Böyük regiona sülh havası gəldi

“TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub”



Ötən gün Türkiyədə Azərbaycan təbii qazının qardaş ölkəyə, oradan isə Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Qaz Kəmərinin açılışı oldu. Xatırladaq ki, TANAP ümumi dəyəri 40 milyard avroluq Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. Bu layihə "Şahdəniz-2” layihəsinin əsas elementlərindən biridir. "Şahdəniz-2” layihəsi çərçivəsində ilkin olaraq Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz nəql olunacaq ki, onun da 6 mlrd. kubmetri qardaş ölkəyə, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək. 

Sonrakı mərhələdə isə layihə daha geniş məkanı əhatə edəcək. Azərbaycan qazını Türkiyə ərazisi ilə nəql edəcək Transanadolu boru kəmərinin inşası zamanı həm vaxta, həm də vəsaitə qənaət olunub. Layihənin icrası lap əvvəldən Azərbaycan və Türkiyə hökumətlərinin diqqətində olub. Hər iki ölkənin prezidenti TANAP-da işlərin gedişini hər zaman şəxsi nəzarətində saxlayıblar. Çünki kəmərin işə düşməsi Azərbaycan üçün iqtisadi baxımdan nə qədər önəmlidirsə, Türkiyənin enerji təhlükəsizliyi üçün bir o qədər əhəmiyyətlidir.

Məlumat üçün deyək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın nəqli üçün bir neçə variantlar təklif olunub. Avropanın Nabucco layihəsi ilə bağlı uzun müddət danışıqlar getsə də, real addım atılmayıb. Nəhayət, Azərbaycan və Türkiyə prezidentlərinin birgə təşəbbüsü ilə Transanadolu qaz kəmərinin çəkilməsi qərara alınıb. Layihənin reallaşması üçün ilk addım 2011-ci ildə ölkələr arasında Memorandumun imzalanması ilə atılıb. Kəmərin təməlqoyma mərasimi isə 2015-ci ilin martında hər iki dövlət başçısının iştirakı ilə Qarsda baş tutub.

"Türkiyə-Azərbaycan qardaşlığı ölkələrimiz və Avrasiya üçün önəmli amildir”

Açılış mərasimində TANAP-ın əhəmiyyətindən danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin liderliyi ilə əldə edilmiş uğurlar xalqlarımızı çox sevindirir. Dövlət başçısının sözlərinə görə, prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrilib: "Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Bu gün dünyada biri-birinə bu qədər yaxın olan, biri-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir”. Ölkə rəhbəri bildirib ki, iki dövlət XXI əsrin enerji tarixini birlikdə yazdı: "TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Layihə Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub”.

"TANAP həm də azad rəqabət, enerjinin şaxələndirilməsi layihəsidir”

TANAP layihəsinın ölkəmizə qazandıracağı beynəlxalq dividendlər barədə danışan millət vəkili Elman Nəsirov deyib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə ölkəmizin beynəlxalq aləmdə, Avrasiyada mövqelərinin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Deputat bildirib ki, TANAP layihəsi Azərbaycanın dünyanın enerji infrastrukturunu dəyişdiyini təsdiq edir: "Bu ilk növbədə enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. TANAP həm də azad rəqabət, enerjinin şaxələndirilməsi layihəsidir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, meqalayihə bütün tərəflərin qazanc əldə etməsinə şərait yaradır. TANAP nəticə etibarı ilə çoxtərəfli əməkdaşlığın formalaşmasına gətirib çıxaran layihədir.
Bütövlükdə "Cənub Qaz Dəhlizi” ətrafında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, İtaliya, Yunanıstan və Albaniya kimi ölkələrin sıx əməkdaşlığı formalaşıb. Balkanlardan Bosniya və Hersoqovina, Xorvatiya və Monteneqro da memorandum imzalayaraq, layihənin potensial iştirakçıları olublar. Əlavə olaraq, Rumıniya və Türkmənistan da layihəyə ciddi maraq göstərir. Görünən odur ki, "Cənub Qaz Dəhlizi” öz təsdiqini tapır”.

"Layihə Avropanın enerji xəritəsini tamam dəyişəcək”

Milli Məclisin deputatı Azay Quliyev də deyib ki, Transanadolu boru kəməri Azərbaycanın strateji layihəsidir və bu layihənin açılışı ölkə tarixində böyük bir hadisədir: "TANAP Azərbaycanın Avropanı Asiya ilə birləşdirən çox mühüm enerji layihəsidir. Bu layihənin təkcə iqtisadi əhəmiyyəti deyil, eyni zamanda, çox böyük siyasi və təhlükəsizlik baxımından da əhəmiyyəti var. Prezident İlham Əliyev bundan əvvəl TANAP haqqında belə bir fikir səsləndirmişdi. Bəyan etmişdi ki, layihə Avropanın enerji xəritəsini tamam dəyişəcək. Həqiqətən də bu gün Avropanı alternativ enerji ilə təmin edən çox böyük potensiala malik TANAP-ın açılışı böyük tarixi hadisədir. Əminəm ki, bu layihə Azərbaycanın həm iqtisadi gücünün, həm beynəlxalq aləmdə nüfuzunun artmasına, həm də təhlükəsizliklə bağlı gündəmdə olan məsələlərin həllinə öz töhfəsini verəcək. Dövlət başçısının da qeyd etdiyi kimi, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”.

"Vəsaitlər ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə təkan verəcək”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan Avropanın enerji şaxələndirilməsində əsas ölkə olaraq regionda geosiyasi əhəmiyyət kəsb edən enerji lahiyələrinə imza atır. Onun sözlərinə görə, ABŞ və Avropanın siyasi dəstəyi ilə gerçəkləşən enerji və nəqliyyat layihələri Avropanı Rusiyanın enerji şantajından xilas etmək məqsədi daşıyır: "Bir neçə müddət bundan əvvəl "Cənub Qaz Dəhlizinin” Bakıda açılışı göstərdi ki, xəyal kimi görünən bu enerji layihəsi, artıq qaz ixracına hazır vəziyyətdədir. Dəyəri 40 milyard dollar həcmində olan bu boru kəməri "Cənubi Qaz Dəhlizi” olmaqla üç hissədən ibarətdir. 

Azərbaycandan başlayan boru kəmərinin əsas seqmentləri "TANAP” və "TAP”-dan ibarətdir. 4-cü hissə isə Türkmənistan qazının nəqlini nəzərdə tutan "Transxəzər” qaz kəməridir. Hələki, müəyyən problemlərə görə dənizin dibi ilə kəmərin çəkilməsi ləngiyir. Amma yaxın perspektivdə inşa işlərinin reallaşması gözlənilir. Həmçinin, Azərbaycan bu boru kəməri vasitəsilə Mərkəzi Asiya qazını da Avropaya gələcək perspektivdə çıxara bilər. Tranzit ölkə olaraq buradan da ölkəmizə valyuta axını gerçəkləşəcək. Artıq təkcə neftdən deyil, qazın və kondensatın Avropaya çıxarılması da ölkəmizin valyuta ehtiyatlarını artıracaq. Bu vəsaitlər ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə təkan verəcək”.

İsmayıl