"Biz Əhməd bəyin ata-baba yurdu Şuşanın xatirələri, nəğmələri ilə böyümüşük" - Nigar Axundova

“Dedilər ki, bəs Sürəyya xanım Ağaoğlu sizinlə görüşmək istəyir”“Bakıda qohum-əqrəbasını gördüyü üçün çox sevincli idi... Amma dedi ki, Şuşanı, ata-baba yurdumu görmək qismət olmadı”
"Sürəyya xanımdan müsahibə alarkən ona "siz Vətən deyəndə Türkiyəni, yoxsa Azərbaycanı nəzərdə tutursunuz?” deyə sual vermişdim. O da cavabında "Şuşa” demişdi...”
"Uşaqlarımız həmin adlarla böyüyürlər. Öz soy-köklərini unutmur, kimin nəslindən olduqlarını daim xatırlayırlar. Əhməd bəyin adı isə Türkiyədəki nəticələrindən ikisinə verilib”
Türk dünyasının böyük fikir adamı, tanınmış ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı verilən Sərəncam tarixçilər və ziyalılarla yanaşı, Ağaoğlu ailəsinin fərdlərini də məmnun edib. Məşhur nəslin təmsilçiləri Prezidentin alicənab addımını minnət duyğusu ilə qarşılayıblar. Rusiyada diplomatiya sahəsində fəaliyyət göstərən ziyalı xanım, Ağaoğlu ailəsinin üzvü Nigar Axundova da Moskvadan "Şərq”ə danışarkən ölkə başçısının qərarından ailəcə duyduqları sevinci dilə gətirib. Mütəfəkkir Əhməd bəy Ağaoğlu və varisləri haqqında qəzetimizə müsahibə verən Nigar xanım maraqlı məqamları və xatirələri bizimlə paylaşıb. Həmçinin, şəxsi arxivində yer alan Ağaoğlu ailəsinə məxsus nadir fotoları da dərc olunmaq üçün redaksiyamıza göndərib. Məlumat üçün bildirək ki, sənətşünaslıq üzrə elmlər doktoru olan Nigar xanım Axundova Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə attaşesidir.
- Nigar xanım, tanınmış nəslin ziyalısı kimi Prezidentin Əhməd bəy Ağaoğlunun 150 illiyi ilə bağlı verdiyi Sərəncamı necə dəyərləndirirsiniz?
- Çox yüksək dəyərləndirirəm. Əhməd bəy Ağaoğlunun yubileyi ilə bağlı verilən Sərəncam təkcə Azərbaycanda, Türkiyədə deyil, eləcə də bir çox ölkələrdə böyük sevinclə qarşılanıb. Bu Sərəncamın imzalanmasını gözləyənlər çox idi və dövlət başçısı cənab İlham Əliyev hamının arzusunu reallığa çevirdi. Ona görə də cənab Prezidentə həm bizim ailəmiz adından, həm Əhməd bəyin ailəsi adından təşəkkürümü bildirirəm.
- Əhməd bəy Ağaoğlu ilə necə qohumsuz?
- Mən Əhməd bəyin qardaşı Hüseyn bəy Ağayevin qızı Sara Ağayevanın qızıyam. Anam Hüseyn bəy Ağayevin 8 övladının sonbeşiyi idi. Əhməd bəyin də soyadı əvvəl Ağayev olub, daha sonra Ağaoğlu kimi dəyişib. Qızıma anam Saranın adını vermişəm. Anamla bərabər xalalarımızın adını da övladlarımıza verərək hamısını yaşatmışıq. Həm Saramız, həm Qəmərimiz, həm Sürəyyamız, həm də Səmayəmiz var. Dörd bacının hamısının adlarını övladlarımıza qoymuşuq. Babam Hüseynin də adını daşıyanımız var. Uşaqlarımız həmin adlarla böyüyürlər. Öz soy-köklərini unutmur, kimin nəslindən olduqlarını daim xatırlayırlar. Əhməd bəyin adı isə Türkiyədəki nəticələrindən ikisinə verilib.
- Ananız Sara xanım Əhməd bəy Ağaoğlu barədə nələr danışırdı? Hansı xatirələri sizinlə bölüşürdü?
- Hər zaman evimizdə "Firəng” Əhməd adını eşitmişik. Anam tez-tez əmisini xatırlayırdı. Düzdür, həyatda onu görməyib, amma Əhməd bəy haqqında atası Hüseyn bəydən və öz ailəsindən eşitdiklərini daim bizimlə bölüşərdi. Əlaqə olmamasına baxmayaraq, heç vaxt Əhməd bəyin ailəsini unutmayıb, bizə də unutdurmayıb. Əhməd bəyin ailəsi də bizi yaddan çıxarmayıb. Biz ata-baba yurdumuz Şuşanın xatirələri, nəğmələri ilə böyümüşük.
