"Booking.com"a ETİRAZ: "Qərb istənilən ölkədə pozuculuq etmək..."




"Yalnız "Booking.com"deyil, bir çox sahələrdə ermənilərlə, qondarma Dağlıq Qarabağdakı qüvvələrlə güclü əməkdaşlıq edənlər var”.

Bunu Sherg.az-a "Booking.com" (hotellərin onlayn bronlaşdırılması servisi - red.) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən hotellərlə əməkdaşlıq etməsinə münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. 

O bildirib ki, Azərbaycan bütün cəhdlərə baxmayaraq, bunların qarşısını ala bilmir:

"Hətta bəziləri nümayişkaranə şəkildə onlarla əlaqələri olduğunu bəyan edir, şəkil də çəkdirirlər, min cür oyundan çıxırlar. Təbii ki, dövlətimiz onları "qara siyahı”ya salır, arzuolunmaz şəxslər elan edir, tələblərini qoyur. İnterpol xətti ilə axtarışa verir. Ancaq hələ ki tək bir nəticə əldə edilib. Bu isə Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsidir. Bu mənada arzu edirik ki, cəzalananların sayı çoxalsın. Həm təşkilat, həm fiziki, həm hüquqi şəxslər kimi cəzalarını alsınlar. Bir həqiqət var ki, nə vaxt öz ərazilərimizə tam nəzarətimizi bərpa edəcəyik, onda müəyyən edəcəyik, ərazimizə kim gəlsin, kim gəlməsin. Bu gün həmin ərazilərin nəzarəti düşmən tərəfindədir. Separatçılarla əlbir olan qüvvələr həddən artıq çoxdur. Onlar öz bildiklərini edirlər. İnşallah vaxt gələr bunların qarşısı alınar”.

"Booking.com”un Hollandiyaya məxsus sayt olduğunu qeyd edən E.Məmmədov Avropa ölkələrinin bu cür məsələlərlə bağlı cəhdlərinə diqqət çəkib:

"Bu gün separatizmin dayağı, terror təşkilatlarının yuva saldığı, terrorçuların sərbəst gəzib, dolandığı yerlər elə Avropa deyilmi? Avropa, Qərb istənilən ölkədə təxribat yaratmaq, pozuculuq etmək, çevrilişə cəhd üçün insan hüquqları, demokratiya, söz azadlığı kimi fikirləri ortaya atıb, hücuma keçir. Həqiqətən də, insan hüquqlarının ən çox pozulduğu yer, separatizmə və terrorçuluğa ən çox dəstək verən ölkələr Qərb ölkələridir. Bunu onlara qarşı qərəzli şəkildə demirəm, Avropanın bütün fəaliyyətində bu məlum olur”.

Qeyd edək ki, adıçəkilən onlayn servis vasitəsilə Dağlıq Qarabağ ərazisindəki hotellərə sifariş etmək mümkündür. Belə ki, servisin axtarış bölməsinə "Stepanakert" sözünü daxil etdikdə "Khankendi (Stepanakert), Armenia" nəticəsi çıxır.

Aysel Aslan