“Bizə cənnət vəd etmişdilər” - Ölüm qorxusu ilə yaşayan ümidsiz İŞİD qadınlarının gözləri yoldadır - FOTOLAR

O qadınların bəziləri aldadılaraq, bəziləri həqiqətən cihad etmək adı ilə Suriyaya gəliblər. Onlara "gözəl” "İslam dövləti” (İŞİD) yaradılacağını, "Böyük Xilafət vətəndaşları” olacaqlarını deyiblər. Bu uğurda ölərsən, cənnətə düşəcəyini söyləyiblər. Amerikanın dəstəklədiyi "Suriya Demokratik Qüvvələri”nin, İŞİD-çilərin Suriyadakı son qalası olan Bağuz şəhərini mühasirəyə aldıqdan sonra, cihadçılar təslim olmağa başlayıblar. Xüsusən də "İslam dövləti”nə qoşulan qadınlar yanıldıqlarını anlayaraq, təəssüflənirlər. Onlar öz ölkələrinə dönmək istədiklərini deyirlər.
Müharibənin iştirakçıları və ailələri, uşaqları qaçqın düşərgələrindədirlər. Onlar bu düşərgələrdə tövbə edir, həyatları üçün qorxurlar. Xilafətin cazibədarlığına aldanaraq evlərini tərk edən qadınların hekayələrini "Lenta.ru” saytı işıqlandırıb. "Sherg.az” həmin reportajı oxuculara çatdırır...

Düşərgələrdə 70 mindən çox insan var

"İslam Dövləti” tərəfindən nəzarət edilən son ərazilərdən köçürülən insanların ən böyük düşərgəsi Əl-Hasakah əyalətindəki Əl-Xol düşərgəsidir. Bu düşərgələrə "Suriya Demokratik Qüvvələri” nəzarət edir.
Hazırda düşərgələrdə 70 mindən çox insan var. Onların əksəriyyəti qadınlar və uşaqlardır. Onlar hazırda yoxlanışdan keçirlər. Aydınlatma aparılır ki, bu insanlar birbaşa İŞİD əsgərləri olublar ya yox...
Eyni zamanda Əl-Xolda xarici vətəndaşlar üçün ayrı bir zona var. Orada Almaniya, Hindistan, Kanada, Rusiya, Tunis, Türkiyə, Trinidad və Tobaqo, Cənubi Afrikadan olanlar da daxil, 11 minə yaxın insan var. Xaricdən gələnlərin bir hissəsi isə yaxınlıqdakı başqa bir düşərgədə - Rojda yerləşdirilib.

"Mən çoxlu uşaqların ölümünü gördüm”

Onlar arasında 46 yaşlı, Kanadadan olan Kimberly Polman da var. "Nə qədər axmaq ola bilərəm?" – deyə danışmağa başlayır Polman. O, internetdə ünsiyyətdə olduğu adama ərə getmək üçün Suriyaya gəlib. Və o həmin kişi ilə evlənib. Lakin evlilik müddətində ərinin təcavüzkar və qəddar olduğunu görəndən sonra kanadalı ondan boşanıb.
Tezliklə isə başqa bir kişi ilə evləndiyini, yaralı uşaqların müalicə edildiyi xəstəxanada işə başladığını deyir. "Mən çoxlu uşaqların ölümünü gördüm. Uşaqlar gözlərim önündə tələf olurdular” – deyən Polman, belə nəticəyə gəlib ki, uşaqların ölümündə məsuliyyət İŞİD döyüşçülərinin üzərinə düşür.
Polman və həyat yoldaşı könüllü şəkildə "Suriya Demokratik Qüvvələri”nə təslim olublar. Qadın, Kanadaya dönmək istədiyini, düşərgədə təhlükəsizliklərinin olmadığını qeyd edir. Əri ilə birlikdə "İslam dövləti”nə qarşı çıxdıqlarını, buna görə qorxu içərisində olduqlarını söyləyib: "Mən özümü alçaq insan kimi hiss edirəm. Mən onlara, İŞİD-çilərə inanmışdım” – deyə kanadalı bildirib.

Daş atırlar, əsgərləri "itlər" və "kafirlər" adlandırırlar

Bununla yanaşı qaçqın düşərgələrində yaşayan bir çox qadının terrorçuların tərəfdarlığını etdiyi bildirilir. Bildirilir ki, bəzi qadınlar Əl-Xoldakı qaçqın düşərgəsində belə "Xilafət”in əxlaqlı olduğunu söyləyirlər. 
"Associated Press”-in jurnalistləri bildiriblər ki, qara geyimli qadınlar, İŞİD haqqında mənfi fikir söyləyənləri təhqir edirlər. Həmçinin uşaqlar, onlara nəzarət edən "Suriya Demokratik Qüvvələri”nin əsgərlərinə daş atırlar, əsgərləri "itlər" və "kafirlər" adlandırırlar.

