“Bu etimad bizə güc verir”

Prezident bildirib ki, referendum ölkənin gələcək inkişafını müəyyən edir
“Tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmayıb”

"Referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dünən Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında deyib. Dövlət başçısı vurğulayıb ki, bizim siyasətimiz milli maraqlar üzərində qurulub: "Siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir. Heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb”.

Prezident bildirib ki, referendum ölkənin gələcək inkişafını müəyyən edir: "Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə "hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuzu artır, ordu quruculuğu uğurla gedir. Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü göstərdi. Baxmayaraq ki, dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadi sahədə inamla inkişaf edir, bütün sosial layihələr icra olunur. Enerji siyasətimiz nəinki ölkəmiz üçün, regionumuz, dünya üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətdir. Biz nəhəng sənaye layihələrini icra edirik”.

"Heç kimdən asılı deyilik, taleyimiz öz əlimizdədir”

Prezident bu ilin Azərbaycanda "Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırıb: "Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bax, Azərbaycan reallıqları budur. Xalq bu reallıqları yüksək qiymətləndirir, referendumun nəticələri məhz buna əsaslanır. Bizə gələcəkdə kimsə xaricdən nə isə diktə etmək istəyəndə iki dəfə fikirləşməlidir. Birincisi, biz heç kimlə diktat dili ilə danışmırıq. Bu yanaşmanı qəbul etmirik. İkincisi və ən önəmlisi, biz heç kimdən asılı deyilik. Bizim apardığımız siyasət bundan ibarətdir ki, ancaq öz gücümüzə arxalanaq, nə siyasi cəhətdən, nə maliyyə cəhətdən heç kimdən asılı olmayaq, heç kimə borclu olmayaq və öz taleyimizi özümüz həll edək”. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan reallıqları göstərir ki, müstəqillik illəri bizim üçün nə qədər qiymətlidir və nə qədər böyük xeyir gətirir: "Tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmayıb. Biz tarixi yaxşı bilirik, müxtəlif dövrlərdə Azərbaycan ərazisində dövlətlər, müxtəlif ictimai idarəetmə formaları olub. Ancaq bugünkü dövr əsl müstəqillik dövrüdür. Heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir, inamla irəliyə gedirik və perspektivlər də çox açıqdır, aydındır. Biz bilirik nə istəyirik. Cəmiyyətdə Azərbaycanın inkişafı ilə bağlı fikir ayrılığı yoxdur və referendum bunu bir daha təsdiq etdi”.

"Cəmi 8-9 ay ərzində belə möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılıb”

Prezident deyib ki, Azərbaycan regionlarının inkişafı prioritet məsələ olaraq qalır: "Bu təşəbbüsü 2004-cü ildə mən irəli sürmüşdüm və o gündən bu günə qədər bütün şəhərlər, rayonlar inkişaf edir, abadlaşır. Regional inkişaf proqramımız bizə imkan verir ki, ölkəmiz həm iqtisadi, həm coğrafi baxımdan çoxşaxəli şəkildə inkişaf etsin. Sumqayıtın bu proqramın icrasında xüsusi yeri var. Sumqayıt böyük sənaye şəhəridir, əhalisi də kifayət qədər böyükdür. Sumqayıt Bakıdan sonra Azərbaycanın ikinci şəhəridir. Sumqayıtın inkişafına daim böyük diqqət göstərilib. Əminəm ki, şəhərin bugünkü vəziyyəti, görkəmi həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb. Bu gün iştirak etdiyim açılışlar onu əyani şəkildə göstərir. Cəmi 8-9 ay ərzində belə möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılıb. Bu gün Şahmat Məktəbinin, Uşaq İncəsənət Məktəbinin açılışını qeyd etdik. Gözəl, əzəmətli binalardır və bu binalarda uşaqlar oxuyur, dərs alır. Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir. Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilib”.

"Çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun”

Dövlət başçısı bəyan edib ki, şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır: "Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik. Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. İndi Sumqayıtın havası çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini tapıb. Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir. Yəni, bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər. Mən çox şadam ki, bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər. Ancaq Sumqayıtda siz özünüz təşəbbüslər göstərirsiniz. Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl şəhərə çevrilsin, daha da abadlaşsın.

Onu da qeyd etməliyəm ki, mən dəfələrlə bəyan etmişəm bizim paytaxtımız Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Çalışmaq lazımdır ki, bütün şəhərlər Bakıya oxşasın. Yəni, memarlığa görə yox, çünki hər bir şəhərin öz tarixi, öz siması var. Ancaq abadlıq, rahatlıq, insanların yaşayış səviyyəsi baxımından hər bir şəhər çalışmalıdır ki, Bakıya yaxınlaşsın. Hesab edirəm ki, Sumqayıt artıq Bakının səviyyəsinə gəlib çatıb”.

"O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar”

Prezident İlham Əliyev deyib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz onun rəhbərliyi ilə Azərbaycan inamla müstəqillik həyatına qədəm qoyub: "Əgər 1991-ci ildə Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Azərbaycan problemlərlə üzləşməzdi. Heç vaxt bizdə vətəndaş müharibəsi olmazdı, torpaqlarımız işğal altına düşməzdi. Bizim xoşbəxtliyimiz isə ondan ibarətdir ki, 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ondan sonrakı müstəqillik dövrü sabitlik, tərəqqi və inkişaf dövrüdür”. Dövlət başçısı qeyd edib ki, o ağır illərdə Azərbaycanda aparılan islahatlar, təhlükəsizliyin təmin edilməsi, neft kontraktının imzalanması, dövlətçiliyin möhkəmləndirilməsi, yeni Konstitusiyanın qəbulu ölkəmizin gələcək inkişafını müəyyən edib: "O vaxt ölkəmizin gələcək inkişafı ilə bağlı strateji seçim edilib.

Azərbaycan dövləti müstəqil həyatını qoruyub. Ölkədə azərbaycançılıq məfkurəsi təmin edilib. Azərbaycan öz beynəlxalq əlaqələrini qarşılıqlı hörmət əsasında qurur, dərin iqtisadi-sosial islahatlar həyata keçirilir. Azərbaycan xarici investorlar üçün açıq qapılar siyasəti aparır. Bu strateji seçim özünü doğruldur. Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Bizimlə hesablaşırlar, bizim fikrimiz, rəyimiz nəinki regional müstəvidə, dünya miqyasında böyük önəm daşıyır”.

"Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir”

Prezident gələn ay Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinin qeyd olunacağını bildirib: "Bu 25 ilin 23 ili inkişaf, tərəqqi və dirçəliş illəri olub. 1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik əldə etmişdi və ilk iki il xalqımız üçün, dövlətimiz üçün çox ağır, faciəvi illər olub. O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı. Azərbaycan xalqı cəmi bir il AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və dünən keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir”.

İsmayıl