Anam haqqında maraqlı bir məqamı da sizinlə paylaşım. Vaxtı ilə Əli bəy Hüseynzadə Bakıda babamın, Hüseyn bəy Ağayevin evində qonaq olub. 
O vaxt 7-8 yaşı olan anam Sara xanım musiqini, çalıb-oynamağı sevən bir uşaq olub. Həm piano çalar, həm oynayar, həm də şeir söyləyərmiş. Bunu görən Əli bəy Hüseynzadə Əhməd bəyə məktub yazıb ki, "sənin qardaşın qızı məni valeh etdi”, hətta rus və fransızca əlavə edib: "Çudo-rebenok”, "Jest un enfant merville” . Əli bəy məktubda vurğulayıb ki, Hüseyn bəyin evində keçirdiyi axşam əsl ədəbiyyat və musiqi gecəsi idi. Bu gecənin qəhrəmanı isə Hüseyn bəyin kiçik qızı Sara idi. Balaca uşaq pianoda segah çalırdı. Hətta Mustafa Kamal marşını çalaraq eyni anda sözlərini də tərənnüm edirdi.
- Əhməd bəy Ağaoğlunun varisləri ilə ailənizin ilk görüşü nə vaxt baş tutub?
- Səməd bəy Ağaoğlu 1967-ci ildə Azərbaycana ilk dəfə gələndə atam və anam Bakıda deyildi. Amma anamın böyük bacıları Qəmər xanım və Sürəyya xanım çətinliklərə baxmayaraq, Səməd bəylə görüşə bilmişdilər. Görüşlə bağlı Səməd bəy "Sovyet Rusya İmparatorluğu” kitabında da məlumat verib.
- 1967-ci ildən qabaq ailəniz Əhməd bəyin övladları ilə əlaqə saxlayıbmı?
- Xeyir, ondan öncə əlaqəmiz olmayıb. O zaman elə bir dövr idi ki, rahat əlaqə qurmaq mümkün deyildi. Səməd bəyin Azərbaycana səfər edəndən sonra yazdığı "Sovyet Rusya İmparatorluğu” kitabı SSRİ-də çox sərt qarşılandı. Çünki Səməd bəy bütün həqiqətləri olduğu kimi yazmışdı. Onu da deyim ki, Səməd Ağaoğlu təkcə Azərbaycanda deyil, həmçinin, Mərkəzi Asiya respublikalarında, Moskvada, ozamankı Leninqradda da olmuşdu. Hətta Azərbaycanda olarkən ata-baba yurdu Şuşaya getmiş, babası Mirzə Həsən bəyin evinin fotosunu çəkmişdi. Hansı ki, həmin evdə Əhməd bəy və babam Hüseyn bəy dünyaya gəlmişdi.
Əhməd bəy Maltada sürgündə olanda babam Hüseyn bəy imkan taparaq Türkiyəyə getmiş və Əhməd bəyin həyat yoldaşı ilə övladlarına baş çəkmişdi. Səməd bəyin kitabında belə bir xatirə var. Deyir ki, "qaranlıqdan gələn insan atamı çox xatırladırdı, onun qabağına qaçdım, elə bildim atam qayıdıb. Amma gələn atam deyildi, əmim Hüseyn bəy idi”.
- Şuşada baba yurdunuzun, Əhməd bəyin evinin indiki durumu ilə bağlı məlumat əldə etmək imkanınız olubmu?
- Əfsuslar olsun ki, heç bir məlumatımız yoxdur. İllərdir Şuşanın həsrətindəyik. Hər gün, hər an ata-baba yurdumuzun xiffətini çəkirik. Ata-baba yurdumuz düşmən işğalı altındadır. Mirzə Həsən bəyin Şuşadakı evi çox böyük olub. Bu ev sözün əsl mənasında ocaq idi. Burada ziyalılar, Şuşanın əsilzadələri bir araya gələr, məclislər qurar, maraqlı söhbətlər gedərmiş. 1960-cı illərdə həmin evdə məktəb yerləşirdi. Səməd bəy özü də kitabında evin fotosunu verərək, yazırdı ki, "babamın evində şimdi okul var”.
- Əhməd bəyin varisləri ilə ilk təmasınız harada, necə baş tutdu?
