Tural Abbaslı: "AKP seçkiləri kiçik də olsa üstünlüklə başa vuracaq"
"Bizim siyasətimizdə millətlə inadlaşmaq kimi bir anlayış qətiyyən yoxdur”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 23 iyundakı təkrar bələdiyyə seçkisi ilə bağlı danışan prezident AKP-nin İstanbulda 2 milyon 300 min üzvünün olduğunu diqqətə çatdırıb: "Üzvlərimiz çalışsın. Bir üzvümüz, yanında 2 səs də gətirsin və məsələ bitsin. "Üzvəm, amma çalışmıram” deyə bir şey yoxdur. Hər oğurluq pisdir, amma səs oğurluğu fəlakətdir”. İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım da seçki ərəfəsində müraciət edib. Bildirib ki, seçkidə zərərçəkən İmamoğlu yox, odur: "Deyirlər ki, guya, CHP-nin namizədi zərərçəkən imiş... Burada zərərçəkən varsa, o da mənəm. Bizim səslərimiz oğurlanıb. Kimdir bizi bu vəziyyətə salan? İşini düzgün icra etməyən seçki qurumlarının rəhbərləri”.
AKP və MHP cütlüyünün seçkiyə ciddi hazırlaşdığı ortadadır. Prezident Ərdoğan və namizəd Binali Yıldırım bütün gücləri ilə çalışacaqlarını deyib. İmamoğlu tərəfdarlarının da təşkilatlandığı görünməkdədir. Yəni həm seçki, həm də səsvermə rəqabətli və qızğın proseslər fonunda keçəcək. Artıq nəticələrlə bağlı müəyyən proqnozlar da verilməkdədir.
Qardaş ölkədə seçki öncəsi prosesləri "Şərq”ə dəyərləndirən Ağ Partiya başqanı Tural Abbaslı bildirib ki, biz siyasilər olaraq ilk növbədə Türkiyə seçicisinin seçiminə hörmətlə yanaşmalıyıq və yanaşırıq da. Onun sözlərinə görə, seçkilərin nəticəsinin nə olmasından asılı olmayaraq, əgər bu nəticələr xalqın iradəsini özündə ifadə edirsə, hər kəs bununla hesablaşmalıdır:
"Biz də Azərbaycan xalqı olaraq hər zaman belə yanaşmışıq. Ancaq təəssüflər olsun ki, Türkiyədə İstanbul şəhər bələdiyyəsinə keçirilən son seçkilərdə bəzi neqativ hallar baş verdi. Bu hallar da öz növbəsində nəticələrə təsir etdi. Bundan irəli gələrək Türkiyə Yüksək Seçki Qurumu seçkinin nəticələrini ləğv edərək yeni seçkilər təyin etdi. Təbiidir ki, bu seçkilərdə əsas rəqabət yenə də AKP ilə CHP namizədləri arasında olacaq. Çünki hələlik görünən odur ki, böyük şəhərlərin əksəriyyəti bu iki partiyanın təsiri altındadır”.
Partiya rəhbəri vurğulayıb ki, İstanbul böyük şəhərlər arasında ən önəmlisi və ən stratejisidir: "Adətən belə bir ifadə işlədilir ki, İstanbulu alan, Türkiyəni alar. Odur ki, bu dəfə də rəqabətin qızğın gedəcəyinə əminəm.
Hər iki partiya və onların qurduqları siyasi ittifaqlar çalışacaq ki, İstanbulu götürsünlər. Mən düşünürəm ki, bu dəfə seçkilər daha şəffaf və ədalətli olacaq deyə AKP seçkiləri kiçik də olsa üstünlüklə başa vuracaq. AKP son seçkilərdə partiyadaxili və seçki komissiyalarında buraxdığı boşluqları aydın gördü.
Bu boşluqlar aradan qaldırılacaq və nəticə də onların xeyrinə nəticələnəcək. Əsas odur ki, Türkiyə seçicisinin iradəsi ortada olsun və üçüncü qüvvələrə məqamdan istifadə etməyə imkan verməsinlər. Türkiyə artıq özü dünya dövləti olmağa iddialıdır və heç bir qüvvəyə öz daxili işlərinə müdaxiləyə imkan verməməlidir. Sonda bir daha qeyd edirəm ki, bizə güclü Türkiyə lazımdır. Çünki güclü Türkiyə güclü Azərbaycan deməkdir”.
İsmayıl