Bu dəfə külək olmadı

Görəsən “Günəşli”də baş vermiş yanğınla bağlı günahkar aşkarlanacaqmı?



Sentyabrın 26-da "Azneft” İstehsalat Birliyinin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib.

...Əməliyyata cəlb olunan gəmilərin fəaliyyəti vahid mərkəzdən idarə edilib

SOCAR-dan verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb. Mütəxəssislər və hadisənin lokallaşdırılmasından ötrü lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub. Hadisə zamanı "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və Fövqəladə Hallar Nazirliyinin gəmiləri hadisə yerinə cəlb olunub. Qurumun saytına istinadən aldığımız xəbərə görə, yanğın barədə QSC-yə məlumat daxil olan kimi dərhal Gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülüb: "SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə daimi əlaqə saxlayaraq, tələb olunan bütün gəmilər hadisə yerinə mobilizasiya olunmuş və dənizdə aparılan əməliyyatların koordinasiyası təmin edilib. Hadisə yerində Gəmiçiliyin "Nefteqaz-64” və Neftqaz-10” gəmilərində qərargah yaradılıb və hadisə yerinə cəlb olunan gəmilərin işi koordinasiya olunub, əməliyyata cəlb olunan gəmilərin fəaliyyəti vahid mərkəzdən idarə edilib. Xəzərdə ən böyük yedək-təchizat gəmisi olan Gəmiçiliyin "Lənkəran” gəmisi, AXDG - "BUE Caspian” Alyansının həmin şirkətə xidmət göstərən "Topaz Dignity”, "Caspian Protektor”, "Caspian Voyager” gəmiləri və onların heyətləri qəzanın aradan qaldırılmasında xüsusi rol oynayıb”.

Özülün kommunikasiya sistemi tam təcrid edilib

Eyni zamanda, "Azneft” İstehsalat Birliyinin baş mütəxəssisləri və Fontana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası da dünən helikopterlə hadisə yerində olublar. Vəziyyət nəzarətə götürüldükdən sonra fontanın qarşısı alınması və söndürülməsi üçün tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın birgə yaydığı məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində yanğın dünən səhər saatlarında söndürülüb, həmçinin, qaz təzahürünün qarşısı alınıb.

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov isə 26 sentyabrda dənizdəki qaz quyusunda baş vermiş fövqəladə hadisə zamanı yanğın baş vermədiyini deyib: "71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Dərhal yanğın söndürmə sistemi işə salınıb. Özüldə istismarda olan digər quyular bağlanıb, özülün kommunikasiya sistemi tam təcrid edilib. İşçi heyətinin vacib olan mütəxəssisləri saxlanılmaqla, digərləri gəmi vasitəsilə təxliyə olunub. Eyni zamanda qəza baş vermiş özülə kömək üçün ixtisaslaşdırılmış gəmiləri cəlb edilib”.

Görək, bu dəfə kimi günahlandıracaqlar?

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə hesab edir ki, bu cür hadisələrin baş verməsində ən xoşagəlməz hal cəzasızlıq mühitinin baş alıb getməsidir: "Günəşli” yatağında sevindirici hal budur ki, tələfat baş vermədi. Gecəyarısı verilən məlumata görə, yataqda yanğın şiddətlənmişdi. Deyilən məlumatlara görə, yanğının yaxınlığında, içində nə saxlanıldığı məlum olmayan çənlər var idi. Şahidlərin ifadələrinə görə, həmin çənlər də partlayıb. Səhər saat 09:00-da yanğın artıq söndürülmüşdü. İşçiləri yenidən bloklara qaytarırdılar. Bu cür hal sovet vaxtında olsaydı, mütləq məsul şəxslər cəzalandırılardı. Ötən dəfə baş verən faciəni küləyin boynuna yıxdılar. Bu dəfə isə külək yox idi. Görək, bu dəfə kimi günahlandıracaqlar? Ötən ilin dekabrında da baş verən yanğın zamanı insanlar öldü. Hökumət komissiyası yaradıldı, ancaq günahkarın kim olduğunu demədilər. Bir adam cəzalandırılmadı. Səbəb səriştəsizlikdir, məsuliyyətsizlikdir. Bir də cəzasızlıqdır. Cəzasızlıq cinayətin böyüməsinə imkan yaradır. Bu qədər adam öldü, di gəl, bir adam cəzalandırılmadı”.

Şəymən