- 1986-cı ildə ömrü boyu Vətən həsrəti ilə nəfəs alan Sürəyya xanım 73 il ayrılıqdan sonra ilk dəfə Bakıya gəldi. Azərbaycan SSRİ Nazirlər Kabinetindən zəng etmişdilər ki, bəs Sürəyya xanım Ağaoğlu sizinlə görüşmək istəyir. Çox gözlənilməz bir xəbər idi. Həyəcanla xalam qızı Elmira Rəhimovaya (gənclər və idman naziri Azad Rəhimovun anası - red) zəng etdim. Elmira xanıma ona görə zəng etdim ki, çox qonaqpərvər idilər və evləri hamının üzünə açıq idi. Dedim, "Elmira, Türkiyədən xalamız gəlir, bütün qohumları bir yerə yığmaq lazımdır, Sürəyya xanım bizimlə görüşmək istəyir”. Dedi "narahat olma, hər şeyi özüm həll edəcəm. Sadəcə qohumlara xəbər et və Sürəyya xanımla birlikdə bizə gəlin”. Sürəyya xanımla ilk görüşümüz Elmira xanımın evində baş tutdu...
- Tanınmış qohumunuzla ilk görüş necə təəssürat bağışladı?
Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım və Türkiyədəki, Bakıdakı Ağaoğlular ailəsinin üzvləri.
Bakıdakı Ağaoğullar nəsli. Gənclər və idman naziri Azad Rəhimov da o məşhur nəsilin davamçılarındandır 
- Əvvəla hamımız həyəcanlı idik, uzun illər bir-birimizə həsrət qalmışdıq, əlaqələrimiz yox idi. Başda Sürəyya xanım olmaqla hamı kövrəlmişdi. Sürəyya xanım qohum-əqrəbasını gördüyü üçün çox sevincli idi. Amma orada təsirli ifadələr söylədi, dedi ki, "şükürlər olsun, bu qədər zaman keçəndən sonra həsrətində olduğum qohumları görə bildim. Amma Şuşanı, ata-baba yurdumu görmək qismət olmadı”. Zaman, şərait elə idi ki, o, doğma Şuşasına gedə bilməmişdi. Biz də dedik ki, "inşallah gələn dəfə gələndə Şuşanı da görərsiz”. Əfsuslar olsun ki, qarşıda 1988-ci il var idi!!!
- Bakıya öz təşəbbüsü ilə gəlmişdi, yoxsa dəvət edilmişdi?
- Sürəyya xanım Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin vitse-prezidenti idi. Elə Azərbaycana da həmin xətlə gəlmişdi.
- Bəs siz daha sonra Türkiyədə Sürəyya xanıma qonaq oldunuzmu?
- Bəli, Sürəyya xanım məni dəvət etdi və 1988-ci ildə ilk dəfə Türkiyəyə getdim. Ondan sonra 1992-ci ilədək, hər il yay aylarında Türkiyəyə gedərək Ağaoğlular ailəsi ilə görüşürdüm. Sürəyya xanım məni Türkiyədə çox gözəl və özəl qarşıladı. Çox möhtəşəm insan idi. Türkiyənin ilk qadin vəkili idi. Sürəyya xanım Atatürkün özündən hüquq fakültəsində qadınlar üçün bölmənin açılmasına icazə almışdı. Öz prinsipiallığı, düzgünlüyü və dürüstlüyünə görə Türkiyədə böyük nüfuza və təsirə malik idi. Türkiyəyə getməmişdən əvvəl tanınmış yazıçımız Elçin Əfəndiyevin yanında oldum. O, Sovet mətbuatında ilk dəfə "Literaturnaya qazeta”da Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə haqqında məqalə yazmışdı. Elçin müəllim sağollaşanda mənə dedi ki, Sürəyya xanımdan mütləq müsahibə götür, bu çox maraqlı olacaq. Böyük çətinliklə o vaxt Türkiyədə işləyən həmvətənlərimiz Vəhdət Sultanzadə və Azər Cahangirovun köməyi ilə bu müsahibəni təşkil edə bildik.
Lakin bu çətinliyə dəyərdi. Sürəyya xanımdan müsahibə alarkən ona "Siz Vətən deyəndə Türkiyəni, yoxsa Azərbaycanı nəzərdə tutursunuz?” deyə sual vermişdim. O da cavabında "Şuşa” demişdi. Söyləmişdi ki, "mən Şuşada doğulmuşam, orada dil açmış, addım atmış, yeriməyə başlamışam. Ulduzlu səmanı ilk dəfə orada seyr etmişəm, güllərinin ətrini ilk dəfə orada duymuşam. Azərbaycan dilində bir söz, söhbət, musiqi eşidəndə uşaqlıq xatirələrim məni öz qoynuna alır”.
- Türkiyədə Əhməd bəyin məzarını ziyarət etmək imkanınız oldumu?
- Əlbəttə. Əhməd bəyin Feriköydəki məzarını Sürəyya xanım və Gültəkin xanımla birlikdə ziyarət etdim.
- Ağaoğlular ailəsinin nümayəndəsi, həm də elm adamı kimi Əhməd bəy haqqında arxiv materialları toplamısınızmı?
