çəkib: "Uşaq daha çox özündə qadına məxsus xüsusiyyətləri birləşdirdiyi üçün cins seçimində heç bir psixoloji gərginlik yaşanmadı. Yaşının az olmasına baxmayaraq, əməliyyat bütün detalları ilə izah edildikdən sonra müdaxilə edildi”.
"Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi” deyən Dilqəm Məmmədovun sözlərinə görə, bu tip əməliyyatlar 3-5 yaş arası aparılmalıdır. Dilqəm Məmmədov pasiyentin gələcək durumu ilə bağlı heç bir təhlükənin olmadığını da qeyd edib: "Hazırda pasiyentin tibbi təhlilləri onu deməyə əsas verir ki, onun yumurtalıqları yaşına uyğun inkişaf edib, sağalması burun və yaxud da digər estetik əməliyyatların sağalma müddətindən uzun olmayacaq. Sağalma mərhələsi bitdikdən sonra normal həyat tərzinə başlayacaq. Gələcəkdə isə sağlam ana ola biləcək”.
Səhiyyə Nazirliyi də Azərbaycanda 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı cərrahiyə əməliyyatının keçirilməsinə münasibət açıqlayıb. Nazirlikdən bildirilib ki, qanunda belə əməliyyatların qadağan olunması ilə bağlı bənd yoxdur. "Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl xəstəxananın, klinikanın stasionar və ya ambulator fəaliyyət növünə və profilinə görə müəyyən əməliyyatların icrasına rəy verilir”, - deyə məlumatda bildirilir.
APA TV-nin əldə etdiyi məlumata görə, əməliyyat olunan uşaq valideyn himayəsindən məhrumdur və Azərbaycandakı uşaq evlərindən birində tərbiyə alır.
Bəs əməliyyatdan sonra həmin şəxs ailə qura biləcəkmi, onun övladları dünyaya gələ bilərmi və övladlarında eyni anomaliyanın təkrarlanıb-təkrarlanmayacağı ehtimalı nə qədərdir?
Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında oxşar əməliyyatlara dünya praktikasında tez-tez rast gəlindiyini bildirdi:
- Dünya ölkələrində belə əməliyyatlar çox edilib, edilir də. Sadəcə, bizdə yenilikdir deyə, belə rezonans doğurur. Burada qeyri-adi bir şey yoxdur. Sırf tibbi məsələdir və əməliyyat vasitəsilə həll edilir. Mən əməliyyatı həyata keçirəcən həkimin açıqlaması ilə də tanışam. Çox düzgün, ətraflı məlumat verib. Yəni, uşağın əməliyyat olunması üçün həm tibbi-fizioloji göstəriş var, həm də patoloji-anatomik quruluşa görə əməliyyatın həyata keçirilməsi düzgündür. Hər bir insan müəyyən yaşa çatdıqda onda harmonların ifrazı başlayır. Qadınlarda qadın harmonlar, kişilərdə kişi harmonlar ifrazı. Belə anlaşılır ki, 12 yaşlı uşağın genetik analizi də aparılıb və bəlli olub ki, bu insanda qadın harmonları üstünlük təşkil edir. Bu, xromosomlarda da təsdiqlənib. Bu uşaqda xarici cinsiyyət orqanı kişi, daxili isə qadın orqanlarıdır. Analizlərin nəticəsindən asılı olaraq uşağın xarici orqanının da daxili orqanlarına uyğunluğuna qərar verilib və hesab edirəm ki, bu tamamilə düzgün qərardır. Həm də bu əməliyyatın keçirilməsinə rəsmi icazə var.
Ş.Namazova bu şəxsin gələcəkdə ailə qurmaq məsələsinə də toxundu:
- Hesab edirəm ki, onun ailə qurmasında və hətta ana olmasında heç bir problem yaranmayacaq. Ailə də qura bilər, ana da ola bilər. Çünki hamiləlik üçün, ana olmaq üçün hər bir orqanı yerindədir.
Bəs, ananın vaxtilə patoloji hal yaşaması övladlarında da görünə bilərmi?
Ş.Namazova qeyd etdi ki, bu, daha çox irsiyyətlə bağlıdır:
- Biz bilmirik, həmin uşağın irsiyyətində, nəsildə bu hal əvvəllər də olubmu, nəsildə kimdəsə eyni patoloji hal yaşanıbmı. Bu şəxs ailə qurduqda, ana olduqda övladında həmin patologiyanın yaşanıb-yaşanmayacağını demək çətindir. Çünki belə məsələlər daha çox irsiyyətə bağlı olur. Ola da bilər, olmaya da. Hər şeyi zaman göstərəcək.
Məlahət Rzayeva