Şəki faciəsi: Hadisənin səbəbləri barədə qəti hökm vermək olmaz - Media eksperti

  • “Medianın əsas məsuliyyəti dəqiq və yoxlanılmış məlumat çatdırmaqdır”
  • Müşfiq Ələsgərli: “Belə faciələr həm həssas yanaşma, həm də etik məsuliyyət tələb edir”

Şəki Yaylasında baş verən kanat qəzası ilə bağlı müzakirə edilən əsas suallardan biri istirahət mərkəzində təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olması və faciəyə görə məsuliyyətin kimin üzərində olmasıdır. Hadisə ilə bağlı AZTV-də yayımlanan reportajda ölən şəxslərin davranışlarının ön plana çıxarılması və bununla faciədə məsuliyyətin onların üzərinə yönəldilməsi tənqid edilir. Sözügedən süjetdə gənclərin tros qırılması səbəbilə deyil, güclü külək və bir növ təlaş vəziyyətində olaraq, Ziplaynın roliklərinin trosdan çıxması nəticəsində həlak olduqları qeyd olunub. Süjetdə həmçinin gənclərin kanatdan istifadə etməzdən əvvəl sığorta sənədinə imza atdıqları bildirilib. Ölən şəxslərdən birinin bacısı hadisənin təqdimatından narazı olduğunu bildirib və məsələnin hüquqi müstəvidə araşdırılacağını vurğulayıb: "Qardaşımın qanı yerdə qalmayacaq. O yalan xəbəri sifariş edənlər də bizim kimi yansınlar...".

İki insanın həyatını itirdiyi faciədən sonra diqqətin təhlükəsizlik məsələlərindən yayındırılaraq ölən şəxslərin davranışına yönəldilməsi nə dərəcədə doğrudur? Belə hadisələr zamanı ictimaiyyətə məlumat verən medianın məsuliyyəti nədən ibarətdir?

Mövzunu şərh edən media eksperti Müşfiq Ələsgərli Sherg.az-a bildirib ki, ortada insan itkisi, ağır insan faciəsi olduğu üçün bu hadisə təbii olaraq cəmiyyətin böyük diqqətini çəkir:

"Mən də ilk növbədə həyatını itirənlərə Allahdan rəhmət, onların ailə üzvlərinə və yaxınlarına səbir diləyirəm. Belə faciəli hadisələr həm çox həssas yanaşma tələb edir, həm də geniş ictimai müzakirələrə səbəb olur. Hadisənin miqyası və insan itkisi nəzərə alınanda medianın da bu mövzuya geniş yer ayırması təbiidir. Belə məqamlarda müxtəlif media qurumlarında fərqli məlumatlar, fikirlər və yanaşmalar təqdim oluna bilər. Hadisə ilə bağlı məlumat verən mənbələrin və şahidlərin fikirləri də bir-birindən fərqlənə bilər. Azərbaycanda çoxsaylı media qurumları fəaliyyət göstərir və onların hər biri müxtəlif mənbələrdən informasiya alır. Ona görə də istintaqın yekun nəticəsi açıqlanmamış hadisənin səbəbləri və məsuliyyət məsələsi barədə qəti hökm vermək düzgün olmaz".

M. Ələsgərli qeyd edib ki, bu cür hallarda medianın əsas məsuliyyəti ictimaiyyətə dəqiq, yoxlanılmış və balanslı məlumat çatdırmaqdır:

"Xüsusilə insan itkisi ilə nəticələnən hadisələr işıqlandırılarkən həm peşəkar, həm də etik həssaslıq qorunmalıdır. Hadisənin səbəbləri, başvermə şəraiti və məsuliyyət məsələsi isə sonda hüquq-mühafizə və istintaq orqanlarının araşdırmasının nəticələri əsasında daha aydın müəyyən olunacaq. Düşünürəm ki, yekun nəticələr açıqlanandan sonra həm hadisənin özünə, həm də onun mediada işıqlandırılmasına daha obyektiv qiymət vermək mümkün olacaq".