12 yaşlı oğlu ilə birlikdə Suriyaya gəlib, orda ikinci dəfə evlənib

Trinidad və Tobaqodan olan 45 yaşlı Qaillon Lawson isə əskinə düşünür. O, bildirib ki, ölkəsini ataraq Suriyaya gəlməyinə, "Xilafət” nağılına inanıb, terrorçulara qoşulduğuna təəssüflənir.
2014-cü ildə İslam dinini qəbul etdikdən sonra Lawson 12 yaşlı oğlu ilə birlikdə Suriyaya gəlib. Orda ikinci dəfə evlənib. Şübhəsiz ki, evləndiyi kişi radikal dini baxışlı terrorçu olub, İŞİD tərkibində döyüşüb. Ona görə də, Trinidad və Tobaqolu qadın qısa müddət sonra ərindən boşanıb. Onun əsas narahatlığı oğlunun da İŞİD döyüşçüsü ola biləcəyi ehtimalı imiş. Bunun hər vəchlə qarşısını alıb. Nəticədə, "hərbi xidmətdən” imtina etdiyi üçün oğlu 3 dəfə "İslam dövləti” tərəfindən həbs olunub. Sonuncu dəfə Lawson oğlunu qadın geyimi Bağuzdan çıxarıb, "Suriya Demokratik Qüvvələri”nə təslim olub. Onlar hazırda əsir düşərgəsindədirlər.

Sevgilisindən ayrılan 24 yaşlı Aliyə İŞİD-ə üz tutub

24 yaşlı Aliyənin həyat hekayəsi bir qədər fərqlidir. İndoneziyadan olan Aliyə, mühafizəkar bir müsəlman ailəsində böyüyüb. Lakin onun özü İslam dininin hansısa ənənələri ilə yaşamayıb, dinin buyurduğu əməlləri yerinə yetirməyib. Ta ki, sevgilisi onu tərk edənə kimi...
Sevgilisinin onu atmasından sonra dinə meyillənən Aliyənin baxışları zamanla radikallaşıb. Bu zaman "Xilafət”in "mübarizəsi”nə inandığını söyləyib: "Sadə bir səbəbdən Suriyaya gəldim. Mənə "hicrət etdiyin zaman bütün günahların silinəcək. Ölsən də, cənnətə düşəcəksən” dedilər”.
2015-ci ildə Aliyə İndoneziyadan səyahət məqsədilə Türkiyəyə gəlib. Türkiyədə isə İŞİD-ə qoşulmaq istəyən Əlcəzairdən olan bir gənc oğlanla tanış olub. Az keçmiş, bunlar evləniblər. Oğlan İŞİD-ə qoşulmaqda tərəddüd etsə də, Aliyənin israrı ilə, "İslam dövləti”nin qeyri-rəsmi "paytaxtı” sayılan Raqqaya köçüblər. 2017-ci ilin fevral ayında oğlu Yahya dünyaya gəlib. Əri sonralar İŞİD-də döyüşlərdə iştirakdan imtina etdiyi üçün "İslam dövləti” tərəfindən həbs olunub.

"Aldandım, səhv etdim. Peşimanam" - O ikinci şans istəyir

2017-ci ilin sonunda Aliyə terrorçuların nəzarət etdiyi ərazini körpə oğlu ilə tərk edə bilib. Amma əri terrorçuların əlində qalıb: "2017-ci ilin sonundan ərimi görmürəm. Onun haqqında məlumatsızam. Hələ də qaçqın düşərgəsindəyəm”. Aliyə indi ikinci bir şans istəyir: "İndoneziyaya, vətənimə qayıtmaq istəyirəm. Mən gəncəm, həyatım qarşıdadır. Aldandım, səhv etdim. Peşimanam. Bəzi insanlar hələ də İŞİD-i sevirlər. Onlar nə qədər səhv etdiklərini anlamırlar. Onlara demək istəyirəm ki, mən orada yaşadım, həqiqətləri gördüm. Gördüklərim, bu illərdə yaşadıqlarım bir cəhənnəmdir”.

