Bordyujanın istefası heç nəyi dəyişməyəcək

“KTMT-nin hərbi resurslarını nüfuzlu Qərb təşkilatları ilə müqayisə etmək olmaz”



"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Nikolay Bordyujanın istefasını Ermənistan-Azərbaycan sərhədindəki insidentlə əlaqələndirmək yolverilməzdir”.

Bunu təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov deyib. O bildirib ki, Bordyujanın istefası 2015-ci ildə Moskvada quruma üzv ölkələrin dövlət başçılarının qəbul etdiyi qərarla bağlıdır. Xatırladaq ki, Bordyuja sərhəddə baş vermiş təxribat hadisəsi ilə bağlı işğalçı ölkənin mövqeyinə uyğun bəyanat verib. Azərbaycan isə bu bəyanata öz etirazını bildirib. Onu da bildirək ki, KTMT-nin növbəti sədri Ermənistan nümayəndəsi olmalıdır. Amma sədrlik seçimi təxirə düşdüyünə görə, hələlik təşkilat başsız qalıb. 

Qurumun fəaliyyəti ilə bağlı "Şərq”ə danışan siyasi təhlilçi Elşən Manafov təşkilatın birbaşa Rusiyanın təşəbbüsü ilə yarandığını deyib. Onun sözlərinə görə, təşkilat NATO-nun postsovet ölkələrinə təsirinin qarşısını almaq, ən azından belə bir görüntü yaratmaq üçün təsis edilib: 

"KTMT-nin hərbi resurslarını nüfuzlu Qərb təşkilatları ilə müqayisə etmək olmaz. Bununla belə təşkilatda yer alan dövlətlərin strateji mövqeləri və hərbi imkanları Rusiyaya bir tərəfdən Mərkəzi Asiyaya, digər tərəfdən isə Cənubi Qafqaz regionuna nəzarət etməyə imkan yaradır. Bordyujanın istefası da formal xarakter daşıyır və heç nəyi dəyişmir. Erməni tərəfinin təşkilatda təmsil olunmasının səbəbi odur ki, Azərbaycanla münaqişə alovlanacağı təqdirdə düşmən ölkə həmin təşkilatın çətiri altına girə bilsin. Ermənistan hökuməti uzun müddətdir KTMT-nin rəhbərliyinə erməni nümayəndə gətirməyə çalışır. 

Amma aydındır ki, təşkilatda təmsil olunan dövlətlər, xüsusən Qazaxıstan və Belarus Azərbaycanla münasibətlərə daha çox önəm verirlər. Aprel savaşında da həmin dövlətlər bəyan etdilər ki, Dağlıq Qarabağ münaqişəsi daxili prosesdir və bu məsələnin quruma aidiyyəti yoxdur. Çünki təşkilatın nizamnaməsində göstərilir ki, birlikdə təmsil olunan dövlətlər hansısa xarici təcavüzə məruz qalarsa, digər dövlətlərin yardımını tələb edə bilərlər. O baxımdan təşkilatın rəhbərliyinə erməni mənşəli şəxs gətirilsə belə, orada təmsil olunan dövlətlərin mövqeyi dəyişməyəcək, yəni hansısa dəyişiklik baş verməyəcək. Əksinə, Qazaxıstan və Belarus ermənilərin qurum adından qanunsuz hərəkətlərə yol verməsinin qarşısını alacaqlar”.

İsmayıl