- 1988-ci ildə Türkiyədə olanda Əhməd bəyin şəxsi arxivindən bir neçə kitab və foto götürdüm. Sürəyya xanım kitabları imzalayaraq mənə bağışladı. Səməd bəyin və özünün kitablarını da verdi. Hesab edirdim ki, orada əldə etdiyim kitab və sənədləri mütləq Bakıya aparmalıyam. Əhməd bəy Ağaoğlu haqqında Fransada maraqlı arxiv sənədlərinin olduğunu bilirdim. Bununla bağlı tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbova müraciət etdim. Ramiz müəllim mənim xahişimlə Fransa qəzetlərində Əhməd bəyin fransız dilində çıxmış bir sıra məqalələrini topladı və bizə gətirdi. Həmin materiallar arxivdə var. Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun müraciəti ilə "Sankt-Peterburqskiye vedomosti” kimi köhnə qəzetlərdən Əhməd bəyin yazılarını toplamışam. Əhməd bəy qəzetlərdə 1905-ci ilin hadisələrini çox sərt şəkildə qınayır, öz kəskin mövqeyini çəkinmədən ortaya qoyurdu. Silsilə yazıları ilə erməni vəhşiliyini, törədilən qırğınları, həqiqətin nə olduğunu rus ictimaiyyətinə izah edirdi. Fərhad müəllim kitabında bu barədə yazıb. Amerikalı alim Holli Şisler Əhməd bəy Ağaoğlu haqqında bir monoqrafiya yazmışdı, bu kitabı da ABŞ-dan əldə edə bildik.
(Əhməd bəy Ağaoğlu Maltada sürgündə...)
- Topladığınız arxiv materiallarını özünüzdə saxlayırsız, yoxsa kimlərəsə vermisiniz?
- Bir neçə kitabı və nadir fotoları Milli Tarix Muzeyinə vermişəm. Düşündüm ki, evdə saxlamaqdansa, muzeydə olmağı daha yaxşıdır. Elm adamları, tarixçilər, jurnalistlər, kimə lazım olsa Milli Tarix Muzeyində həmin materiallardan faydalana, incələyə, araşdırma apara bilər. Əhməd bəyi sevən, həyat və yaradıcılığı ilə tanış olmaq istəyən o qədər çoxdur ki. Son illərdə kitablar, monoqrafiyalar çoxalıb. Fransada, İngiltərədə, Amerikada, Türkiyədə və Azərbaycanda onlarla yeni kitab yazılıb. Mən bu işlə məşğul olan insanların hamısına, alimlərimizə, tarixçilərimizə, ziyalılarımıza çox minnətdaram, var olsunlar. Hörmətli Elçin Əfəndiyev, Vilayət Quliyev, mərhum alimlərimiz Əziz Mir-Əhmədov, Kamal Talıbzadə, tarixçi-alim Fərhad Cabbarov, yeni monoqrafiyanın müəllifi Aydın Balayev, gənc araşdırmaçı Dilqəm Əhməd və digərləri dəyərli işlər görüblər.
- Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvə-nəticələri ilə sıx əlaqə saxlayırsızmı?
- Sürəyya xanımla Gültəkin xanımın övladları olmayıb. Ancaq Səməd Ağaoğlunun övladları, nəvə-nəticələri var. Tezer xanımın qızı Suna və oğlu Mete ilə əlaqələrim olub. İndi də onların övladları ilə münasibət saxlayıram. Türkiyədə başqa bir Ağaoğlu qolumuz da var. İki bacıdan - Ayşegül və Yeşim Ağaoğlulardan biri Yeşim məşhur rəssamdır, tez-tez onlarla yazışıram. Hüquq professoru İsmet Giritlinin qızı, professor Yasəmən İncioğlu ilə də təmaslarım var. Gündəlik əlaqə saxlamasaq da, imkan daxilində bütün yaxınlarımızdan hal-əhval tuturuq. Təəssüf ki, xeyli vaxtdır Türkiyəyə gedə bilməmişəm.
- Moskvada Əhməd bəy Ağaoğlunun yubileyi ilə bağlı hər hansı tədbir keçirmək niyyətiniz, planınız varmı?
- Fikrim var, əgər imkan olarsa, müəyyən işlər görməyi düşünürük. Öncədən açıqlamayacam. Amma əsas tədbirimiz oktyabr-noyabr aylarında Bakıda olacaq. Dünyanın ayrı-ayrı ölkələrindən bir sıra görkəmli alimlər, tarixçilər gələcək. Çalışacağıq ki, bütun "Əhmədsevərləri” bir araya gətirək. Həm Azərbaycandakı, həm də Türkiyədəki qohumlarımız həmin konfransda iştirak edəcəklər. Sizi də yubiley tədbirinə dəvət edirəm.
- Nigar xanım, bizə zaman ayırdığınız və maraqlı xatirələri paylaşdığınız üçün sizə təşəkkür edirik.
- Buyurun, xoşdur, mən də sizə təşəkkür edirəm.
İsmayıl Qocayev