Samira: "Bizə cənnət vəd etdilər, amma cəhənnəmi yaşatdılar”

"Onlara nifrət edirəm. Bizə cənnət vəd etdilər, amma cəhənnəmi yaşatdılar” – deyir düşərgədə olan başqa bir qadın. Bu Belçikadan olan 31 yaşlı Samiradır. Samira deyir ki, günahsız insanları öldürürlər:
"Onların etdikləri vəhşilikdir, İslam dini ilə heç bir əlaqəsi yoxdur”. Qadın əvvəlki həyatına dönmək istəyənlərdəndir: "Gənclikdə spirtli içki içirdim, asılılıq yaranmışdı alkaqola. Həyatımı, yaşamımı dəyişmək üçün dinə sığındım. İŞİD-in təbliğatına uydum, aldandım, Suriyaya gəldim. Amma İŞİD İslam dinini elə günə qoydu ki, Avropa heç vaxt müsəlmanları qəbul etməyəcək. "Xilafət”də həqiqi din olduğuna inanmışdım. Bu çox axmaq hərəkət imiş, bilirəm”.

31 yaşlı qadın vətəninə, Belçikaya qayıtmaq istəyir

Belçikalı Suriyaya gəldikdən sonra xüsusi bir qadın evinə yerləşdirildiyini bildirib.
Bundan sonra Fransa vətəndaşı ilə evlənib. Əri bir müddətdən sonra İŞİD tərkibində döyüşməkdən imtina etdiyi üçün həbs olunub. Bir il həbsdən azad edildikdən sonra yumurta və toyuq alveri ilə məşğul olub.
2016-cı ildə əri ilə qaçmağa cəhd ediblər. Amma bu baş tutmayıb. Yalnız 2018-ci ildə onlar iki yaşlı oğlları ilə qaçmağa müvəffəq olublar. Bu zaman kürdlərin əlinə keçiblər. Əri İraq həbsxanasına göndərilib. O isə, qaçqın düşərgəsindədir. Samira İraqda ərinə ədalətli məhkəmə qurulacağına inanmır. O vətəninə, Belçikaya dönməyə çalışır: "İŞİD-də gördüklərimiz bizə bir dərs oldu. Artıq ekstremistlərə fərqli bir baxışımız var. Biz istəyirik ki, cəmiyyətimizə yenidən inteqrasiya oluna bilər”.

10 yaşdan aşağı olan uşaqlar dönə bilərlər

Bu qadınların tövbələrini, terrorçulara qarşı ittihamlarını onların canlarını qurtarmaq üçün dedikləri də iddialar arasındadır. Bəzi ekspertlər qeyd edirlər ki, imdad diləyən, peşiman olduqlarını bildirən bu qadınlar, Suriyaya getməmişdən əvvəl İŞİD-çilərin qəddarlığı, vəhşiliyi, terrorçu olduqları haqqında bilgili idilər. Amma buna baxmayaraq gedib terrorçulara qoşulublar. Şübhə yaranır ki, zamanında bildikləri halda, yenə də qatillərin yanına gedən bu insanların peşimanlıqları şübhəlidir. Ona görə də, istər qadın, istər kişi olsun, onların ölkələrinə qayıtmaq istəkləri ilə bağlı nə "etmək olar?” sualı ətrafında hökumətlər baş sındırırlar.
Bəzi Avropa ölkələri İŞİD üzvü olmuş vətəndaşlarını qəbul etməyə başlayıb. Məsələn Belçika 10 yaşdan aşağı uşaqların ölkəyə gətirilməsinə razılıq verib. Belçikanın Xarici İşlər Nazirliyi rəsmi Brüsselin mövqeyini açırlayaraq, bəyan edib ki, valideynlərinin səhvlərinə görə günahsız uşaqlar əziyyət çəkməməlidirlər.

Qadınlar və uşaqlar təlim keçiblər, döyüşlərdə iştirak ediblər

Ekspertlər isə o qədər də optimist deyillər. Xüsusilə də, Beynəlxalq Radikalizasiya Araşdırmaları Mərkəzi (ICSR) 2018-ci ilin hesabatında qeyd edib ki, terrorçüların sıralarında qadınların rolu heç də az olmayıb. Bir çox qadının İŞİD-in nəzarətində olduğu ərazilərdə təlim keçdiyi, döyüşlərdə iştirak etdiyi yazılıb. 
Hesabatda o da qeyd olunur ki, "Xilafət”də yaşamış uşaqlar belə sıradan deyillər. Onlar erkən yaşlardan ideoloji təbliğata uyublar, döyüş təlimində iştirak ediblər. Bütün bunlar isə nəticədə radikalizmə və cəmiyyət üçün ciddi problemlərə səbəb ola bilər.
Belə hesabatlar və ortada olan faktlar qaçqın düşərgəsində imdad diləyən xarici ölkə vətəndaşlarının vətənlərinə dönməsini əngəlləyir. Çünki heç bir hökumət istəmir ki, terrorçuların tərəfdarı olmuş insanlar, ölkəyə qayıtsınlar. Onlar isə - düşərgədəki qadınlar və uşaqlar vətənə dönməyi gözləyirlər.
Anar Bayramoğlu