Millət vəkilinin təklifinə İlqar Altay da dəstək verdi
Hazırda Ukraynada da, Rusiyanın özündə də cinayətkarların bu yolla cəzalandırılması metodundan istifadə olunur
Millət vəkili Fazil Mustafa xüsusi xidmət orqanlarına təklif verib. Deputat hesab edir ki, Azərbaycanın xüsusi xidmət, kəşfiyyat və əks-kəşfiyyat orqanları Xocalı soyqırımını törədənlərdən heç olmasa birini, hətta Ermənistanın özündə olsa belə, ələ keçirib Bakıya gətirməlidirlər.
Rusiyada yaşayan və oranın vətəndaşı olan Xocalı qatillərini ələ keçirib Bakıya gətirə bilmədiyimizi vurğulayan millət vəkili hesab edir ki, indiki reallıqda Azərbaycan Rusiya ilə baş-başa gələ bilməz: "Amma məhz Ermənistanın özündə olan Xocalı qatillərini ələ keçirmək üçün xüsusi xidmət orqanlarındakı kəşfiyyatçılarımız, xüsusi kadrlarımız İrəvanda olsa belə, qatil erməniləri ələ keçirib Bakıya gətirməlidir. Əgər biz bir nəfər Xocalı qatilini tutub, Bakıda mühakimə etsək, bu, əsl əməli iş olar”.
F.Mustafanın sözlərinə görə, Azərbaycan özünün hərbi və mülki xüsusi xidmət sahəsində yeni MOSSAD sistemini qurmalıdır:
"Düşmənlə elə bir vəziyyətdəyik ki, biz MOSSAD kimi sistem yaratmağı düşünməliyik. Nəhayət, praktiki işlərə keçməliyik”.
Fazil Mustafanın fikirlərini müsbət qiymətləndirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay Azərbaycanın buna mənəvi və hüquqi haqqının olduğunu deyib: "Təklifdən də bəlli olduğu kimi hər bir azərbaycanlı kimi Xocalıda törədilən cinayətlərin cəzasız qalması Fazil bəyi də narahat edir və o da bu narahatlığa son qoymaq üçün xüsusi xidmət orqanlarını mümkün variantlardan faydalanmağa çağırır. Əgər mövcud geosiyasi durumda Dağlıq Qarabağ probleminin həllinə nail ola, xalqımıza qarşı soyqırım törədən erməni canilərini bir-bir məsuliyyətə cəlb edib, cəzalandıra bilmiriksə, heç olmasa aidiyyəti şəxslərdən birini və ya bir neçəsini nümayişkaranə şəkildə cəzalandırmaqla qanayan yaramızı dindirə bilərik. Həm də biz bu yolla Xocalı faciəsini unutmadığımızın mesajını vermiş olarıq. Bu bizim haqqımızdır. Hazırda Ukraynada da, Rusiyanın özündə də cinayətkarların bu yolla cəzalandırılması metodundan istifadə olunur”.
Azərbaycanın xüsusi xidmət və kəşfiyyat orqanlarının Xocalı soyqırımını törədənlərdən birini ələ keçirib Bakıya gətirəcəyi halda beynəlxalq təşkilatların verəcəyi reaksiyaya gəldikdə isə İ.Altay deyib ki, qərəzli, ermənipərəst reaksiya mənbələri var ki, əli Xocalının qanına batan ermənilərdən birini Bakının mərkəzində də tutub cəzalandırsan, yenə də hay-küy salıb, Azərbaycanın bu addımının sülh danışıqlarının pozulmasına yönəlik bir addım olduğunu iddia edəcəklər. Dünyada tərəfsiz mövqeləri ilə seçilən beynəlxalq təşkilatlar, Dağlıq Qarabağ münaqişəsinin ədalət çərçivəsində həll olunmasında maraqlı olan dövlətlər isə bunun üçün Azərbaycana irad bildirməyəcəklər. Hətta aralarında alqışlayanlar, təqdir edənləri də olacaq. Ən əsası isə Azərbaycan cəmiyyəti dövlətin bu addımını birmənalı olaraq yüksək dəyərləndirəcək”.
Şəymən