Biabırçılıq ! Məktəb direktorlarının “pul tələsi” – Ciddi neqativlər sadalanır

“Direktorların əksəriyyəti daha çox təhsilin inkişafını yox öz maddi imkanlarını düşünürlər”“Məktəb direktoru katibəsi, laborantı və texniki işçisi vəzifələrini öz yaxın ailə üzvləri arasında bölür və onlar işə gəlmədən müəyyən əmək haqqı alırlar”
"Bəzi valideynlər direktora pul verirlər və şagird 10-11-ci siniflərdə dərsə gəlmir. Müəllimlər isə bununla razılaşmırlar, yaxud da verilən pulun bir hissəsinin onlara çatmasını istəyirlər”
"Bəzən görürük ki, savadlı müəlimlərin dərs saatı azdır. Bütün bunlar sonra konfliktlərin baş verməsinə gətirib çıxarır”
Məktəblərdə direktor-müəllim qalmaqallarına çox rast gəlmişik. Adətən belə mübahisələr zamanı gah müəllim direktoru qanunsuz fəaliyyət göstərməkdə, gah da direktorlar müəllimi müxtəlif səbəblərdə ittiham edir. Hətta dəfələrlə müəllimlə direktorun əlbəyaxa olmasının da şahidi olmuşuq.
Analoji hadisələrədn biri də Qazax rayon Ağköynək kənd orta məktəbində yaşanıb. Bu barədə mətbuata məktəbin müəllimi Rəhimova Səlminaz Məmməd qızı danışıb. O açıqlamasında məktəbin direktoru Səfurə Rəhimovanı rüşvət almaqda və digər neqativ əməllərdə ittiham edib. Təbii ki, bütün bunlar heç də ürəkaçan deyil. Təhsil sistemində aparıcı kadrlarn bu cür rəftarı hər kəsdə sual doğurur: Görəsən, kadrları belə olan məktəbdə təhsil hansı səviyyədədir və şagirdlər belə müəllimlərdən nə görüb-götürəcəklər?
Mövcud durumla bağlı fikirlərini "Sherg.az”la bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov təəssüflə bildirib ki, bəzi məktəb direktorları öz vəzifələrinin öhdəsindən gələ bilmirlər.
Ekspertin sözlərinə görə, direktorların əksəriyyəti vəzifəyə gələn kimi kollektivlə yola getmirlər və daha çox təhsilin inkişafını yox öz maddi imkanlarını düşünürlər:
"Müşahidələrə görə, məktəbin bir neçə katibəsi, laborantı və texniki işçisi olmalıdır. Məktəb direktoru bu vəzifələri öz yaxın ailə üzvləri arasında bölür və onlar işə gəlmədən müəyyən əmək haqqı alırlar. Onların fəaliyyətini isə məktəbin digər işçiləri yerinə yetirirlər. Bəzən görürük ki, məktəbin mühafizəçisi sənəd üzərində olsa da, məktəbdə yoxdur. Direktorlarla müəllimlər arasında ən çox qalmaqal vəzifə səlahiyyətlərinin düzgün bölünməməsi ilə bağlıdır.
Məlumdur ki, Təhsil Nazirliyi 2014-2017-ci ildə orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik imtahanını keçirdi. Bundan sonra müəllimlərin dərs bölgüsü onların imtahanda topladıqları bala uyğun olaraq bölündü. Amma bəzi məktəb direktorlar müəllimlərdən ayda 50-100 manat pul alır və onlara dərs saatı verir”.
K.Əsədov qeyd edib ki, müəllimlərlə direktorla arasında ən ciddi konfliktlərdən biri də maddiyatla bağlıdır:
"Bəzi valideynlər direktora pul verirlər və şagird 10-11-ci siniflərdə dərsə gəlmir. Həmin şagirdlər məktəbə gəlmək əvəzinə fərdi hazırlıqlara gedirlər. Direktor isə müəllimdən xahiş edir ki, şagirdə qiymət yazsın. Müəllimlər isə bununla razılaşmırlar, yaxud da verilən pulun bir hissəsinin onlara çatmasını istəyirlər. 
Ona görə də direktorlarla müəllimlər arasında qarşıdurmalardan biri qanunsuz gəlirlər bölünməsi zamanı baş verir. Hesab edirəm ki, 2014-cü ildə qəbul edilmiş "Müəllimlərin etik davranış qaydaları”na bütün məktəblər riayət etməlidir. Çünki təhsil müəssisəsi cəmiyyətə vətəndaş yetişdirən bir qurumdur. Əgər məktəbdə neqativ hadisələr baş verirsə, təbii ki, bu şagirdlərə yaxşı nümunə deyil. Zaman-zaman müəllimlə direktor arasında saçyolma mərasimi görmüşük. Hətta dərs bölgüsünə görə, bıçaqlanma, zorakılıq halları da baş verib. 
Ona görə də ilk növbədə məktəb direktorları təyin olunan zaman onların hərtərəfli araşdırılması lazımdır. Fikrimcə, Təhsil Nazirliyi məktəblərdə dərs bölgülərini elektron qaydada həyata keçirməlidir. Bir çox hallarda direktorlar diaqnostik imtahanlarda az bal toplayan müəllimlərə pul qarşılığında çox dərs saatı verir. Bəzən görürük ki, savadlı müəlimlərin dərs saatı azdır. Bütün bunlar sonra konfliktlərin baş verməsinə gətirib çıxarır. Ona görə də belə məsələrə ciddi nəzarət edilməlidir və bu tipli hadisələrə yol verən direktorlar mütləq şəkildə cəzalanmalıdır”.
Yeganə Bayramova