Britaniya səfirliyi məsələyə aydınlıq gətirməli və açıqlama verməlidir
Böyük Britaniyanın Bakıdakı səfirliyinin qarşısından LGBT (lezbiyan, gey, biseksual və transgender) bayrağı asılıb. Bu barədə Axşam.az. saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, bununla bağlı foto səfirliyin feysbuk səfihəsində paylaşılıb. Bayrağın asılmasının səbəbi isə 17 may tarixinin Homofobiya və Transfobiyaya qarşı Mübarizə Günü olmasıdır.
Məsələyə münasibət bildirən siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət «Şərq»ə əvvəlcə məlumatın dəqiqləşdirilməsinin vacib olduğunu dedi:
- Əvvəlcə bu xəbər dəqiqləşdirilməlidir ki, həqiqətən də B.Britaniyanın Bakıdakı səfirliyinin qarşısında o bayraq asılıb, ya yox. Çünki hazırda Azərbaycana qarşı hər cür təxribatlara can atılır, xüsusən də Ermənistan tərəfindən. Süni şəkildə elə vəziyyət yaradarlar ki, diplomatik «skandal»a səbəb olar. Yox əgər, məlumat verildiyi kimi, həqiqətən də o bayraq səfirliyin qarşısından asılıbsa, bu, əlbəttə, Azərbaycan ictimaiyyətinə və xalqımızın milli dəyərlərinə sayğısızlığın nümunəsidir. Və bu halda Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyə nota verməlidir. Yenə vurğulayıram, əgər belə hal baş verməyibsə və bu, kimlərinsə məqsədli təxribatıdırsa, o zaman da Britaniya səfirliyi məsələyə aydınlıq gətirməli və açıqlama verməlidir.

A.Həsrət qeyd etdi ki, eyni cinslilərin münasibətləri Azərbaycanda qanunla qadağan deyil. 90-cı illərin sonunda bu əməl Cinayət Məcəlləsindən sakit bir şəkildə çıxarılıb. Lakin hamımıza məlumdur ki, Azərbaycan cəmiyyətində bu məsələlərə həssaslıq var, bizim milli-mənəvi dəyərlər sistemimizdə bu kimi hallara yer yoxdur, bizim mənəvi dəyərlərimizə ziddiyyət təşkil edir, ictimaiyyət tərəfindən qəbul olunmur:
- Hər hansı ölkənin səfirliyi həmin ölkənin ərazisi sayılır və ora hər hansı müdaxilə də qəbuledilməzdir. Lakin başqa bir vacib məqam budur ki, istənilən xarici dövlətin ölkəmizdə fəaliyyət göstərən səfirliyi, diplomatik nümayəndəliyi bu ölkənin insanlarının həssas yanaşdığı məsələlərə bir o qədər həssas yanaşmalıdır. Əgər LGBT bayrağı səfirliyin daxilində hansısa bir yerdə asılmış olsaydı, bizim buna müdaxilə etməyimiz, müzakirəyə çıxarmağımız düzgün olmazdı. Amma əgər cinsəl azlıqların bayrağı Böyük Britaniya Krallığının rəsmi dövlət bayrağının asılmalı olduğu dirəkdən asılırsa, bu, ilk növbədə o dövlətin özünü aşığılamasıdır. Və o bayrağın hamının görə biləcəyi bir yerdə asılması həm də Azərbaycan ictimaiyyətinə sayğısızlıqdır.
Məlahət Rzayeva